GÖYGÖL

Əhməd Cavada

Qucağında bir vaxt bəslədi sizi,
Görmədi sizləri vəfalı Göygöl.
Nişan vermə ona ayı, ulduzu,
Artıq unutmuş o xəyalı Göygöl.
* * *
Əsrlərdən bəri ömrü xar idi.
Zülm əlindən həyatdan bizar idi.
Özü bir yoxluqkən, adı var idi,
Görməmiş ömründə bu halı Göygöl.
* * *
Bu tutduğu işdən olmaz peşiman,
Sən də əbəs yerə olma pərişan,
Müftəxorlar artıq bulamaz imkan,
Yaratdı zəhmətkeş əhali Göygöl.
* * *
Neçə illər bundan qabaqkı çağı,
O solğun bağçam, o viran bağı,
Xatırlamazmısan, ey “böyük dahi”?
Yaşarmı sizinlə səfalı Göygöl.
* * *
Milli təəssübü atıb araya,
Qanlı Göygöl yaratdın füqəraya,
Çürümüş bir qatıq bir daha maya
Dutamaz qılıyor izlıar Göygöl.
* * *
Onun ehtiyacı yox həsbi-hala,
Nifrəti var əski ulduz, hilala.
Sənin kimi bir əfsanə xəyala,
Uyğunlaşsa, yaşar cəfalı Göygöl.
* * *
Cözəlliyi bəlli, məşhuri-cahan,
Qismət olmaz bir də sizlərə inan.
Sizlərə çəkilən o dağa dərman,
Verməyəcək, gəzsən mahalı Göygöl.

1926, yanvar

ŞİKƏSTƏYƏ MƏKTUB

Başına döndüyüm, əziz Şikəstə,
Dinlə məni, halı yaman olmuşam.
Qəlbdən yaralı, könüldən xəstə,
Nanı* zəhər, ruzu† fəğan olmuşam.

Çatandan bəridir on beş yaşıma
Çox bəlalar gəlib qanlı başıma,
Baltalar vurulub ömür daşıma,
Bu eşqin yolunda yaman olmuşam.

Kəsilib qanadım, uça bilmirəm,
Eşq məhbusuyam qaça bilmirəm.
Heç kəsə dərdimi aça bilmirəm,
Böylə halı çox pərişan olmuşam.

Gərçi istər çəkim cövrü cəfa yar,
Mən dilərəm sürsün çoxlu səfa yar,
Qəsd eyləyir mənə o bivəfa yar,
Qəsdinin altında talan olmuşam.

O mələk simalım, şahbaz baxışlım,
O dodağı ballım, ceyran yerişlim,
Həm o siyah‡ tellim, turac gülüşlüm
Yandırıbdır məni, yanan olmuşam.
[1926]

SIZILTILARIM

Möhtərəm və əziz Hüseyn Cavidə

Xastayım, yalnızım ürəyimdə qəm,
Nəyə dəyər həyat, olmasa həmdəm?
Sevgisiz, sevdasız həyatı sevməm,
Gəl çıxalım seyrə, günlər ötüşsün!

Sürmədim bir həyat canlı dünyada,
Şövkətli dünyada,qanlı dünyada,
Şu* xəstə konlümdən qopan fəryada
Bülbüllər dillənsin, güllər ötüşsün!

Həsrətlər yorğunu, şikəstə könlüm,
Ah, şu dərdli könlüm, şu xəstə könlüm,
Görmədi mürüvvət bir kəsdə könlüm,
Mən gülmərəm aylar-illər ötüşsün!

Yer üzü fanidir, uzaq gəzəlim,
Vicdan sədasını əldə edəlim,
Bir qaranlıq küncə həp†çəkiləlim,
İllərcə paslanan dillər ötüşsün!

Əskimişdir‡yaram, artiq sağalmaz,
Sevdayi-naləmi bir könül almaz.
Bu xəstə Vurğunun dərdi azalmaz
Qoy sınıq könlümdə tellər ötüşsün!

1926, 11 iyul

TƏRLANIM

Tərlanım, tərlanım, gözəl tərlanım!
Sənə qurban olsun bu Düşgün canım.
Görünsə gözünə bivəfa xanım,
De ki, Vurğun gədalara dönübdür,

Tərlanım, tərlanım, bir qalx havaya,
Bir yazığın gəlsin mən binəvaya,
Məni əğyara satan o bivəfaya
De ki, Vurğun gədalara dönübdür.

Tərlanım, tərlanım, artıbdı qəmim,
Dəryayi-eşqində qərq oldu gəmim.
Görünsə gözünə xəyal həmdəmim.
De ki, Vurğun gədalara dönübdür.

[1926]

* * *

Bir gün məni lap boğurdu hicran,
Hicran deyə bir səyahət etdim…
Yarəb!.. Nə yazıq olarmış insan,
Boynum bükük ol məkanə getdim;
Baxdım, onu görmədim o yerdə,
Sordum deyən olmadı ki, nerdə?…
Ey vah, o xəyal pərisi nolmuş?
Ömrüm qəmü-həsrət ilə dolmuş…
Röyamı, nədir bu gördüyüm, ah?!
Xülyamı, nədir bu aləm, ey vah!?
Artıq günəşin ziyası sönsün,
Artıq bu diyar məzara dönsün!
Əflakı† ahım dumanı sarsın,
Varlıq sürüşüb zavala varsın!

[1926]