Atakişiyeva Leyla Cəmil qızı
2002-ci ildə Rusiyanın Tomsk şəhərində anadan olub.Tomsk şəhər 7 nömrəli orta məktəbdə ibtidai təhsil alıb. Hazırda Sumqayıt şəhər İ. Qayıbov adına 1 nömrəli orta məktəbin 10-cu sinfində, rus bölməsində təhsil alır. Bütün fənnləri yaxşı oxuyur, humanitar fənnləri xüsusilə sevir. Ən böyük arzularından biri psixoloq olmaqdır.
***
Bir gün küçədə rəngli bir şüşə qırığı tapdım. Onu günəşə tutduğumda parıldayır və işıqlar saçırdı. Çox xoşuma gəlmişdi. Onunla divarı cızaraq şəkillər çəkməyə, yazılar yazmağa başladım. Kiçik bir şüşə qırığı diqqətimi necə cəlb etmişdisə heç nəyin fərqində deyildim. Başım necə qarışmışdısa barmaqlarımın kəsildiyindən xəbərim belə olmayıb. Biləyimdən axan qan sanki oyatdı məni. İlk gördüyümdə çox bəyəndiyim parıltılı şüşəni atmaq məcburiyyətində qalacağım ağlıma gəlməzdi, amma atmağa məcbur oldum. Və əmin oldum ki, nəyin isə gözəl olması üçün işıldamasına ehtiyac yox imiş. Və bir yandan üzümüz gülərkən, bir yandan da canımızın yanmağı şərt imiş.
***
Heç sevə bilmədik gündüzləri. Göydəki günəş o qədər aydın olur ki, üzümüzdəki bütün kədəri bəlli edir. Süni obrazalara girməyə məcbur qalırıq. Yəqin buna görə gecəni daha üstün tuturuq. Zülmət qaranlıq içindən ayın işığı düşər otağımıza. Sanki bağlı olduğumuz zindandan zəncirləri qoparıb gün işığına çıxmağa hələ də şansımız olduğundan xəbər verir. Kiçik bir qığılcımın nə yanğınlara səbəb olduğunu unutduğumuzdan, kiçicik işığın da nə mənalar daşıya biləcəyini fərqinə varmirıq. Bəlkə də fərqinə varmadığımız həmin işıq içimizdə dərinlərdə gizlənmiş ümidi oyandırmağa çalışır. Amma biz pərdələri çəkib qaranlığımıza məhkum olmağı üstün tuturuq. Çünki içimizdəki ümidə doğru qaçmağa çalışdıqca məhv oluruq. Və hər səfərində dönüb dolaşıb ən başa gəlib çıxmaqdan tükənirik. Məhz buna görə də içimizdəki ümidə doğru qaçmağa yox, içimizdəki boşluğa sığınmağı seçirik.