“Ata, Kəlbəcərə Murovdan aşıb gedəcəyəm”,- deyən oğlum leytenant Sənan Sadıqzadəyə

Yolunu sal, oğul, doğma dağlara,
Doyunca zirvələr gəz, qadan alım.
Haray sal çiçəkli göy yaylaqlara,
Bir dəstə bənövşə üz, qadan alım.

Özünlə götürüb əsil dostları,
Dolan təpələri, qalx dağa sarı.
Yayın ortasında görəndə qarı,
Götür yaz bir qatar söz, qadan alım.

O bulaq, bu tala, o da ki meşə,
Bulud aralansa, düşmən təşvişə,
Tələsik əmlikdən kabab çək şişə,
Sönməmiş ocaqda köz, qadan alım.


İldırım şaxıdı zirvədə bayaq?!
Yatma səngərində, oyaq ol, oyaq!
Bürün yapıncıya sən çoban sayaq,
Borana, çovğuna döz, qadan alım.

İçməmiş keçməzsən Şirinbulaqdan,
Çıxammazsan bu tənədən, qınaqdan.
Çiçəklərin rəngi süzsün yanaqdan,
Doysun bir ömürlük göz, qadan alım?!

Yenə gül açıbmı Dikyurd dərəsi?
Dərmandı çiçəyin burda hərəsi.
Çörəyə yaxılsın yağın kərəsi,
Dolçaya ayranı süz, qadan alım.

Məhəmməd çalardı sazda “Yurd yeri”,
Dönsün karvanımız, köç üzügeri.
Qopar ayağımdan qıfıl, zənciri,
Düşmənin başını əz, qadan alım!

20 iyun 2011-ci il, Beyləqan