Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

ÖMRÜN FƏSİLLƏRİ
/”Düşüncələrim” – silsiləsindən/

Bu dünyada hər şeyin var zamanı,
Yaradandır nizamlayan hər anı.
Dərə çəni, dağlar sevər dumanı.
Yaz gəlməsə axan çaylar çağlamaz,
Gül- çiçəklər qönçə, buta bağlamaz.

Yay zamanı hamı sevər yaylağı,
Zümrüd meşə, yaşıl çəmən, bulağı.
Yal- yamaclar olar könül oylağı
Duman, nə sis qar yağdırıb çığlamaz,
Şən buludlar, gözün sıxıb ağlamaz.

Son baharda quşlar çıxar səfərə,
Elat enər dağdan- düzə, şəhərə.
Hacət yoxdur ağlamağa, qəhərə
Təbiətin taxtı, tacı laxlamaz,
Ulu dağlar qışda qonaq saxlamaz.

Ahıl, qoca möhkəm tutar əsasın,
Istər sürsün hər anının səfasın.
Fani dünya sonda alar qisasın
Dövran, əcəl xəzan çiçək qoxlamaz,
Payız- yazı, nə qış yayı haxlamaz…

BİLMİRƏM
/”Vətənimdir” – silsiləsindən/

Bəd illər az qalır qərinə olsun,
Qübarı könüldən silə bilmirəm.
Çatlamış, boş sənək çətin ki, dolsun,
Şuşasız, Laçınsız, gülə bilmirəm.

Neçə ki, Kəlbəcər qolu bağlıdır,
Neçə ki, Ağdamım sinədağlıdır.
Neçə ki, “stepan”, “Qarabağlıdır”,
Necə yaşayıram, hələ bilmirəm.

Cəbrayıl yaralı, həm də qəfəsdə,
Füzuli can verir, qulağı səsdə.
Qubadlı, Zəngilan, kürəyi üstə,
Məzarım qazılıb, ölə bilmirəm.

İrəvan, Zəngəzur, Göyçəm hardadır?
Mehri, Qafan, Vedim, gör nə haldadır.
Gorusum, Ağkilsəm, çoxdan dardadır,
Həsrətin zirehin, dələ bilmirəm.

Aprel döyüşləri, mesaj- düşmənə,
Bir kimsə dünyada, qızammaz mənə.
Zərbələr vuracam, hey dönə- dönə,
Yurdda eldən- elə, gələ bilmirəm.

Yüksəldək Murovdan “Cəngi”nin səsin,
Silək Ulu Yurdun, qara ləkəsin.
Dövran vəsf eləsin, Odlar Ölkəsin,
Nəyi gözləyirik, bilə bilmirəm?!…