Ürəyi bərk-bərk döyünürdü. Bayaqdan bəri azı yüz kərə yaxınlaşdığı aynanın qarşısına bir də keçdi. Darağı götürüb yenidən saçlarını daradı. Yenidən ətirləndi. Aynadan ona boylanan uzun şabalıdı saçlı, şabalıdı gözlü qıza bir də baxdı. Gülümsündü. Aynaya, darağa, ətirə nəzər salıb ətli dodaqlarını büzdü: “Nədi, bezdiniz, sevinin ki, sizə toxunan mənəm” – deyərək yerində fırlandı. Əyninə kip oturan bəyaz rəngli donu mürgüdən ayılırmış kimi “gərnəşdi”…
Gözəl idi, şirin idi, cazibədar idi. Amma bu gözəlliyi, cazibədarlığı hamı görə bilməzdi. Görmək üçün əvvəl onun gözlərinə, sonra isə ürəyinə baxmaq lazım idi. Bax, onda bu gözəllik qəlbləri ovsunlayır, zövqləri oxşayırdı.
Özü yaxşı bilirdi bütün bunları. Özü-özünü tanıyırdı. Elə ona görə də darıxanda, əsəbi olanda, hətta sevinəndə aynanın qabağına yaxınlaşır, gözlərindən ürəyinə boylanırdı.
Xoşbəxt idi. Soruşsaydılar ki, bu xoşbəxtliyin səbəbi nədir, bilməz, sadəcə gülümsünərdi. Amma onun xoşbəxtliyini də hər kəs görməzdi. Xoşbəxtliyini də gözlərinin dərinliyində gizlədər, təkcə özü boylanardı sevincinə.
Gündüzü sevmirdi. Onunçün dünya gecədən, Aydan, ulduzlardan, küləyin səsindən, yarpaqların xışıltısından, gecə quşlarının nəğmələrindən, ürəyinin döyüntüsündən və… və şirin, ehtiraslı bir səsdən ibarət idi.
Gecəni həsrətlə gözləyirdi. Hətta, bəzən Günəşə yalvarırdı ki, “nə olar get!”
O xoşbəxt gecələrdə telefon dəstəyindən süzülən şirin pıçıltılar, ruhunun qidası, yaşamı idi. O səsi eşidəndə gözlərinə sevinc, bədəninə hərarət gəlirdi. Hərdən ona elə gəlirdi ki, qanadları var, istəsə səmaya uçar, göylərdə pərvaz edər.
Gecənin pıçıltıları səhər azan çəkilənə qədər davam edərdi. Bu səsə hər ikisi eyvana çıxar, Allahın evindən gələn o müqəddəs sədanı birgə dinləyərdi. Onlara elə gəlirdi ki, o səs hər ikisinin ürəyinin səsidir. Və onların qəlbinin səsini bütün şəhər dinləyir.
…Yenə də aynanın qarşısına keçdi. Gözlərinə, gözlərindən də özünə boylandı. Sevdi özünü. Sevindi özündə. Ürəyi döyündü. Ürəyinə döndü və onu şirin, nağıllı bir dünyaya aparan ürəyini yenidən sevdi…
Saat 23:45-i göstərirdi. Görüş vədəsinə 15 dəqiqə qalırdı. Dünəndən qərara gəlmişdilər ki, saat 00:00 da görüşsünlər. Onlara elə gəlirdi ki, bu saatda dünya bircə anlıq susacaq, uyuyacaq və onlar həmin bircə anı özlərininki edəcəklər. Şərtləşdikləri kimi telefonları və işığı söndürməli idilər. Qaranlqda görüşəcək, elə qaranlıqda da ayrılacaqdılar. Hər ikisi bunun çox çətin olacağını bilsələr də, sözlərinə əməl edəcəklərinə əmin idi.
Saat 23:58-i göstərəndə əlləri əsə-əsə otağın işığını söndürdü. Onun işığı söndürməyi ilə qapının döyülməyi bir oldu. Bir müddət yerindən tərpənə bilmədi. Ürəyinin döyüntüsü ilə qapının səsini səhv salmışdı. Qapıya tərəf getdi və əlini cəftəyə atdı. Lakin, açmağa cürət etmədi. Qapı yenidən döyüləndə qeyri-ixtiyari cəftəni burdu…
Qaranlıq idi. Qapının kandarında donub qalmışdılar. Danışmasalar da ürəklərinin döyüntüsünü hər ikisi eşidirdi.
– Salam! – Rüfət pıçıldadı.
– Salam!
– Bəs evə ötürmürsən?
– Həə, bağışla, keç içəri.
– Keçim ey, amma qaranlıqdı axı, ha tərəfə keçim?
Hər ikisi gülümsündü. Bu təbəssümü gözlər görməsə də ürəklər duydu. Rüfət bayaqdan bəri açıq qalmış qapını örtdü və Günaya tərəf döndü. Yavaş-yavaş Günayın kölgəsi hiss olunurdu…
***
İkisi də xoşbəxt idi. Telefonun dəstəyinden Rüfətin səsi eşidildi:
– Günay!
– Haycan!
– İlk tanışlığımız yadındadı?
– Yadımdadı!
– Deyəsən yuxun gəlir?
– Yoox, niyə ki?
– Səsindən hiss elədim.
– Necə ki?
– Nə bilim, amma sənə deyim, yuxulu olanda səsin elə şirin, elə ehtiraslı çıxır ki, adamın ürəyini lap yerindən oynadır.
– Rüfət!
– Haycaan!
– Demək istəyirsən ki, oyaq olanda şirin deyil hə səsim?
– Ay dəli, bilirsənmi səsin məni elə ovsunlayıb ki, bütün günü işdə də səsini eşidirəm. Təsəvvür edə bilmirəm ki, sənin səsin olmasaydı nə edərdim.
– Rüfət!
– Haycaaaaan!
– Rüfət, “haycan”ın da boyu əməllicə uzanıb. Ömrüm, niyə ilk tanışlığımız yadına düşdü?
– Nə bilim, niyəsə həmin gün yadıma düşəndə gülməyim gəlir. Dedim: “Xanım qız, bağışlayın, sizin nömrəniz məndə var, amma bilmirəm kimsiniz?” Dedin: “Siz kimsiniz ki?” Dedim: “Mən Rüfətəm!” Bir minnətlə cavab verdin ki: “Nə olsun Rüfətsən, sözünü de!” Onda elə pərt oldum… Amma doğrudan da nömrən telefonumda var idi. Ona görə zəng elədim…
Günay Rüfətin sözünü kəsdi:
– Hə, sən də zəng elədin, əyər kişi səsi eşitsəydin telefonu qapadacaqdın, hə? Qız səsi eşidən kimi qərara gəldin ki, tanış olasan.
– Hə də, sən qızcığaz da tezcə tanış oldun.
Dəstəyin o başından Günayın cingiltili qışqırığı eşidildi:
– Pis, nə vaxt tanış oldum? Sən söhbəti elə başladın ki, özüm də çaşdım. Elə bildim qohumumsan…
Rüfət bir az yumşaq səslə dilləndi:
– Yaxşı daa, zarafat edirəm. Amma gördün də, tanış olmaqda necə mahirəm?
– Yaxşı, özünü öymə, bilirəm o sənin peşəndi!
– Gülüm, səsin məni elə ovsunlamışdı ki, səni tanımaq üçün lap ilanı da yuvasından çıxarardım. Yadında, onda mənə sual verdin: “Sən haradasan?” Dedim: “Bakıda!” Dedin: “Hə, aramızda 365 km məsafə var” onda təxmin elədim ki, Gəncədəsən. Çox sevindim, sevindim ki, sən də gəncəlisən.
Günay tələsik onun sözünü kəsdi:
– Mən gəncəli döyüləm!
– Di yaxşı, gəncəli döyülsən! – Rüfət də “deyilsən”i eynən Günayın ləhcəsi ilə dedi. – Onda bilmirdim axı gəncəli deyilsən. Bir də ki, nə fərqi var, Gəncədə yaşayırsan. Günay, yadındadı səhərisi sənə zəng vurdum dedim: “Olar, sənə sabah da zəng edim,” elə kobud şəkildə dedin ki: “Sən mənimçün maraqlı deyilsən!” Ələsgər demiş “sındı qol-qanadım yanıma düşdü”…
– Neynəməliydim, deməliydim ki, hə elə, ölürəm zəngin üçün?
Rüfətin gülüşü eşidildi:
– Aha, deməli ölürdün zəngim üçün?
– Yox eee, – Günayın səsi titrədi, – sözgəlişi deyirəm. Birdə ki, mən də səni tanımaq istəyirdim axı…
– İndi tanıyırsan?
– Necə ki? Hə, tanıyıram!
– Sən ki məni görməmisən, bilmirsən keçələm, ya koram.
– Sən də məni görməmisən. Bəlkə, elə mən koram, ya keçələm?
– Keçəl olsan əladı da, gündə salonlarda qalmazsan.
– Yaxşı daaa, Rüfət!
– Neyniyim ey, qabağıma elə şərtlər qoydun ilk gündən: şəkil istəmə! Həmin gündən telefonun MMSi bağlı qaldi. Netde yalnız yazışaq! Kompüterin kamerasi məndən küsdü. Sen evinizə gələndə söz ver ki, biz tərəflərə gəlməyəcən! Dedim o da baş üstə! Nə edim ey “Ağa deyir sür dərəyə sürməliyəm! Qorxumdan sizin tərəflərə ayağımı da basmadım.
– Yalançı! Ona görəmi ünvanımı məndən yaxşı bilirsən?
– Gülüm, dinlə, mənə sənin xarici görünüşün önəmli deyil. Mən sənin ürəyini görürəm. Amma bir həqiqəti də deyim ki, daha dözmürəm. Səni görmək istəyirəm. Zarafat deyil, altı aydır tanışıq, bir birimizi görməmişik. Günaaaay!!!
– Haycaaan!!!
– Sənin də “haycan”ın böyüyür ee, gülüm! Noolar, gəl görüşək, axı səni görmək istəyirəm.
Əslində Günay da Rüfəti görmək istəyirdi. Amma qorxurdu. Qorxurdu ki, xəyallarında, arzularında gördüyü, səsini eşitdiyi, duyduğu Rüfəti reallıqda duya bilməsin. Hər dəfə Rüfət görüşmək istəyini bildirəndə bir bəhanə ilə söhbəti dəyişirdi.
Hər ikisi gecəni çox sevirdi. Hər ikisinin musiqi zövqü, həyata baxışları, intellekti üst-üstə düşürdü. Bu gecə həyatının, virtual görüşün reallığa çevrilən zaman öz mənasını itirəcəyindən qorxurdu Günay.
– Rüfət!
– Haycaaaaaan!
– Ağlıma bir fikir gəldi.
– Söylə.
– Ürəyim, səni görmək, səsini yanımda eşitmək istəyirəm. Amma qorxuram. İnanırsan, bütün bunlardan qorxuram.
– Aman Allah! Ay qız, mən səni yeməyəcəm. Söz verirəm. Hərçəndi, adam yeyənəm, amma səninlə görüşəndə başqasını yeyib, doyandan sonra gələcəm.
– Yaxşı, zarafatsız deyirəm. Eh, gəl qışda görüşək.
– Nədi, fikirləşirsən ki, mən ayıyam, qışda yuxuda olacam, səni yeməyəcəm?..
– Ey Rüfət!
– Gülüm, başa düş, mən səni görmək, əllərindən tutmaq, ürəyinin səsini eşitmək, saçlarını sığallamaq istəyirəm.
Günay ürəyində dedi: “Eh, Rüfət bütün bunları mən də istəyirəm. Sənin səsini hər dəfə eşidəndə ürəyim yerindən atlanır. İstəyirəm məni bağrına basasan, oxşayasan, öpəsən, səni duymaq, sənin olmaq istəyirəm, Rüfət!”. Amma bütün bunları dilinə gətirə bilmirdi. Hərdən fikirləşirdi ki, keşkə Rüfətlə həyatda tanış olub, sonra telefonla danışaydı. Bəlkə, onda daha asan olardı. Aylardır həsrətini çəkdiyi, öyrəşdiyi, darıxdığı, çox istədiyi, aman Allah! Özünə belə etiraf etməkdən çəkindiyi, özünə belə demək istəmədiyi bir həqiqət – sevdiyi, bəli, sevdiyi Rüfətin gözlərinə baxmaq onunçün çox çətin idi. O, qorxurdu. Qorxurdu ki, Rüfətin gözlərində başqasını görər. O, qorxurdu ki, gözlədiyi istiliyi, hərarəti, sevgini Rüfətdə tapa bilməz. Pıçıldadı:
– Rüfət!
– Haycaaaaan!
– Rüfət, görüşək. Amma gecə. Razısan?
– Günay, nə fərqi var, təki səni görüm.
– Yox eee, qaranlıqda. İstəmirəm məni görəsən. Mən də səni görməyim.
– Gözlərimizi bağlayaq?
– Hə! Ya gözlərimizi bağlayaq, ya da qaranlq bir yerdə görüşək.
– Maraqlıdır. Bəs necə görüşək?
– Bilirsən, qaranlıqda görüşək. Bir sən ol, bir də mən. Səsimizi eşidək…
Rüfət onun sözünü kəsdi və:
– Maraqlıdır. Səsimizi eşidək, ürəyimizin döyüntüsünü hiss edək… Ay qız, demirsən, qaranlıqda başqasınnan yapışaram?
– Ey… Rüfət, razısan?
– Razıyam, gülüm, razıyam. Sən necə istəsən. Təki yanımda olasan. Onda vaxtı de.
– Yaxşı da, Rüfət, hələ indi danışdıq ki, vədələşmək də qalsın gələn dəfəyə.
– Noolar, heç olmasa gec olmasın, noolar, gülüm.
– Yaxşı, deyəcəm həvədə.
– Nəəəə?
– Deyəcəm də vaxtı.
– Yox elə bil nəsə başqa söz dedin.
– Ehh, dedim deyəcəm həvədə.
– Həvədə nədi?
– Yəni ki, nə vaxt.
– Oy sənin ləhcənin qadasın alım. Ay kəndçi, səbirsizliklə gözləyəcəm…
Sübh azanını birgə dinlədilər. Sağollaşdılar. Hər ikisi yatağına uzandı. Hər ikisi şirin, həm də həyəcan dolu xəyalların qoynunda çırpındı. Amma həmişəkindən fərqli olaraq xəyal onları ovsunlaya, yuxuya apara bilmədi. Qərara gəlmişdilər. Görüşməli idilər. Qorxurdular. Bu görüşdən hər ikisi qorxurdu. Altı aydır tapdıqları dostu, həmdəmi, sirdaşı, səmimiyyəti, sevgini itirə biləcəklərindən qorxurdular.
Görüş söhbətini saldığına Rüfət peşman olmuşdu. Keşkə Günay yenə də razılaşmayaydı. Belə fikirləşirdi… Amma yox, axı o, Günayı görmək, ona daha yaxın olmaq istəyirdi.
Hər ikisi gec yatdı həmin gün. Oyananda hər ikisi günün bitməsini, gecənin gəlməsini səbirsizliklə gözlədi
***
Rüfətin əlləri Günayın saçlarında dolaşdıqca o, ürəyində bir istilik hiss edirdi. Rüfət onun yanında idi. O, Rüfətin səsini eşidir, nəfəsini duyur, sevdiyi insanın təmasını hiss edirdi. ilk dəfə yaşadığı bu məhrəm hisslər onu həmişə arzuladğı bir dünyaya aparmışdı. O dünyanın sakinləri yalnız mələklər idi. Sevginin qanadlarıyla uçan mələklər. Elə onun özü də qanadlı bir mələk idi. Göylərdə pərvaz etdikcə yaşamaq, yenə də yaşamaq istəyirdi.
Unutmuşdu hər şeyi. Ürəyinin pıçıltılarını eşidirdi: “Sən dünyanın ən alisisən. Doğulan gündən səni gəzmişəm. Bir gün bu dünyadan əlimi üzsəm, içimdə sən boyda bir dünya aparacağam əbədiyyətə. Səni bir anın içində sevdim. Elə bircə anda əmin oldum ki, illərdir yolunu gözlədiyim, yuxularda gördüyüm, səsini eşitdiyim, duyduğum o kəs, məhz, sənsən. Gözləyirdim səni. Gecələrimdən nicat umurdum ki, səhəri gətirsin, səhərimə yalvarırdım ki, gecənin qoynuna dolsun. Sənin gəlişin mənimçün Ayla Günəşin, ağla qaranın, yaxşıyla pisin üz-üzə gələcəyi qədər çətin olsa da, içimdəki inam o çətinliyi hər an dəf etməyə hazır idi. Nəhayət, Sən gəldin!”
Günaya elə gəlirdi ki, Rüfət onun qəlbinin pıçıltılarını dinləyir. Elə eynən həmin pıçıltıları Rüfət də Günaya söyləyir…
Titrəyirdi. Bapbalaca quşcuğaz hərarətə sığınanda necə tir-tir əsirdisə Günay da Rüfətin ağuşunda eləcə əsirdi. Saçlarına toxunan hənir üzünə, dodaqlarına, boğazına dəydikcə ayaqları sustalır, ürəyi daha da şiddətlə döyünürdü. Telefonun dəstəyindən gələn pıçıltını belə yaxından eşitdiyinə inanmasa da, o pıçıltıya sığınır, bütün varlığını o hənirə təslim edirdi.
Rüfətin qupquru, ipisti dodaqları dodaqlarına toxunduqca hələ indiyəcən duymadığı bir gizilti, bir istilik bütün bədəninə yayılırdı. Bu istiliyə dözə bilməyəcəyindən ehtiyat etsə də, dodaqlarını yavaş-yavaş qupquru dodaqlara yaxınlaşdırır, lakin bu səadətin bitəcəyindən qorxaraq geri çəkirdi.
Hər ikisi bəxtəvər idi. Hər ikisi iki canda bir qəlbin döyüntüsünü eşidirdi. Aylardır həsrətində olduğu bütün yanında olmasına inanmayan Rüfət ona çox ehtiyatla yanaşır, dodaqlarını o bütün saçlarına, yanaqlarına, dodaqlarına, toxundurur, içindəki atəşdən qorxaraq geri çəkilirdi. Cənnətdəki bəmbəyaz almaya toxunmaqdan qorxan Adəm kimi qorxur, lakin, içində ona toxunmaq arzusunun böyüklüyü altında qıvrılırdı. O, bir həqiqətə əmin idi ki, xoşbəxt olmaq üçün Tanrının bəndələrə bəxş elədiyi ən böyük nemət sevgidir. Sevgi varsa fani cisim adiləşir. Bax, o Günayı görmür. Günayın gözlərinin rəngi, dodaqları, saçları… o bütün bunları hiss edir, yaşayır və özünü dünyanın ən xoşbəxt bəndəsi sanır.
Rüfət yenidən barmaqlarını Günayın saçlarına toxundurdu. Sanki, güclü bir cazibə onun əllərini aşağıya doğru çəkirdi. O, yavaş-yavaş qarşısındakı bütün müqəddəsliyində özü də bütə çevrilirdi. Günayın sinəsi, yupyumuru bir cüt sinə qabarı, mütənasib vücudu, əynindəki kip donuna sığışmırdı. Rüfət də bunu duyurdu. Elə duyduğu üçün də bircə anda bu əsrarəngiz gözəlliyi xilas etmək istəyirdi. Və elə titrək əllərinin köməkliyi ilə bütü qəfəsdən azad elədi….
Artıq xoşbəxtliyin göylərində pərvaz edən Günay özü də o kip geyimdən qurtulduğuna sevindi sanki… Rüfətin əlləri onun bədənində gəzindikcə içindəki giziltilərin çoxaldığını, ürəyinin harasa tələsərək onu da tələsdirdiyini hiss edirdi.
Birazdan Rüfətin öpüşləri Günayın döşəməyə səpələnmiş saçlarında, qupquru, sopsoyuq dodaqlarında, açıq sinəsində dolanırdı. Bu öpüşlər daha heç yana tələsmirdi.
Azan səsinə hər ikisi diksindi. Telefonda olduğu kimi hər ikisi o səsin sehrinə düşdü. Deməli, ayrılmalı idilər. Birazdan onları ayıran səhər açılacaqdı…
***
Son zamanlar telefon danışıqları gecə görüşləri ilə əvəz olunmuşdu. Həyat yenə də onlar üçün gecədən, pıçıltılardan ibarət idi. Yenə də xoşbəxt idilər. Yenə də azan səsini birgə dinləyəndən sonra ayrılır, gecəni gözləyirdilər…
***
…Günəşin al şəfəqləri gözünə düşdükcə bir əli ilə gözlərini örtməyə çalışır, o biri əli ilə yuxusunun ətəyindən bərk-bərk yapışırdı. Yox, deyəsən şipşirin yuxusu onu tərk etmək üçün elə özü bəhanə gəzirdi. Yerində qurcalandı. Gözlərini ovxalayaraq balışa səpələnmiş saçlarını yığıb sağ döşünün üstündə sahmanladı. Elə bilki, çarpayısı balacalanmışdı. Fikirləşdi “bu nədir, nə yaman narahatam, eh yerim daralıb deyəsən”. İstəməsə də gözlərini açıb yan-yörəsinə boylandı. Çarpayısının bir tərəfini zəbt edən qara, arıq, çilimsiz, həm də ona yadlardan yad olan kişini görəndə özünü itirdi. Yaşadığı sevgi dolu aylar, pıçıltılı gecələr, yanındakı yad kişinin qara qıvrım saçlarında əriyərək alnında muncuqlandı.
Dönüb onu oyadan Günəşə acı-acı boylandı…