Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
“Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
“Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Nədəndi bu qədər soyuqsan mənə,
Yoxsa eşqimizi kədərmi uddu?
Dedin “hər kəlmənlə dayaqsan mənə”,
Bəlkə sözlərin də sənə yad oldu?!
Bəlkə günahınam, bəlkə suçunam,
Düşmüşəm ömrünün sevgi payına.
Mən həsrət qoxulu vüsal acınam,
Nə zaman çağırsan gəlləm hayına.
Sənli yuxularım şaxtaya düşüb,
Taleyin boranlı yolları kimi.
Bəxtimin əlindən qismət sürüşüb,
Taleyin bəmbəyaz ilqarı kimi.
Payız libasında çiçəkli yazam,
Xəyala dalmışam qış gecəsində.
Eşqinin yolunda qəm dolu nazam,
Qalmışam taleyin bilməcəsində.
Yenə qəm gecəsi, yenə gileylər,
Yenə ümidimə kəmənd atmışam,
Qınama məni də yorub bəlkələr,
Özümlə özümü çox aldatmışam.
Məni hey isladır ümid yağışı,
Qorxuram bu eşqin qış nəfəsindən.
Üstümə zillənən soyuq baxışı,
Bir anda duyuram isti səsindən.
Ərköyün sevginəm, götür ərkimi,
Sevgi dəlisiyəm, inan sən buna.
Sən yalan bir sözə dözməyən kimi,
Mən də ki, dözmürəm söyuqluğuna.