(Mirvarid Dilbazi)
İstəsəydim səni səndən alardım,
Gözəlləri öz taxtından salardım.
Ürəyimi ürəyinə çalardım,
Sən yanardın, mən baxardım tüstünə.
Ulduz olub öz zirvəmdən enərdim,
Dövrəndəki mələkləri yönərdim.
Al laləyə, qərənfilə dönərdim,
Səpilərdim yollarının üstünə.
İstəsəydim vüsalına yeterdim,
Mən gül olub ürəyində bitərdim,
Orda bülbül fəryadıyla ötərdim,
Mən yanardım, sən baxardın tüstümə.
Ölsəm, bir gün gəl qəbrimin üstünə,
Bircə dəstə bənövşə qoy, bəsimdir.
Baş üstündə bir qaranquş ötəcək,
O da sənə minnetdarlıq səsimdir .
Bilmirəm
Sən-qəhqəhə,
Mən-göz yaşı.
Hardasan, könlüm sirdaşı?
Tufanlıdır ömrün qışı.
Sən gül!
Mən gülə bilmirəm.
Şənlik içindəykən aləm,
Nədir könlümdəki bu qəm?
Neyləyim ki, mən bəxti kəm
Dərdimi bilə bilmirəm.
Qəm əyib məğrur başımı,
İtirmişəm sirdaşımı,
Selə dönən göz yaşımı
Üzümdən silə bilmirəm.
Səhrada bitmiş bir güləm,
Fəsli quraq keçən iləm.
İstəyirəm sənsiz öləm,
Neyləyim, ölə bilmirəm.