Taleh Mansur 1987-ci il avqust ayının 22-də Qazaxda doğulub. “Azərbaycan” Universitetinin məzunudur.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
2012-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” adlı layihə çərçivəsində layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

DAHA

Qabaq bölüşərdik sevinci, qəmi
Bu isə… qismətdi, bölünməz daha.
Get, indi ünvansız baxışın kimi,
Getdiyin ünvanın bilinməz daha.

Gözlərim dünya tək boşaldı-doldu,
Gözümdə dünyanın rəngləri soldu.
Əllərim sıxıldı bir yumruq oldu,
Ovcumda əl izin görünməz daha.

Adın bir əzabdı, gətirsəm dilə,
Get, özgə birini bəxtəvər elə.
Soyuqdan, şaxtadan üşüsə belə,
Ürəyim sevginə bürünməz daha.

Bu həsrət sənin də qarşına keçib,
Üzünə kədərdən bir libas biçib.
Nə vardı sevginə qoşulub köçüb,
Boş qalan ürəyin döyünməz daha.

Ömrüm tükənməmiş, çatmamış sona,
Ölümlər yaşatdın bu yazıq cana.
Əmin ol, bir şeyə, Taleh bir yana,
öz kölgən arxanca sürünməz daha…

SÖYLƏ…

Qaldırib qolunu rəqs edən zaman,
Ürəyin atmırdı, yorulmuşdumu?
Toy günün – o şadlıq qurulan günü,
Qəlbində toy-büsat qurulmuşdumu?

Üzündən asılan ağ duvaq kimi
Gözündən xəyalım asılmışdımı?
Sevgin də kimsəsiz bir uşaq kimi,
Qəlbində bir küncə sıxılmışdımı?

Sinənə baş qoyub yatan hisslərin,
“Vağzalı” səsinə oyanmışdımı?
Bir dəstə ağ çiçək tutan əllərin,
Sevgimin qanına boyanmışdımı?

Dönüb xəyallara yaşadıqların,
“Şabaş” tək başında dolaşırdımı?
Geydiyin ağappaq gəlin paltarın,
O, qara bəxtinə yaraşırdımı?

SƏNLƏR OLDU FƏQƏT “SƏN”DƏN OLMADI

Sən ki, yaddaşıma gəlin köçmüsən,
Demə, axtarmadı, yada salmadı.
Əllərin ağırmış, vallah deyəsən,
Sən qıran kölümü kimsə almadı.

Uçdu qəlbimizdə eşqin sarayı,
Eşitmədik, hər kəs duydu harayı.
Bu dünyada səndən, məndən savayı,
Sevgimizdən bir yadigar qalmadı.

Səndə olan “sədaqət”ə nə deyim?
Əzrayılmış bircə sadiq mələyim.
Bu sevgisiz, bomboş qalan ürəyim
Min bir həvəs, istək ilə dolmadı.

Başladı neçəsi, bitdi neçəsi,
Dolaşıq fikrimdə itdi neçəsi;
Sən gəlmədin, gəldi getdi neçəsi
Sənlər oldu, fəqət “sən”dən olmadı.

KAŞ Kİ…

Yaşayaydım, şirin yalan içində,
Kaş ki, bilmiyəydim mən, dönük səni.
Bir gün xəyalımdan gəlib keçəndə,
Saxlaya biləydim ömürlük səni.

Gedəydi qoşulub ömrə, nəyim var,
Bir tək sən olaydın dönüb gələnim.
Beşiyin duyğular, laylan arzular,
Hər gün böyüyədin gözümdə mənim.

Unudaydı yaşatmağı cismimi,
Sevgimizi yaşadaydı bu ürək,
Düşəydin gözümdən göz yaşım kimi,
alçalıb gözümdən düşməzdin gərək.

Sevəydim gecəmi qatıb gündüzə,
Keçəydim ən ağır sınaqlarından.
Dönəydim dilində bir kəlmə sözə,
Yolumu salaydım dodaqlarından.

GÖZ YAŞIM

Qoparıb içimdən ağrı, acımı,
Gözümün önündən tökür göz yaşım.
Həsrətdən buz tutmuş baxışlarımı,
İsti qollarına bükür göz yaşım.

Sorma, həminkiyəm
axı nə gərək?
Sinəmdədir kədər dolu bir ürək.
Saçlarıma sığal çəkən əlin tək,
Kirpiymə sığal çəkir göz yaşım.

Xatirələr bircə-bircə silinsə?
Silinərmi sənə bağlı hər nəsə?
Səndən fərqli nə vaxt yeri bilinsə,
Nə yubanır,nə gecikir göz yaşım.

Aldandanıbmı fələk quran hiyləyə?
Bəlkə də haqlıdır bilmirəm niyə?
Zülmətlər gözümdən çəkilər deyə,
Gözümün qarasın sökür göz yaşım.

Sən özün uzaqda, özgə diyarda,
Ürəyin mənimlə qalıbdı darda.
Nə bitəcək axı gələn baharda?
Yanağıma ümid əkir göz yaşım.