GÜL FİDANI
Gül fidanı, bəxtimin gülüsən sən,
Nə tez mehin ətrilə soldun belə?
Hey nazlanıb, ağlayıb, gülürsən sən,
Nəğmələr olub düşdün dildən-dilə.
Gül fidanı, ətirli bir çiçəksən,
Eşq bağımda birdənəsən, sən təksən.
Yağışam, ruhuna qidayam, gülüm,
Bil, həsrətindən döyünən ürəksən,
Gül fidanı, adın kimi gözəlsən,
Gül bir yana, qadın kimi gözəlsən.
Həbibi, hər an şad ol gözəllikdən,
Fidanım, sən də gül kimi gözəlsən.
SƏN MƏNİM ÜÇÜN…
(Mənsur şeir)
Sən mənim üçün tələbəlik illərindən bir xatirə…
Sən mənim üçün saf-səmimi, ülvi məhəbbət…
Sən mənim üçün yazdığım cavabsız mesajlar…
Sən mənim üçün “Gül fidanı…”
Sən mənim üçün qısa metrajlı bir film…
Sən mənim üçün telefon zəngi…
Sən mənim üçün gələcək can yoldaşı…
Sən mənim üçün gələcək iş yoldaşı…
Sən mənim üçün gələcək səfər yoldaşı…
Sən mənim üçün sonda ayrılıq payı…
Sən mənim üçün sonda dərd dağı…
Sən mənim üçün həsrətdən ağlayan göz yaşı…
Sən mənim üçün tufanlı bir dəniz…
Sən mənim üçün ürəyin son nəbzi!