ÇİÇƏK KİMİ…
Əl çatmayan çiçək kimi
bir yamacın yaxasından,
bir ulduzdan şəfəq kimi
buludların arxasından–
üzümə nəfəsin dəyər,
könlümün nəğməsin deyər,
dərdli gecəni gözləyər,
xoşbəxt olar yuxusunda,
İcazə ver gəlim yaxın,
içindəyəm sıxıntının,
dayanmışam boylandığın
pəncərənin qarşısında,
Ağır oldu ötən illər,
qəm gətirir xatirələr,
hamı səhəri gözləyər,
mən gecənin arzusunda,
Yollarına boylanaram,
vüsalına inanaram,
sabahlardan yayınaram
gecələrin röyasında…
HARDAN TANISIN?
Tarda hərdən dinən siməm,sarıyam;
hər kəs üzə vurmaz ürək ağrısın,
vaxtın nə dostuyam,nə simsarıyam–
hardann bələd olsun,hardan tanısın?
Günlərim əriyər günlər içində,
qəzəbim kükrəyər sellər içində,
ətəyim çiskinlər,çənlər içində–
baxmır ki,zirvəmdə qardan tanısın,
Yelkənlər,sadəcə,qalxıb-qabaran,
gəmini küləkdir çəkib aparan,
dövran–ovcumdakı daşlı qabardan,
balıq–sabahını tordan tanısın,
Bu,dar düşüncəli geniş dünyanı
nə cür silkələyim: “İmanın hanı?!”,
ustad,elə dindir–Azərbycanı
cahan sinəndəki tardan tanısın!
Başımda buz kimi çalmadır duman,
dövrəmdə dolaşıb ötüşür zaman,
payın,Vahud ƏZİZ,gəlmiş Tanrıdan
səni istəməsdim nadan tanısın…