Qafqaz Əvəzoğlu

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri

Ətəyini çırmalayıb getdi qış,
Düzdə mehin dağda çənin vaxtıdı.
Danaqıran yal-yamacı bürüyüb,
Karlı oğlan, yüz pencənin vaxtıdı.

Gün əridir zirvələrdə sal buzu,
Yal-yamacdan şaqqıldayıb axır su.
El yığışıb yola saldı Novruzu,
Al fidanın, tər qönçənin vaxtıdı.

Silkələnib çöllər açdı qırışın,
Yedik getdi kətəsini çirişin.
Çərtib çıxan quzqulağın, keşnişin,
Kəkoğlunun, mərövcənin vaxtıdı.

Əvəzoğlu, çıx dağlarla görüşə,
Hər tərəfdən ətir saçır bənövşə…
Göy çəməndə yan verməyə bir döşə,
Mütəkkənin, döşəkçənin vaxtıdı!