Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü
***
Kimik? Bir qaşıq suyuq.
Ol! – demə, vallah, olmur.
Hər dua pıçıltısa,
Hər Tanrı Allah olmur.
Haqq – Haqdı, quzum, Onda
İrəli-geri yoxdu.
Bu boyda Yerin üstdə,
İbadət yeri yoxdu…
Şeytan salıb duvağa,
Elədiyim zikri də.
Sabaha saxla, yozaq
Eh, dünənki fikri də…
Getdik, nəfsə dəyişdik
Şərəfi biz, şanı biz.
Hardan tapaq, Allaha,
Küfr etməyən canı, biz?
Qürub çağı mələklə söhbət
Yenə tufan qopur sübh çağı çöldə,
Ötür namaz vaxtı, əzan qurtarır.
Təsbeh oynatmaqdan bezib əllərim,
Bu payız ömrümdən xəzan qurtarır.
Sanki köç anıdı, bayırda səs var,
Yuxum gözlərimi sınağa çəkir.
Qapımın önündə dayanan mələk,
Məni sakit-sakit qınağa çəkir:
– Sən ölüm diləmə özünə, onun
bura qayıtması tezdir, – deyirlər.
Sonra da üzümə çəpəki baxıb,
Arabir – Get onu bezdir, – deyirlər.
– Nə üçün, mən axı nə etmişəm ki,
Yəni zərrə qədər imanım yoxdur?
Mən ki doğulandan zikr eləyirəm,
Allah dərgahında limanım yoxdur?
Harda lövbər salsın həqiqət gəmim?
Mənim günahım nə, savabım nədir?
– Üz vurma, sənöllə, mənöllə deyil,
Soruşma, bəs buna cavabım nədir.
– Mən əmr quluyam, sən sərbəst adam.
– Pul yoxsa, sərbəstlik boş şeydi, mələk.
Uşağın yanında hər gün utanmaq,
sən de, ata üçün xoş şeydi, mələk?
Mən Allah tanıdım İsa adında,
O, Hikmət adında bəndə tanımır.
Şeytan da, ruhumu necə salıbsa
ən çox bacardığı fəndə, tanımır.
Elə bil başıma yaz qarı düşüb,
Daha nərd atıram daş qəbir üstə.
Sən – səbr et, – dedikcə, səbrim daralır,
Ruhum namaz qılır yaş qəbir üstə.
Bir gün də görərsiz köç üstündədir,
Əlində bir əsa, key qoca adam.
– Bağışla, əlimdən nə gəlir axı,
Mən sənə nə deyim, ey qoca adam?
Çəkilir, mələyin kölgəsi itir,
Mənim gözlərimin ədası itmir.
Allahla, min ildi mənim aramda
«Səbr elə! Səbr elə!» sədası itmir.