Gəl çıxaq seyrinə uca dağların,
Çəmən olan yerdə xalça nə lazım,
Gözündən su içək buz bulaqların,
Lilpar olan yerdə dolça nə lazım.
Nə kaman götürək, nə tar, nə qaval,
Orda nəğmə də var, nəğməkar da var.
Yarıb buludları dinəndə qartal
O səsə bərabər bir səs harda var.
Torpağın ətrini fikirləşəndə,
İpək tellərinə çiçək taxarsan.
Səhərlər yadına güzgü düşəndə,
Maral baxan gölə sən də baxarsan.
…Gəlin təbiəti biz də düşünək,
O özü hər şeyi düşünən kimi.
Milyon naxış vurur bahar torpağa,
Güvənib hüsnünə: – Baharam, – demir.
Zirvə buz bağlayıb, bürünür ağa,
Donur axşam-sabah: – Donuram! – demir.
Palıd sakit qalxıb, səssiz boy atır,
Söyüd dirçəlməmiş özünü dartır,
Gölməçə harayı qulaq batırır,
Ümman dilə gəlib: – Mən varam! – demir.
Tufanlar qoynunda sınaqdan çıxan,
Sağında, solunda şimşəklər çaxan,
Başında yüz dəfə tüstülər qalxan
Dağ yanır, bir dəfə: – Yanıram! – demir.
Çətin gün həyatın imtahanıdı
Yaxşını yamanı tarix tanıdı,
Sınsa da igidin qolu, qanadı,
Sındırıb özünü sınıram demir.