This image has an empty alt attribute; its file name is necibexanim.jpg

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

Dərdimin yorğanı qalın,
Çək üstümə, üşüyürəm.
Arzularım ayaqyalın,
Daşımaqdan tövşüyürəm.

Xırda-xırda səpələdim,
İçimə haqqın qanını.
Üzümə tutub gedirəm,
Düzüb qoşduğum yalanı.

Fikirlərim qalıb çıplaq,
İçimdə sözüm talanır.
Düşüncələrim od tutur,
Qəlbimdə dözüm talanır.

Ömür sayım yarpaq-yarpaq,
Xəzəl olub can üşüdür.
Ruhum gəzir sınıq-salxaq,
Harayımı kim eşidir.

Qara kağızda ağ yalan,
Vətən, vətən dilək açır.
Haqsızlığa qalxan əllər,
Hər yetənə bələk açır.

15.02.18