CENEVRƏ DÜŞÜNCƏLƏRİ
Təbiət ruhumda ilahi bir sirr,
Sayrışır gözümdə al, yaşıl, sarı.
İnsanı heç zaman doydura bilmir,
Tanrının ilhamla yaratdıqları.
Nə fırca isidir, nə dəftər, qələm,
Ovsuna düşmüşəm, sehrlənmişəm.
İkinci addımı ata bilmirəm,
Elə bil yerimdə möhürlənmişəm
Nə varsa hər şeyi yaradıb Allah,
Şair nə yaratsın, rəssam nə çəksin?
Rəssamın gücü var, gözünə yığsın,
Şairin gücü var, qəlbinə çəksin.
Bu geniş dünyada gözəl yer nə çox,
Hər şeyi yoğurub, yapıb Yaradan.
Özünü dünyanın heç yerində yox,
Sanki bu torpaqda tapıb Yaradan.
Tanrının nə yaxşı vaxtına düşüb,
Nə gözəl yaradıb bu şah əsəri.
Gəlib, bu yerlərin baxtına düşüb,
Allahlıq eləyən Allah əsəri.
Hər bir zərrəsinə zərrəbinlə bax,
Hüsnündə zərrəcə tapılmaz ləkə.
Yerlər gül dənizi, göylər çılçıraq,
Heyrət, ey gözəllik, ey qədim ölkə!
İlhamdı, havadı, nəğmədi, səsdi,
Şeirdi mənim də sərvətim, varım.
Bir şair ömrünə ölüncə bəsdi,
Qəlbimdə Bakıya apardıqlarım.
Cenevrə, 30 sentyabr 2004
GÖZƏLLİK DUYULAN YERDƏ
Çirkin dönüb göyçək olar,
Qanqal dönüb çiçək olar,
İnsan dönüb mələk olar,
Gözəllik duyulan yerdə.
Qış gəlib yaza çevrilər,
Kötüklər saza çevrilər,
Qanlar qıza çevrilər,
Gözəllik duyulan yerdə.
Ümid coşar, həsrət ölər,
Yamanlığa dəvət ölər,
Kin susar, ədavət ölər,
Gözəllik duyulan yerdə.
Könül sevər, göz vurular,
Bulanıq sular durular,
Dünya saflıqdan qurular,
Gözəllik duyulan yerdə.
Əridərik qəzəbləri,
Unudarıq əzabları,
Qazanarıq savablan,
Gözəllik duyulan yerdə.
Nə suç, nə də tamalı olar,
Nə zor, nə də silah olar.
Şair dönüb Allah olar,
Gözəllik duyulan yerdə.
Cenevrə, 1 oktyabr 2004
ÇİÇƏKLİ YER
Hayana boylanıb, hayana baxsan,
Yer çiçək, göy çiçək, təbiət çiçək.
Çiçəkdən doğulur sevən-sevilən,
Qız-oğlan çiçəkdi, məhəbbət – çiçək.
İstisi, işığı, odu çiçəkdi,
Tamı, şirinliyi, dadı çiçəkdi,
Burda həqiqətin adı çiçəkdi,
Çiçək həqiqətdi, həqiqət – çiçək.
Havası çiçəkdi, suyu çiçəkdi,
Bayramı çiçəkdi, toyu çiçəkdi.
Məst ol, qucağında uyu, çiçəkdi,
Təmizlik çiçəkdi, təravət – çiçək.
Yatıram, yuxumda çiçək görürəm,
Qalxıram, duyğumda çiçək görürəm.
Hər tumda, toxumda çiçək görürəm,
Nəzakət çiçəkdi, ləyaqət – çiçək.
İlahi seygi var torpağa, yurda,
Çöllər cilvələnir işıqda, nurda.
Allahın özü də şairdi burda,
Söz bir gülüstandı, şeriyyət – çiçək.
Cenevrə, 1 oktyabr 2004
GÖYLƏRƏ ÇAĞIRIŞ VAR
Yaşıl bir diyardayam,
Qəlbimə qüvvət gəlib.
Çiçəklərdən ruhuma
Axıb, təravət gəlib.
İşıq mənəm, nur mənəm,
Eşqi çaydan gur mənəm.
Dağ kimi məğrur mənəm,
Dizimə taqət gəlib.
Nə yol kəsən yağış var,
Nə qar – boranlı qış var.
Göylərə çağırış var,
Tanrıdan dəvət gəlib.
Cenevrə, 3 oktyabr 2004
XƏBƏRİM YOX ÖZÜMDƏN
Bu rəssam təbiətin rənglər dünyasındayam,
Vurulmuşam torpağın yaşılına, alına.
Öpüş alıb güllərin şeh çilənmiş üzündən,
Dönmüşəm pətəyinə, cevrilmişəm balına.
Düşünən yaradası, yoğuran yapasıdı,
Burda vaxt itirən kəs gözəllik tapasıdı.
Oğlanlar dəstə-dəstə, qızlar gül topasıdı,
Hər çiçəkdən zər qonub yanaqların xalına.
Xəbərim yox özümdən, ruhumdan, yaddaşımdan,
Nə canımdan xəbər var, nə çatılan qaşımdan.
Ağıllılar gülməsin, ağlım çıxıb başımdan,
Gəlin, indi siz baxın Zəlimxanın halına!
Cenevrə, 4 oktyabr