* * *

Hər gün verilməmiş bir salamım var,
hər gün gördüklərim gözümdən çıxar.
Mənim bu dünyadan bir alasım var,
bir də bir adam var sözümdən çıxar.

Dillər var adımı təzə saxlayıb,
gözlər var üstümdə nəzər saxlayıb,
Bir qəlbi sınıq qız nəzir saxlayıb,
onun da həsrəti dözümdən çıxar.

Dedilər yol getsən yorulmaq qalar,
…Elə oturub da qocalmaq olar.
Dəli arzularnan bacarmaq olar,
İlahi, sən məni özümdən çıxart.

HƏLƏ Kİ BİR QIZA ÜRƏK DAŞIYAM

Duzlu sevgilərdən dodağım cadar,
mən sənin üstünə susamış gəldim.
Eşqim sinədaşı, özüm başdaşı,
hələ əlimə də daş alıb gəldim…

Başdaşın olaram,
ünvan daşıyam.
Ölərəm, baş daşın kəfənə gedər…
Hələ ki bir qıza ürək daşıyam,
gücüm bir qəlbi daş etməyə yetər…

Mən sənin əlindən öləcəm axır,
o «qız ürəy»ində dəfn eyləyərsən.
Mən sənin əlində öləcəm, axı,
sən Allahın, məni əfv eyləyərsən.

MƏN HƏLƏ BİR CAVAN BULUD YAŞDAYAM

yeri qanlı-qanlı döydü yağışlar,
keçib damarımda axdılar mənim.
dəli arzularım döndü yağışa,
qayıdıb üstümə yağdılar mənim.

şimşək var—buludlar davaya düşdü.
damcılar oynadı havaya düşdüm.
mən eşqin əlinə havayı düşdüm,
onunçün yandırıb-yaxdılar məni.

mən hələ bir cavan bulud yaşdayam,
yağış olmadım ki, yağıb yaşayam.
bir göz var istədim baxıb yaşayam,
qoydular üz-üzə baxtınan – məni…

1995

* * *

səni varlığıma ac qoyacağam,
indi xatirəmi yavanlıq eylə.
yanında mən boyda yer boş qalacaq,
bir az da kölgənlə yoldaşlıq eylə.

mən də yoxluğunla qatdım başımı,
bir dodaq çatladı, bir üz üşüdü.
bax elə beləcə…
bu cadar dodaq,
daha o gül kimi yanaqdan düşdü.

…şər vaxtı bu qədər güzgüyə baxma,
məni güzgüdənmi yola salmısan?
səni dar ağacı bilib gələni,
sarı yarpaq kimi yerə salmısan…

***

(nəvəgörmə yaşına çatmış Z. üçün)

bir «kor olmuş» yoxdu çəkə yolunu,
bəs kimə yol çəkir naçar gözlərin?
hey çarpaz görürəm qoşa qolunu,
uşaq ürəyin var, qoca gözlərin…

sevişən görəndə çiçək açırsan,
yaşbilməz arzun var, arzun çin olsun.
Tanrı eşidəndi-
gün o gün olsun,
sənin də əllərin bir əl tanısın.

…ünvansız bir həsrət sıxar qəlbini,
gözünə düşən yol gözündən düşməz.
Tanrım, sən bu qızın çıxart qəlbini,
bəlkə bir bəndən də dözümdən düşə.

BAKI