Şeir yazmaq eşqə aşiq olmaqdır. Hər hansı insana
vurulmadan belə eşqi tərənnüm etmək özünü aşiq roluna salıb,
Xəyalən həsrətini, ayrılığın cəfasını, qovuşmağın sevincini yaşa‐
maqdır. Şeir yazma ruhun dilə gəlməsidir. Empati qurmaqdır ‐
başqasının dərdini öz dərdin bilmək, ağlayanla ağlamaq, gülənlə
gülməkdir. Bir də şeir olmaq var‐ən təmiz qəlbli adamın ən
sevilən şeiri olmaq.

TƏNHALIQ

Ölümün səssizliyidir Tənhalıq. Duyğuların, nifrətin, sevginin ürəkdəki ən sərbəst halıdı. Yaradılışın çılğınlığı, hay
küyündən əsər qalmayışı, sevgi məhrumiyyətidir. İçinə dəyən
zərbələrin həyata əks sədasıdı. Çəkdiklərimizin, içimizə basdırdığımız acıların gün işığına çıxışıdı. Həyatın bir köşəsində
bir damcı sevinc üçün tutulan göz qamaşdıran işıqlara, qaranlıqda gizlətdiyimiz böyük acılarımızın qıcqanclığıdır. Dörd bir
yanını saran, ancaq özünü tapmadığın insanların arasında qeyb
oluşundu. Ölümlə həyat arasında ki, yeganə bərabərlikdi
tənhalıq…
Bürüyür varlığımı kədər, uzandıqca uzanır, susduqca
susur gecə. Batırır qulağımı gecənin sükutu… Yuxusuzluq gecə
insana verilən ən böyük cəzadır və ya düşünmək üçün ən
böyük fürsət. Düşün… düşün… Min fikir bir dərdə dərman
olurmu əsla. Nə qəribə duyğular yaşayır insan İlahi… Ölüm və
həyat – hər ikisi qorxudur insanı. Həm adam kimi yaşamalısan,
həm ölməlisən adam kimi. Həyat daima insanı məngənədə
saxlayır. Kiçik-kiçik dadımlıq sevincləri, doyumluq kədərləriylə
bitiririk zamanı. Başqasının arzusuyla doğulur, yaşaya bilmədiymiz arzuların acısıyla təslim verib ruhumuzu gömülürük
torpağa.

ƏLLƏRIM OVCUNDAN SÜRÜŞDÜ

Əllərim ovcundan sürüşdü
Tuta bilməzsən daha.
Geri sayım başladı
Yol görünmür sabaha.

Xəyanət damğaladı,
Gözün gözümdən düşdü.
Ey çox sevdiyim adam,
Özüm gözümdən düşdü.

Ehh… nələr qurban getdi,
Nələr nəfsinin badına.
Sən necə qıydın söylə?
Necə, sevdiyin qadına?!

GET YAVAŞ‐YAVAŞ

Buludun gözündən yağış damlayır,
Çilənir yoluna, get, yavaş- yavaş.
Boş qalan ürəyim qubar bağlayır,
Vida et soluma, get, yavaş-yavaş.

Bizi birləşdirən körpüləri yıx,
Uzatma zamanı, qapını ört, çıx.
Az zülm elə sən, yalvarıram çox,

Bu Allah quluna get, yavaş-yavaş.
Verdiyin vədədən, sözündən cayıb,
Deyirsən, qismətdi, bir yazılmayıb.
Alçaltma özünü, eşqindən ayıb,
Gir özgə qoluna, get, yavaş-yavaş.

GECƏ LAYLA ÇALIR MƏNƏ

Xatirələr odlu çıraq,
Yanır qəlbim varaq-varaq,
Sükutuma sığınaraq
Gecə laylay çalır mənə.

Açılıb dünyamın üzü,
Bəllidi əyrisi-düzü,
İstəmirəm heç gündüzü
Gecə laylay çalır mənə.

Ortaq olub kədərimə,
Hey boğulur qəhərimə,
Çatmaq üçün səhərimə
Gecə laylay çalır mənə.

Oyandı yadlaşmış yadım,
Odlandı küllənmiş odum,
Nəqarətdə mənim adım
Gecə laylay çalır mənə.

***
Kağız üşüyər
Üstünə səpilən soyuq sözlərdən.
Nöqtə qoyulduqca
ümid doğar isinməyə.
Səbəb olar günəşin doğuşu,
Ən kədərli insanda
Səbəbsiz gülməyə…

YAŞLI ADAM

Hər səhər pişikləri yemləyən,
yaşlı adam,
Burda tək sən idin,
ağıllı başlı adam.
Hər səhər pəncərəm açılanda,
ilk sənin səsin gəlirdi…
Piş… Piş…piş…
Ya da kış…kış…
Göydələnlər insanları insanlardan ayrır,
bəlkə də insanlıqdan.
Bu qədər yad içində,
Tək sən idin doğma olan
Ötüb keçən günlərimi xatırladan.
Təmiz ürəkli adam,
Hər səni görəndə
Xəyalım uçardı taxta qapılı həyətimizə.
Heç orda qapımız da bağlı qalmırdı
Qonşuların bir açırdı,
biri örtürdü…
Səssiz qalmazdı küçəmiz
Uşaqların qəhqəhəsi,
Həyətlərdən yüksələn
“bayağı”mahnıların səsi.
Bilirdin ki, yaşayırsan.
Ağlasan səsini duyan olacaq,
Kimsə gəlib ayan olacaq.
Burda qapı qonşumu belə tanımıram,
Hərdən, kiməsə salam verirəm,
Kimdənsə Salam alıram.
Bu səhər pəncərəmi acdım
Ac pişiklərin miyoltusu,
Qurulan çadırın xışıltısı vardı.
Bir də hıçqırıb ağlayan uşaq səsi…
Babasına ağlayanYaşlı adamın son beşik nəvəsi.

ÜRƏYİM DƏNİZ DEYİL

Ürəyim dəniz deyil,
Dərdi sahilə vura.
Qocaldır ürəyimi
Dərdlərim yora-yora.

Bəzən məlhəm ürəyə,
Bir narin insan səsi.
Hər vaxt çatır köməyə,
Dostun varam kəlməsi.

Ağıl çəkdiyi fikrin,
Yükün ürəyə salır.
Ürəyi tərk edənin,
İzi ürəkdə qalır.

Ürəyin qidasıdır,
Sevgi, xoş söz, xoş dilək.
Ürəyin tək çarəsi,
Ürəyi sevən ürək.

ŞƏHİDLƏR UNUDULMAZ

Torpaq üstə isti qan,
Tapılar qisas alan!
Gənc ömrü nakam qalan,
Şəhidim unudulmaz,
Şəhidlər unudulmaz.

Səsləndikcə hər adı,
Dinməz ana fəryadı.
Hələ gözü yoldadı,
Şəhidim unudulmaz,
Şəhidlər unudulmaz.

Gözləyin qisas günün,
Mərd oğlu çox bu elin.
Qırar düşmənin belin,
Şəhidim unudulmaz,
Şəhidlər unudulmaz.

Sahibsiz deyil vətən,
Sarsılmaz hər zərbədən.
Vətənə canın verən,
Şəhidim unudulmaz,
Şəhidlər unudulmaz.

ÜRƏYİM BARLI TORPAQ

Ürəyim barlı torpaq,
Bir dərddən min bitirər.
Sevinclə qalxan duam,
Geriyə qəm gətirər.

Kimin toyuğuna kış
Kimə qarğış etmişəm?
Dərdliyə həmdərd olub,
Hər dadına yetmişəm.

Düzünü, Allah bilir,
Bəlkə də günahım var.
Dar günün aydınlığı,
Deyiblər geniş olar.

Günəşdən parça qopub,
Düşəcək bəxtimizə.
Bəlkə hardasa gizli,
Mükafat var səbrimizə.

***

İlahi, sən bilirsən,
Yaşadığım hər nə var
Yük oldu ürəyimə.
Verilən o qədər vəd,
Yetmədi köməyimə.
İçimdə dəli fırtına
Gözlərim qara bulud
İlahi, min arzumdan
Birinin yolunu aç…

HƏYATA YARI YAMAĞAM

Elə tutubdu tərsliyim,
Ağlamağa ərinirəm.
Mən yetimin fağır qızı,
Bəxti yavər görünürəm.

Ruhumda bir yorğunluq var,
Yükü ürəyimi əzib.
Deyingənəm bu aralar,
Öz anam da məndən bezib.

Dua etdim duyulmadı,
Əlim ətəyimə düşdü.
Günahlarım yuyulmadı,
Ölüm gəlib, son görüşdü.

Neçə ildi öyrəşməmiş,
Həyata yarı yamağam.
Hamı ev sahibi gəlmiş,
Bu dünyaya mən qonağam.

***

Başıma nə yaxşı şey gəldisə,
Burnumdan gəldi.
Yaxama yapışdı
pis olan hər kəs,
Gözümü dəldi…
Haqsızlıqlar yordu məni,
Haqq görür dedim, durdum.
-Günahkarsan!
dedikləri hər şeydə dupduruydum.
Ahlarla yandı qəlbim,
İçimdən yıxıldım, içimdən çökdüm.
Allah yazmayan dərdi,
İnsanlar verdi çəkdim.

YUXUDAN DURDU ÇOXU

Yenə elə bu gecə
içimə ağlamışam,
Hıçkırtım öz içimdə,
Göz yaşıma boğulub.

Səsləşib sükutumla,
Gecənin kor sükutu.
Zülmətin qucağına
Yeni bir “mən”doğulub.

Fikirlər tikan kimi
Dəlir-deşir ruhumu,
Çəkilmək bilmir bir an,
Gözümün yorğunluğu.

Səhər Azan səsilə
Gözümə gələn yuxu,
Bu nə vaxtın gəlişi?!
Sən də gecikdin mənə,
Yuxudan durdu çoxu.

***
Saçını yola tökən söyüd ağacı,
Qovuşmayan yolS
onu cığır.
Sevincdən doğan acı
Qanadı qırıq arzular.
Yüklənmiş beyin
Beyindən didərgin ağıl.
Gerçək həyat,
Gerisi nağıl.

QÜRBƏTƏ DAŞ KİMİ DÜŞDÜK

Qürbətə daş kimi düşdük,
Yerimiz çox ağır oldu.
Vətənsiz dilimiz gödək,
Bəxtimiz də fağır oldu.

Vurdular düz sinəmizdən,
Vətənsizlik adlı dağı.
Bir otağa sığışdıq biz,
Yurdu talan etdi yağı.

Balalar qaçqın doğuldu,
Babalar da qaçqın öldü.
Neçə evsiz cavanların,
Eşqi qəlbinə gömüldü.

Hər kim çəkir həsrətini,
Dilində kəlməsi ahdır.
Bu qədər ağrı acıya,
Dözüb-dözüb axırda.
Vətənsiz ölmək günahdır.