YUXUMA SÖYKƏNMİŞ ADAM
Sevgiyə layiq dostun yox,
Nifrətə layiq düşmənin.
Nə layiqsiz adamsan sən –
Bə sənin nəyin var, nəyin?!
Nə dərdindən ölənin var,
Nə öldürmək istəyənin.
Zalım adam, aciz adam,
Bə sənin nəyin var, nəyin?!
Matdım-matdım nə baxarsan,
Bu Yer sənin, bu Göy sənin.
Səninkilər sənin deyil,
Bə sənin nəyin var, nəyin?!
Nə haqqını tanıyırsan,
Nə nahaqdan yox köməyin.
Haqlı adam, haqsız adam,
Bə sənin nəyin var, nəyin?!
Nə ağ bayrağın yellənir,
Nə gəlir qanlı köynəyin.
Amalın yox, amacın yox,
Bə sənin nəyin var, nəyin?!
Yaşa dolmaq yaşamaqmı,
Yaşanıb tükənmiş adam?
Yaradandan utanbarı,
Yuxuma söykənmiş adam!
GETSİN
Gəl sənə bir yalan uydurum, könül,
Adına aldanıb yaşa da getsin.
Ən böyük yalanmış doğru deyilən,
Doğruçu olmağı boşla da getsin.
Dosta yalan danış, yara yalan de,
Dağa dərə söylə, quşa ilan de.
Baxıb olmazlara: budu olan,- de,
Oxunu daşlara tuşla da getsin.
Təpil yarğanlara, çəkil çallara…
Boylan məzə kimi qeylü-qallara.
Çürük matahını bürü şallara,
Bəh-bəhnən alınsın, xoşa da getsin.
Nə gözəl toxunub fələyin toru?-
Adam özü qaçır ağzına doğru.
İçində quldurdu, çölündə oğru,
İçini-çölünü xışla da getsin.
Ömür deyiləni qılıqla, yanla,
Fanidə oyun qur cisimlə, canla.
Bir zaman qapına gerçək yalanla
Qoşa gəlmişdimi? – Qoşa da getsin!