Cavabsız sevgi
Nazını çəkməyə hazırdım hər an
Çünki mənasızdır əzabsız sevgi
Ancaq ki, insanı bir ağac kimi
İçindən çürüdür cavabsız sevgi
Yanımda olsan da, mənə uzaqsan
Hər yandan üstümə həsrət çilənir
Baxışın bənzəyir ölüm hökmünə
Gözündən üzümə nifrət çilənir
Sanmaki, hər işin doğrudur, düzdür
Ömrünü puç edər əyrilər bir gün
Sevgimə gülərək alçaltma məni
Nifrətin sevgiyə çevrilər bir gün
***
Çəkilməyən,dözülməyən,
Dediyiniz o dərd mənəm.
Qova-qova namərd edib
Söydüyünüz o mərd mənəm.
Özümə də bir az yadam.
Bir az suyam,bir az odam.
Həm küləyəm,həm torpağam.
Bildiyiniz o dörd mənəm.
Dostu azdır,düşməni çox
Qarnı acdır,gözləri tox
Kölgəsinə güvəni yox
Yalquzağam,bozqurd mənəm.
Qan qoxuyur çiçəkləri.
Kəfənsizdir şəhidləri.
Kimsəsiz “ruhlar şəhəri”-
Gördüyünüz o yurd mənəm.