Şeir yazarın dünyaya baxışıdır, ürək sözüdür. Mənim
üçün ən yaxın dostdur… Şeir dünyaya gələcək körpə kimidir…
Dünyaya gətirəndən sonra mənəvi rahatlığa qovuşuram. Mən
şair olmaq üçün və ya kütlənin alqışını almaq məqsədilə şeir
yazmamışam heç bir zaman. Şeir yazmaq mənə görə rahatlıq
tapmaq üçün, özümü özümə anlatmaq üçündür…

ÖLMÜŞ RUH

Mən sənsiz ölmüşəm, ölüyəm daha,
Bu boş küçələrdə gəzər bədənim.
Mən fərqli ölüyəm, qəbrim də yoxdur,
Olmaz ziyarətim, gəlib-gedənim.

Baxmayın siz mənə, ölüyəm daha,
Ruhum ürəyimdən imtina edib.
Ruhlar ölməz olur, mənimsə ruhum
Cismimin içində intihar edib…

KÖÇ

Sənsiz yaşlanmağa yoxdur həvəsim,
Daş olub bir küncdə durmağım gəlir.
Köç edib bəxtimdən özgələşərək
Özümü yoxluğa qurmağım gəlir.

Taleyim hardasa dolaşıq düşdü,
Kim vurdu düyünü, aça bilmədim.
Göz rəngim bəxtimlə qarışıq düşdü,
Yol tapıb arzuma çata bilmədim.

Gecələr içimdə var-gəl eyləyən,
Özümlə danışan səs-küyüm imiş.
Şəhərlər dəyişdim, mənim qürbətim
Sənsizlikdə bitən bir düyün imiş.

Dolayı yollarda dolanıb qaldım,
Bir ayrıc olmadı yolumu seçim.
Ömrümdən uzun yol tutub getdiyim
Zamana, ölçüyə sığmadı köçüm.

OLMADIN

Yağışlar qoxuyar həsrətin sənin,
Elə hey döyəclər tənha ömrümə.
Damır bu sevgidən, damır üstümə,
Məni tənhalığa belə bürümə.

Sel olan yoxluğun qərq edər məni,
Bilinməz yerlərə çəkib sürüklər.
Əvvəl sözlərindən soyuyb getdin,
Sükutun uzanıb gedən hörüklər.

Varmı sonsuzluğun sonda bir sonu,
Gözüm yolun çəkdi, gələn olmadın.
Ucsuz-bucaqsız bu çöllər kimi
Sənin də könlümdə sonun olmadı.

ÖGEY BƏNDƏ

Səni vətən bilən kimsəsiszliyim,
Varlığının qürbətində səfildir.
Kimə sahib çıxdın məndən keçərək
Soyuqluğun iqlimimdə qəfildir…

Daha ürəyinə özgə, ögeyəm,
Çəkdin əllərini, gözünü məndən.
Mən yurdsuz olaram, səfil olaram,
Saxlaya bilmərəm özümü səndə…

Daha gözlərin də qürbətdir mənə,
Küt getdin çörəyin kündəsi kimi.
Mən sənsiz yaşadım, sənsiz öləcəm
Tanrının tək ögey bəndəsi kimi…

YENƏ

Yenə bir gözəli çıxar qarşına,
Mənə qıymadığın əlindən tutar.
Toplaram özümü yad gözlərindən,
Bu eşq də başını beləcə qatar.

Nəyim var ki, səndə, nəyim var mənim?
Bir sevgi yükümdür, alıb gedərəm.
Uzağı həsrətin üstümə uçar,
Sən ovut könlüünü, gözdən itərəm.

Bir ayrıc olmadın qarşımda duran,
Mənsizlik yolunu tutub gedirsən.
Bir ayrıc olmadın, yolumu seçim
Bir qızın qəlbinə köçüb gedirsən.

Sən əsir ruhumun inqilabıydın,
Sənsiz nəyə yarar etirazlarım?
Mənim ömrüm keçər sürgünlərində,
Məni də sənimdən böldü Arazım.

O taylı, bu taylı oldu sevgimiz,
Sən təslim eylədin özünü niyə?
Bir qızın hər kəsi oldu itkimiz,
Nəyim qaldı səndə, məndən de, nəyim?

GƏL

Gəl səpil yaxama bir ətir kimi,
Nimdaş sənsizliyi soyunum daha.
Min ildir getmisən, əyni nazikəm,
Gəl ki, nəfəsini geyinim daha.

Sənsiz ev olmadım, yuva olmadım,
Özgə komasına girən sərçəyəm.
Gəl, uçur bu evi, yenidən tikək
Sənsiz uçuq-sökük, tənha küçəyəm.

Yüz ildir əllərim açılıb sənə,
Tanrı görən yeri tapa bilmirəm.
Gəl, birgə axtaraq göyün üstünü,
Allahsız mən sənə çata bilmirəm.

Soluna başqası köçün salarsa,
Mənim bir ovucluq yerimi saxla.
Saçımda ağarsa sənsiz illərim,
Səndən o tərəfi ölümə bağla.

Duamın bu üzü elə qaranlıq
Günəş o üzündən doğurmu, Tanrım?
Mən elə sevmişdim, lap bir Quranlıq
Günahı savabdan çoxdurmu, Tanrım?

GEDƏK

Tut əlimi, çıxaq gedək,
Yalnızlığın o tayına.
Bu kənd, şəhər sevda bilməz,
Fəsil-fəsil qaçaq gedək
Bizsizliyin son ayına…

Sən onda uzaq idin,
Yolumuzu kimsə kəsdi.
Yalan-gerçək sevdaların
Aramıza sədlər çəkdi.

Əllərinin boyu yox ki,
Uzanıb sığal çəkə.
Dünyanın bir ucuna
Əllərimiz qoşa köçə.

Əllərini kimsə dartıb
Saçlarımdan qopardı.
Adını özgə çəkdi
Başqa səmtə apardı.

YOXUNDAN SONRA

Elə öyrətdin ki, gedişlərinə
Cəhənnəm dünya, mən bu üzündədir.
Mən belə sevmədim heç bir adamı,
Tanrı da sevməzdi onu atanı.
Gedənlər diridir, qalanlar ölü,
Sevən gedəniylə ölürmüş, demək.
Solumdan başladı bu sevda mənim,
Yastığım buz kəsmiş göz yaşı gölü.
Mənim ağrılarım sol gözümdədir.
Niyə ürəyimi köçürdüm sənə?
Yuvam olmasan da, yurdum olardın…
Niyə əllərimi açmışdım sənə?
Sən Tanrı deyildin, bilmədim axı,
Bilsəydim, dönərdim, əlsiz qalardım…
Yoxsan, misra-misra ağrıyır yerin,
Doğmandım, gedəndə niyə yadınam?
Ardından şeir-şeir ağlayıb susan,
Sənə “dön” deməyən, küsən qadınam…
Yoxundan o yana qalmadım mən də,
Get, sənə “yaxşı yol”, mənə “əlvida”.
Daha səndən sonra ölü torpağam,
Əvvəlim üç nöqtə, sonum son nida!

ARZULAR… XƏYALLAR…

Arzularım gəlin köçür
Səssiz-səssiz evinizə,
Körpələrin səsi gəlir
Eşidirsən?
Arzuların o tayından
Qarışaraq sevgimizə…
Sən –
Oğlumuza yaz budağın
Necə pöhrə atdığını,
Qış gələndə ağacların
Mışıl-mışıl yatdığını
Şeir kimi danışarkən,
Mən –
Ala gözlü qızımızın
Saçlarını hörürəm…
Gözlərimə baxaraq
Gözlərindən gülürsən…
Dinləyirlər baba nağılı
Oğlumuz da, qızımız da
Diz üstündə oturub,
Əllərində nənə yayıb
Sac üstündə bişirdiyi
Fətirləri dişləyərək…
Gecələri yar başını
Qucaqlayır dizlərim,
Saçlarına düşən dəni
Bircə-bircə əzizləyir
Barmaqlarım, gözlərim…
Sən varsan, mən varam,
Bir dam altda
Ata-analı böyüyür
Komamız da.
Bacasından sevgi çıxır
Əllərimi isitdiyim,
Biz qoxulu sobamızdan…
Xoşbəxtliyi hasarlayıb
Söz-söz sevib böyüdürəm…
Böyüdürəm… Fəqət…
Evimizin hasarını
Yıxır
Taleyimin yazıları…
Ayrı-ayrı dam altında
Böyüdürük –
Gözü yollu arzuları…
Gəlin köçür arzularım
“Ana” deyir eşitməyən,
Varlığımdan xəbərsiz,
Bir qadının şəklinə…

BƏLKƏ

Ağrıdan bütləşirəm
Daş yağır ürəyimə.
Soyundum göz yaşımı,
Ruhumun baş daşına
Keçən mart yağışında.
Özümü əsir etdim
Köksünə qucaq-qucaq.
Köçürəm durnalarla
Sənsizlik göylərimə,
Ölərəm uzaq-uzaq…
Sən isti avqust kimi
Soyuyan ocaq yeri.
Ölümsüz məhəbbətin
Boş qalan qucaq yeri.
Mən indi köksü dolu,
Dilbilməz uşaq kimi.
Nə zaman çatdı səsim?
Sən uzaq qaçaq kimi…
Torpaq da sənin kimi
Ölümü seçdi mənim.
Göylərə verin, ölsəm
Bəlkə Tanrı sevdi məni…

BİRİSİ…

Daşı daş üstünə qoya bilmədin
Əllərim qoynumdan asılı qaldı.
Heç sən də ruhumu duya bilmədin
Yoxluğun alnıma yazılı qaldı.

Sənsizlik saçımla uzanıb getdi
Kəssəm də ucundan çatmadım sənə.
Buluddan yuxarı sevdiyim adam,
Buluddan aşağı baxmadın mənə.

Kötüyü altında külləndi sevdam,
Çəkib siqaretlə öldürdün məni.
Bir azcıq illərə, bir az ellərə
Qıydığın yerlərə böldürdün məni.

Birisi gecələr göz bəbəyində
Mənim gecələrim tavandan düşür.
Araram sevdanı söz bələyində
Görəsən günəşin hayandan düşür.

GƏLMƏSƏN DƏ…

Saçlarımda bir sığalın yeri boş
Əllərimdə bir nəfərlik əl yeri…
Sevdamı da bir kənara soyunub
Gözləyəcəm, gəlməsən də yerin boş.

Gələnməsən, biləcəyəm yetiməm
Sən adında hər kəsimi itirdim.
Ən başından ayrılığı düşünüb
Bilə-bilə öz başıma gətirdim.

Gəlmədin ki, şəhər-şəhər itirim
Sonra səni küçə-küçə axtarım…
Tapım səni, bir özgənin qolunda
Tanış olum, bu da sənin bəxt yarın…

Gəlmədin ki, şairlikdən əl çəkim
Dönüşündən gedişinə sədd çəkim.
Gəlmədin ki, boyun qucum qapında
Biş-düş edim, yaxşı-pis yemək çəkim…