Səni ziyarətə qışda gəlmişdim,
Axır həsrət bitdi,sənə yetişdim.
O soyuq havada suyundan içdim,
Sanki onda gəldim cahana,Təbriz,
Biz sənə övladıq,sən ana,Təbriz.
Çoxdan arzum idi,gələydim sənə,
Sevinci ,kədəri böləydim sənə.
Diz çöküb qarşında,baş əydim sənə,
Gəldim dinə Təbriz,imana,Təbriz.
Biz sənə övladıq,sən ana,Təbriz.
Vaxt az,çox yer keçir bu könlümüzdən,
Məgər doymaq olar “El gölü”müzdən?
O şirin ləhcəli türk dilimizdən,
Doğmalıq duyulur insana, Təbriz,
Biz sənə övladıq,sən ana,Təbriz.
İllər ötüb keçir,ömür yarıda,
Dəfn etdim nisgili,intizarı da.
Ziyarət elədim Şəhriyarı da,
O an bərabərdir zamana,Təbriz,
Biz sənə övladıq,sən ana,Təbriz.
Hansı bəlalarla rastlaşmamısan?
Dərdə əyilməyib ,yaslaşmamısan.
Kökündən ayrılıb farslaşmamısan,
Əhsən milli ruha,bu qana, Təbriz,
Biz sənə övladıq,sən ana,Təbriz.
“ Gülüstan bağı”san, “ Ərk qalası”san,
Hər zülmə sınmazsan,bərk qalasısan,
Elə türk olmusan,türk qalasısan,
Sorağın yayılıb hər yana,Təbriz,
Biz sənə övladıq,sən ana, Təbriz.
İstər Qızılüzən,istər Kür olsun,
Xoy, Sərab, Həmədan ya Şəmkir olsun.
Təki Azərbaycan yenə bir olsun,
Səslən Urmiyaya,Zəncana,Təbriz,
Biz sənə övladıq,sən ana, Təbriz.
Sıxmaqçün yadları küncə,birləşək,
Qovuşmaq üçün də öncə birləşək.
Bakı,Meşkin,Maku,Gəncə birləşək,
Bir yolluq son qoyaq hicrana,Təbriz,
Biz sənə övladıq,sən ana,Təbriz.