Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü
* * *
Dahi şair İmadəddin Nəsimiyə həsr olunur
Qeyb olub ruhum öləndən, dərbədərdir ta məkan…
Ya mənim üçün günah bir tövbəlikdir, ya məkan.
Mən «Ənəlhəqq» kəlməsilə eh, demirdim Allaham,
Zahidin bu fitnəsindən «be» car oldu, «ra» məkan…
Hər tinin başında bir dərviş durub insansayaq,
Çox yorursan sən bu canı, çün uzaqdır ha, məkan.
Düz min ildi kölgəmin əynində bir surət gəzir,
Sən mənim dünya evimsən, ya məzarım, a məkan?
…Hikməti, sən çox nahaq, ey gül, Nəsimi sanmadın,
Çün o da bir laməkandı, laməkandı, laməkan.
Adəm dərd taxtası imiş…
O dünya sirdi, bilinməz,
bu dünya, vallah, dəbərir.
başımın altında torpaq,
üstündə Allah dəbərir.
Şeytan hər tində tor qurub,
Ovçular bərədən çıxır…
Hamının yolu bir deyil,
Hamı bir dərədən çıxır…
Ruh ilmə, mələk butasa,
Adəm dərd taxtası imiş…
…Hərdən adama həzz verir,
Həyat, nərd taxtası imiş…
Olumdan ölümə yol çox,
Kəfən də ağ bir fatadı…
Həvvaya oxşama, nazlım,
Günahdan gen dur, xatadı…