Oylağımda boran qopdu bir zaman,
Dağ başını qar almağa başladı.
Qanadından yaralandı laçınım,
Turacımı sar almağa başladı.
Qapımızı döydü qara bir külək,
Bağçamızda nə gül qoydu, nə çiçək;
Payız fəsli şaxta vurmuş xəzəltək
İrzi-rəngim saralmağa başladı.
Zaman gəldi… üzümüzə doğdu gün,
Çiçəklədi ilk baharı ömrümün,
Büsat qurdu hər məhlədə toy, düyün –
Yar könlünü yar almağa başladı.
Qocalığı heç qaxmayın başıma,
Yeni çatır ömrüm əlli yaşına,
Ağ gün çəkdi sağ əlini başıma
Ağ saçlarım qaralmağa başladı.
Dərdin alım
Çiçəklərdən səni könlüm
Dilər keçər, dərdin alım.
Xəyalın tez-tez yanımdan
Gülər keçər, dərdin alım.
Bahar çağı səhər erkən,
Göy çəməndə gəzəndə sən,
Bilirsənmi ürəyimdən,
Nələr keçər, dərdin alım.
Demə dünya bir qəfəsdir,
Mahnılarım quru səsdir,
Osmanın eşqi həvəsdir,
Gələr keçər, dərdin alım.