MƏHƏBBƏT
Bu qoca dünyada biztək insana
Ömür verib yaşadandır məhəbbət.
Bu qoca dünyada qıza, oğlana
Əmrin verib aldadandır, məhəbbət.
Can, can deyib çağıran o dillərin,
Şux qaməti qucaqlayan əllərin,
Ətir saçan gözəl-göyçək güllərin,
Təsirindən yaranandır, məhəbbət.
Bəzən sevindirib, bəzən ağladan,
Ürək qapısını üzə bağlayan,
Sevənləri xəyallara daldıran,
Ağılı başdan alandır, məhəbbət.
BİRCƏ SƏN YOXSAN, ƏZİZİM
Gözəl bir qış axşamında,
Oturmuşam otağımda,
Siqaret də damağımda,
Bircə sən yoxsan, əzizim.
Yazan qələm, coşan ilham
Mənimlədir indi, bu an.
Otağı bürüyüb duman,
Bircə sən yoxsan, əzizim.
Bu axşamın qonağıdır
Divardan asılan rəsmin.
Bir də oxunan ağıdır,
Bircə sən yoxsan, əzizim.
Gedişinlə izin qaldı,
Baxışınla gözün qaldı,
Bir də quru sözün qaldı,
Bircə sən yoxsan, əzizim.