* * *

Şeir yazmaq tutub məni.
Ağlımı itirmişəm
şeir yazmaq arzusundan.
Dilimə gələn sözlərin quluyam,
ürəyimdə qalanların dəlisi.
Şeirə söykənib
baxmaq istəyirəm
dünya dediyimiz şeyə,
dünyadan
şeir arxasında gizləndiyim kimi…
Hər itkim bir şeirə dönüb,
hər sözümlə
ömrümdə nəsə sönüb.
Nə irəli getmək istəyirəm, nə geri.
Nə sola, nə sağa.
Dünya bəhanəymiş şeir yazmağa.

* * *

Mən ölən gün
bir külək əsəcək küçələrdə.
Və yellədəcək
ipdən asılı, quruyan
sarı çiçəkli bir uşaq paltarını.
Matəm bayrağıtək dalğalanacaq
uşaq paltarı
mən ölən gün…

* * *

Bacarsaydım qurudardım,
Dünyanın dənizlərini,
Xəzər yudu bu gün, gülüm,
Sahildəki izlərini.
O balaca ləpirləri
Çoxmu gördü dünya mənə,
Gözmü dəydi izlərinə?
Yerə vurdun sözlərimi,
Dindi yerim sarı simi…
Eşitmişəm yol üstəsən,
Yaz, göndərim gözlərimi,
Harda ağlamaq istəsən…

* * *

İndi gileydən-güzardan,
Baş alıb qaçmaq vaxtıdır.
Qapıları döyülməmiş,
Taybatay açmaq vaxtıdır.

İndi hər səsdən, hər küydən
Sükuta dönmək vaxtıdır.
Millət, dövlət zirvəsindən
İnsana enmək vaxtıdır.

İndi nə dua, nə qarğış,
Nə nəzir demək vaxtıdır.
Dünya susmalıdır artıq,
Allaha kömək vaxtıdır.

Saat neçədir, qumru…

Saat neçədir, qumru,
Sən qonduğun budaqda?
Vaxt iz qoya bilməyir
Bu bağda, bu otaqda…

Yorğunluq tezmi çıxır,
Qumru, candan budaqda?
Bir qulaq as, tar çalır
Yenə kimsə uzaqda…

Eşitdinmi, gördünmü,
Kəsilməyib tar səsi,
Quşların uçan yerdə
Kəsilirmi nəfəsi?

Qumru, bu gün başımdan
Kimsə ağlımı alıb,
Sən qonduğun budaqda
Bayaqdan gözüm qalıb…

1985