Əhmədli Sabir Məmməd oğlu (d. 10 iyul 1930-cu il – ö. 17 aprel 2009-cu il) — nasir, publisist, 1955-ci ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (199z2), Əməkdar incəsənət xadimi (1984).

Həyatı
Sabir Əhmədli 1930-cu il iyulun 10-da Azərbaycanın Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olmuşdur. 1951-ci ildə ADU-nun filologiya fakultəsini bitirmişdir.

1951-1954-cü illərdə Cəbrayıl rayon mərkəzində müəllim işləmişdi. 1955-1956-cı illərdə Şükürbəyli kəndində orta məktəbin direktoru işləmişdi. “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri (1956-1993), baş redaktor (1993-1996) işləmişdir.

1955-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Sabir Əhmədli Azərbaycan Yazıçılar İttifaqının Mirzə Fətəli Axundov adına ədəbi mükafat komissiyasının sədri seçilmişdir.

Ədəbi fəaliyyətə 1951-ci ildən “Pioner” jurnalında çap olunan “Poçtalyon” hekayəsi ilə başlamışdır. 1961-ci ildə onun “Bir payız axşamı” kitabı çıxmışdı. 1989-cu ildə Azərnəşrdə ikicildlik əsərləri çap edilmişdir.

Qarabağ hadısələrinə həsr etdiyi irihəcmli ədəbi-publisistik məqalələri – “Qarabağın gecikmiş yazı”, “Qarabağın qarlı səngərləri” “Ədəbiyyat və incəsənət” qəzetinin 1992-1993-cü illərdə dərc edilmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.

Sabir Əhmədli 2009-cu il aprelin 17 Bakıda vəfat etmişdir.[1]

İkinci dünya müharibəsi qəhrəmanı Cəmil Əhmədovun qardaşıdır.
Öz oğlu Xəlil Rza Ulutürkün oğlu ilə birgə şəhid olmuşdur.

Mükafatları
“Əmək şöhrətinə görə” medalı ilə təltif edilmişdir (1975).
“Əməkdar incəsənət xadimi” fəxri adı (1984)
“Qızıl sünbül” ədəbi mükafatı laureatı (1991).
“Azərbaycanın Xalq yazıçısı” fəxri adı (1992)
“Xalqlar Dostluğu” ordeni.
“Qırmızı Əmək Bayrağı” ordeni.
Əsərləri
“Aran” ikihissəli roman (1962),
“Pillələr” (1964),
“Yamacda nişanə” (1973),
“Toğana” (1981),
“Yasamal gölündə qayıqlar” (1984),
“Mavi günbəz” povestlər (1984),
“Gedənlərin qayıtmağı, dünyanın arşını” (1985),
“Yasaq edilmiş oyun, Gülməli kişinin axırı” (1988)
“Kütlə” (1999),
“Axirət sevdası” (2003),
“Şəhid ruhu” (2004) və s. kitabların müəllifidir.
Filmoqrafiya
Evlənmək istəyirəm (film, 1983)