O SEVDALI ÇAĞLAR YADINDADIRMI
O sevdalı çağlar yadındadırmı?-
Bir mən igidiydim, bir də sən gözəl.
Dünyada mənə tay dəli yoxuydu,
Yoxuydu dünyada sənə tən gözəl.
Bə heç demirsənmi hardadı görən
İpək tellərinə nərgizlər hörən?
Səniydin onlara yaraşıq verən,
Nə çiçək gözəldi, nə çəmən gözəl.
Sevgi bir yol gələr adama haqdan,-
Sənin divanənəm elə o vaxtdan.
Gözümə ağ gəlib yola baxmaqdan,
Ürəyə xal düşüb, saça dən, gözəl.
Mən ömür sürmədim – vaxtı uzatdım,
Qırx il sənsizliklə başımı qatdım.
Göynəyə-göynəyə əlliyə çatdım,-
Gülə-gülə ölləm “öl” desən, gözəl.
Gör mən nə saymışam fələk nə sayıb
Dönüb sənə baxmaq sayılar ayıb…
Aradan qırx igid ömrü addayıb,-
Mən həmən dəliyəm, sən həmən gözəl.