QARANQUŞSUZ ŞƏHƏRLƏR…
Yasəmənlər açsa belə
özü gözümə dəymir,
baş açmıram,nəyə görə
onlar şəhərə gəlmir?
Uzağı-bağ evlərində
yuvalarım hörərlər,
kənd yerində gözü tutan
eyvanlara girərlər.
Kimnən xəbər almışamsa-
bir kimsə bilə bilmir,
qaranquşlar nəyə görə,
neçin şəhərə gəlmir?
Cavabını özüm tapdım
bu ağrılı sualın;
yollar asfalt,damlar qırlı,
palçığı yox torpağın.
Üzü beton divarlara
nə cür palçıq yapacaq,
çörü-çirkli,çöpü-qara,
hardan saman tapacaq?
Qaranquş kənd adamıdır–
orda Günəş gec batır,
qaranquşsuz şəhərlərə
el xəbəri gec çatır…
ÇİÇƏKLƏR…
Rəngiylə-səsindən anlamaq olur–
hələ dərd görməyib,tərdi çiçəklər,
bir az pərən-perik,bir az gor-gobud;
kim sızı bu sayaq sərdi,çiçəklər?
Sizin də ömrünüz gəldi-gedərdir,
dünya gözəlliyə düşməndir,nədir?
çəmən gülləri də qızlar kimidir–
hər kəs birininzi dərdi,çiçəklər.
Hərdən istəyirəm arıya dönəm,
bir-bir başınıza dolanam,dönəm,
iş-gücü buraxıb burda şellənəm;
qoynunuz yatmalı yerdi,çiçəklər.
Bata bilməyəndə qanqala,kola
zalımlar gülşəndə güc verər qola,
sizlıəri (az qaldı gözüm kor ola)–
dəryaz tiyəsində gördü,çiçəklər.
Sakit havalarda ötərsiz dil-dil,
yuxuda gülüylə öpüşdü bülbül,
olsun ömür Bir gün,Əlli il,Yüz il;
sonu hamımızın birdi,çiçəklər.
Çəməndə görəndə sürülər izi,
ürəyi incidər Vahid ƏZİZi,
öyrədə bilmədim-“Qırmasın sizi”,
uşaqlar nadincdi,kürdü,çiçəklər…