BAĞIŞLA
Dedim: – Bu dünyada həmdəmim ol, gəl,
Mənim öz sevincim, öz qəmim ol, gəl,
Bir səsəm, həm zilim, həm bəmim ol, gəl,
Bilmədim, xətrinə dəydim, bağışla.
Küsmə ətəyindən gəl tök daşını,
Səpməyib arxanca mən göz yaşımı.
Heç vaxt əyilməyən məğrur başımı.
Mən sənin önündə əydim, bağışla,
Bilmədim, xətrinə dəydim, bağışla.
Mən sənin möhtacın, mən sənin xəstən,
İnsaf et, yerimi sal sinən üstdən.
Eşqindən, sevgindən öylə sərməstəm,
O gün də sərxoşdum, nəydim, bağışla,
Bilmədim, xətrinə dəydim, bağışla.
Elə ki, səsləndi dilində adım,
Çıxdı öz yadımdan yaddaşım, yadım.
Sevgindən bu yerə, göyə sığmadım.
Dünyanı əynimə geydim, bağışla,
Bilmədim, xətrinə dəydim, bağışla.
Əhdini öz əhdim, ilqarım bilib,
Səni öz sevgilim, öz yarım bilib.
Özümü mən sənin Eldarın bilib,
Bir qədər yanında öydüm, bağışla,
Bilmədim, xətrinə dəydim, bağışla.
30.09.1995
BİLSƏM SEVİRSƏN MƏNİ
Boylanaram gözlərindən yaz kimi,
Bilsəm sevirsən məni.
Qədəminə yol tək sərrəm fikrimi,
Bilsəm sevirsən məni.
Günəş olub göylərində yanaram,
Gülüş olub dodağına qonaram,
Öz ömrümə səni zirvə sanaram.
Bilsəm sevirsən məni.
Səhrana su, yağışına çətirəm,
Çiynimə dağ yükləsələr, götürrəm,
Xoşbəxtliyi ayağına gətirrəm,
Bilsəm sevirsən məni.
Yazılmısan yaddaşıma, yadıma.
Qanadlannam göyün yeddi qatına.
Ulduzlardan çələng hörrəm adına,
Bilsəm sevirsən məni.
Səni görcək uçunaram, əsərəm,
Sənsiz keçən günlərimdən bezərəm,
Səhərləri kirpiyinə düzərəm,
Bilsəm sevirsən məni.
1982