İbrahim İlyaslı (Hacıyev İbrahim Musa oğlu) 1963-cü il mart ayının 10-da Qazax rayonunun İncə dərəsi obasının Aslanbəyli kəndində doğulub.1980-ci ildə Aslanbəyli kənd orta məktəbini bitirərək, Azərbaycan Politexnik İnstitutunun axşam şöbəsinə daxil olub.1990-cı ildə mühəndis-mexanik ixtisası üzrə institutu bitirib.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Dövri mətbuat səhifələrində haqqında yazılan məqalələr yayımlanıb.Şeirləri Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat qəzeti”, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan”, “Respublika Gəncləri”, “Elimiz.günümüz”, “Azad Qələm”, “Ədalət”, “Şərq”, “525-ci qəzet” və digər mətbu orqanlarda, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyylələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində Salyan və Cəlilabad səfərlərinin iştirakçısıdır.
”Bu bahar oldu” adlı ilk mətbu şeiri Azərbaycan Politexnik İnstitutunun “Politexnik” qəzetində dərc olunub.1988-ci ildə Sumqayıtın gənc ədəbi qüvvələrinin yaratdığı “Dəniz” ədəbi birliyinə sədr seçilib və o vaxtdan fəaliyyətini bu şəhərin ədəbi mühiti ilə bağlayıb.1990-cı ildə Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubuna direktor təyin edilib, 1996-cı ildə isə Azərbaycan Yazıçılar Birliyi Sumqayıt şəhər şöbəsinin təsis konfransında şöbənin katibi seçilib.1992-ci ildə “Gənclik” nəşriyyatında çap olunmuş “Sahilsiz Dəniz” ədəbi almanaxını yazıçı Varislə birlikdə tərtib edərək, nəşrə hazırlayıb.1998-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib və “Ağrıdağ” nəşriyyatında “Hamı bir körpüdən keçir” adlı ilk şeirlər kitabı çap olunub.”Mən bir söz bilirəm” adlı ikinci şeirlər kitabı 2004-cü ildə, “Yuxuma söykənmiş adam” adlı üçüncü şeirlər kitabı isə 2011-ci ildə nəşr edilib.
2008-ci ildə “Qələm-Ofset” nəşriyyatında çap olunmuş dünya xalqlarının nağıllarından ibarət “Yüz sevimli nağıl” seriyalı 25 cildlik kitabı Türkiyə türkcəsindən çevirərək nəşrə hazırlayıb və həmin kitabların redaktoru olub.Şeirləri Türkiyə nəşr olunmuş “Çağdaş Azərbaycan şiiri” antologiyasında və Rusiyada nəşr olunmuş “Sovremennaya Azərbayjanskaya poeziya “ toplusuna daxil edilib.Bir çox Beynəlxalq Poeziya Festivallarında Azərbaycanı təmsil edib.
Azərbaycan Respublikasıının istedadlı gənc yazıçılarına fərdi təqaüdlər verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 1999-cu il tarixli sərəncamlı ilə Prezident təqaüdünə layiq görülüb.
2008-ci ildə “Bilgilər Günəşi”nin qərarı ilə türk uduq Sub-Yeri və Türk budunu yolunda əvəzsiz çalışmalarına görə Mahmud Kaşğari adına fondun və Türk Törə Ocağının təsis etdiyi San Yarlığı ödülünə layiq görülüb və ona bilgə sanı verilib.
Çağdaş Azərbaycan ədəbiyyatının istedadlı şairi və Azərbaycan Yazıçılar Birliyinin üzvü İbrahim İlyaslı Sumqayıt şəhərində yaşayır.Ailəlidir.İki övladı var.

BARIŞIR

Nə sirdi, bu xalq deyilən
Susub, ünüynən barışır?!
Yeddi yerə parçalanır,
Yeddi yönüynən barışır!

Odlara düşür, buzlayır,
Dərya içir, susuzlayır.
Yağı gönünü duzlayır,
Duzlu gönüynən barışır!

Qalan şey yalandı, yalan,
Bir sualdı mənə qalan: –
Kölənin köləsi olan
Hansı günüynən barışır?!

YADINA DÜŞDÜM

Bu gün hardan doğdu belə? –
Gör kimin yadına düşdüm!
Şükür Sənə, görk eləyən,
Görkümün yadına düşdüm!

Qoşuldum ağlar səsinə,
Çəkildim çağlar səsinə.
Səs verdi dağlar səsinə, –
Ərkimin yadına düşdüm!

Aldatdı şeytan nəfəsi,
Atdım məni sevən kəsi.
Hər gün məni lənətləsin,
Hər kimin yadına düşdüm!

***

Oturub ömrün içində
çiçək şəkli çəkirəm.
Yalan rəngləri götürüb
gerçək şəkli çəkirəm.

Çəkirəm ciyərlərimə
faniliyin ətrini.
Məndən əziz tutan varmı
bu faninin xətrini?!

Kimsə bilməz nə çəkdirir
mənə mən çəkdiklərim.
Ölümlərə cücərirlər
olmağa əkdiklərim.

Dəryalar mənə çəkilir,
tufanlar məndən qopur.
Canıma odlar ələnir,
ruhuma sular hopur.

Şəkillənir qələmimdə
çoxdan ölmüş bir adam.
Mən şair deyiləm, yavrum,
mən bir dəli rəssamam.

ŞEİR

Səni
Qana-qana
Yazmaq olmur,
Yaza-yaza
Qanmaq.
Sənə yetməyin
Bircə yolu var:
Yanmaq!!!
Yanmaq!!!
Yanmaq!!!

***

Narkomanlar və dəlilərdir
Bu məmləkətin ən bəxtəvər
Adamları.
Tənbəki, dərman və şərabdır
bu ölkədə ən gərəkli nemət.
Bir də dindən xəbərsiz mollalıqdı,
bir də üzlü üzüyolalıqdı.
Vəssəlam!

– Tamammı, əfəndim?
– Tamam, tamam!

***

Narkomanlar və dəlilərdir
Bu məmləkətin ən bəxtəvər
Adamları.
Tənbəki, dərman və şərabdır
bu ölkədə ən gərəkli nemət.
Bir də dindən xəbərsiz mollalıqdı,
bir də üzlü üzüyolalıqdı.
Vəssəlam!

– Tamammı, əfəndim?
– Tamam, tamam!