12962488_1518521525123844_528584684_o

Bu torpağın hər qarışı möcüzə,
Zirvədə qış, dərədə yaz yaşayır.
İldırımda ərənlərin qəzəbi,
Çiçəklərin gözündə naz yaşayır.

Çovğun günü xeyirxahın, təmizin,
Ey ümidim, baxışında qız, isin.
Gül tək ömrü dondurmağa xəbisin
Nəfəsində şaxta, ayaz yaşayır.

Gülüm, gördün eşqin dönür nağıla,
Az qalır ki, buxarlanıb soğula.
O gün baş qoy sinəm üstə, yuxula
Orda hisslər oyadan saz yaşayır.

Bütün dünya ürəyimə yerləşir,
Xəzər dalğam dəcəlləşir, kürləşir.
Bir gözümdə Xramla Kür birləşir,
Bir gözümdə qəmli Araz yaşayır.

Ana yurdun qayasıyam, daşıyam,
Buludunun gözlərinin yaşıyam,
Ümidini gələcəyə daşıyan
Ürəyimdə arzu, muraz yaşayır.

Ey Nəsibli, gecə-gündüz söz ovla,
Heç kim deməz ilhamını cilovla.
Səndən əvvəl sən yandığın alovla
Bu dünyada Məmməd Araz yaşayır.

BU DÜNYAYA GƏLƏNDƏN

Bu dünyaya gələndən,
Yol gedirəm ölümə.
Vallah, mənəm dözürəm
Bu dərdə, bu zülümə.

Dərd deməyə adam yox,
Adamlar arasında
Gün-gün, ay-ay ölürəm
Nadanlar arasında.

Yenə haqqın gözünə
Kül ələyə bilmirəm.
Mən özümü özümdə
Dəfn eləyə bilmirəm.

Öz odum yandıracaq
Özümü əzəl-axır.
Bilsəm də ki, haqq sözün
Çörəyi daşdan çıxır.

Haqq söz dar ağacısa
Alsın məni qoynuna,
Ömrümü kəfən kimi
Dolamışam boynuma.

1993