Yırğalana yırğalana tuneldə sürətlə irəli şütüyən qatar stansiyalarda arabir dayanıb nəfəsini dərir, düşənlər düşür, minənlər minir, təzədən havanı yara-yara qıjıltı ilə yoluna davam edirdi…
Baxışlarım bir qədər aralıdakı Əlidə, qulağım isə mənimlə yanaşı əyləşmiş iki cavan hərbiçidə, gizirdəydi.
- İndiki prizivniklərlə işləmək dəhşətdi. Biri o birinə şikayətlənirdi.
Sırada təpik döyməsin deyə valideynləri pulla hərəsinə bir sürücülük vəsiqəsi alıb ki, şofirdi. Amma nə rolu düz saxlaya, nə də skorusu əməlli dəyişə bilirlər.
Necə deyərlər, adı bunlarındı, dadı bizim, hara gedirik, uyuq kimi yanımızda oturdur, maşını özümüz sürürük…
- Ağzıgöyçəklər də orda burda deyir ki, orduda əsgərləri qazdıyırlar. O biri istehza ilə qımışdı. Qazı qazdıyallar, hələ o yana da keçəllər.
- O günü təzə komandir əmr elədi ki, maşınları verin prizivniklərə, birinci dedi. Səki baxış keçirirdi. Denən, maşınlardan çastın həyətində salamat cağ mağ, güllük filan qaldımı?..
- Guya biz remontnuda kefdəyik? Goplayırlar ki, qrajdannıda maşın ustası işləmişik.
Di gəl hırnan zırı qanmırlar. Dünən maşının altında yamadayam. Salaqanın birindən on yeddi açarı istədim. Neynəsə yaxşıdı? Açarların hamısın gətirdi ki, komandir, on altısın tapdım, birin tapmadım.
Gizirlər bir birinə qoşulub gülüşdülər…
Əli qalxıb yerini vaqona təzə daxil olan əlizənbilli qadına təklif etdi. Qadın qapıya işarə ilə nəsə dedi (yəqin tez düşəcəyini qandırırdı), amma o, əl çəkmədi. Qadın minnətdarlıqla gülümsəyərək əyləşdi. Əlinin xoşbəxtliyi üçün bu bəsdi.
Üz gözündən sevinc, bəxtiyarlıq yağırdı. Elə bil adi bir centelmenlik yox, nəsə böyük bir xeyirxahlıq, qəhrəmanlıq eləmişdi!..
Qadın növbəti dayancaqda düşdü.
Əli ətrafına göz gəzdirib ayaq üstə başqa bir qoca, qadın, şikəst qalıb qalmadığını yoxladı. Yerinin cavanlar tərəfindən tutulacağından qorxub özü əyləşdi.
Əslində məsələ yer məsələsi deyildi. Yerə qalsa, halal haqqıydı. Əvvəl özü yaşda bir kişiyə, sonra da əlizənbilli qadına güzəştə getmişdi.
Cavanlar hər iki halda özlərini görməməzliyə vurmuş, ayağa durmamışdılar…
Başının ortası dazlaşmasaydı Əliyə 40 45 dən artıq yaş vermək olmazdı.
Tısbağa tək qınına çəkilərək qaş qabağını sallayıb bikef oturanda yüz ilin qocasına oxşayırdı. Yaşlı qadın kişi, ya da qə¬şəng bir xanım görəndə birdəncə canlanır, tez yerini ona təklif edirdi.
Təklifi keçməyəndə uşaq kimi mısmırığını sallayır, tanımaza bilməzə inciyir, küsürdü. Az maz tanıyan, bələd olan xətrinə dəymir, bir dayanacaq da olsa əyləşir, sanki ona dünyanı bağışlayırdı…
Hər gün evdən işə, işdən evə metro ilə gedib gəlirəm.
Bu başda minir, o başda düşür, o başda minir, bu başda düşürəm.
Əvvəldən axıra, təbii, axırdan da əvvələcən keçdiyim stansiyaların sayı on üçdü.
On dördüncü stansiyanı tikib məni qismətimə düşmüş bu nəhs rəqəmdən qurtarmağa tələsmədiklərinə görə metrotikənlərdən qətiyyən narazı deyiləm. Hər şeydən qabaq, ona görə ki, ayaq üstə qalmaq dərdi çəkmirəm.
Başlanğıcda vaqonlarda boş yer tapmaq həmişə mümkündü. Başdan başa getməyin bir üstünlüyü də var. Hərdən vaqonda mürgüləsən də doğma stansiyanı ötüb keçə bilməzsən.
Sərnişinlər, ya da metro işçiləri silkələyib oyadacaqlar ki, cənab, mənzil başına çatmısan, qalx, vaqonu boşaltmaq lazımdı…
Yaxşı, yoxsa pis xasiyyətdi, bilmirəm, bekarçılıqdan dayanacaqlarda minib düşənləri müşahidə etməyi, söhbətlərinə, pıçıltılarına qulaq asmağı xoşlayıram.
Bunun hesabına nəinki ölkəmizdə, bütün dünyada baş verənlərdən səhər səhər hamıdan qabaq xəbər tuturam…
Metroda mənimlə eyni vaxtda gedib gələn sərnişinlərin çoxunu üzdən tanıyıram.
Bəziləriynən münasibət də yaratmışam. İmkan olmayanda adamların ara bərəsindən göz qaşla salamlaşır, imkan olanda əl verir, müxtəsər hal əhvallaşırıq…
Əliynən hardan hara? Əşi, o, mənim yaxın qonşumdu.
Həm də keçən ilə qədər bizim idarədə mühasib işləyirdi.
Sakit, başıaşağı, işini bilən adamdı. Nədən, necəsə birdən-birə yazığın başı pozuldu. Dəlixanaya düşdü. Neçə ay müalicə olunub çıxandan sonra daha öz işinə qaytarmadılar.
Qaldı bekar. İki üç ay bundan əvvəl səhər səhər işə yollananda təsadüfən binanın qabağında rastlaşdıq. Görən kimi məni tanıyıb yaxınlaşdı. Danışa danışa metroya üz tutduq. Soruşdum:
- Qonşu, hara gedirsən?
- İşə, dedi.
- Harda işləyirsən?
- Metroda.
- Dolanışıq çıxır?.. Hansı işə düzəldiyi ilə maraqlanmadım. Yəqin ona görə ki, indiki zamanda əsas məsələ dolanışıqdı.
- Allah bərəkət versin, dedi.
- Yola verə bilirsən, çətin deyil ki?..
- Çətindi, gileyləndi. Axşam olanda it kimi yoruluram.
Bilirsən, qonşu, bizim vaxtımızda cavanlar belə deyildi. Hamısı ağlı başında, böyüyün kiçiyin yerini bilən, qanacaqlı-mərifətliydi. İndikilər yaman sitallaşıblar.
Qadını, qocanı, şikəsti qətiyyən veclərinə almırlar.
Heç kimə yer vermirlər. Gör nə qədər əlsiz ayaqsız qocalarımız, cavan Qarabağ əlilimiz var. Baxıram, ürəyim ağrıyır.
Hamısına yer düzəltmək, rahatlamaq lazımdı. Mən də tək… hə… Təəssüflə başını bulayaraq dərindən köksünü ötürdü.
- Əli, bir dəqiqə gözlə, deyib adətim üzrə qəzet almaq üçün metronon ağzındakı köşkə çatanda ayaq saxladım.
Əli məni gözləmədi.
- Hələlik, qonşu, gecikirəm, mən getdim, deyib tələsik uzaqlaşdı.
Axşam arvadıma qonşumuz Əlinin metroda işə düzəldiyini deyəndə güldü.
- İş güc nəəzir? Arvadı deyir, necəsə beyninə verib ki, bunu metroda işə götürüblər. Nə qə¬dər eləyirik evdə bənd almır. Səhər çay çörəyini ala yarımçıq yeyib çıxır, bir də axşam qayıdır.
- Bəs günorta yeməyini harda yeyir?
- Orda burda nə gəldi tıxır. Arvadı deyir, metro işçiləri də artıq onu yaxşı tanı¬yır.
Keçiddən öz adamları kimi pulsuz buraxırlar. Sərnişinlərdən yazığı gələn, halına acıyan yeri bəhanə eləyib hərdən xırda pul zad da verir…
O gündən özümdən asılı olmayaraq metroya girəndə hər yerdə gözüm Əlini axtarır…
Gizirlər düşəndən sakitlikdi. Fikrim Əlidə qalmasaydı mürgü məni çoxdan yaxalamışdı. O, artıq bayaqdan bəri yerini dalbadal dörd nəfərə güzəştə getmişdi.
Qatar mənzil başına yaxınlaşdıqca vaqonda sərnişinlər seyrəlirdi.
Əli rahatlanmaqdansa ti¬kan üstdə oturan adam kimi narahatdı. Bashabas üçün darıxır, gözü kimisə axtarırdı. Əlini başa düşürdüm. Qalxıb ona yaxınlaşdım. İtiyini tapmış kimi o saat üzü işıqlandı. Yerini mənə verdi…
Nəhayət, sonuncu dayanacağa çatdıq. Vaqondan çıxanda cibinə pünhanca qəpik quruş salmaq istədim. Məndən cəld tərpəndi, əlimi geri itələdi. Əyilib qulağıma pıçıldadı:
- Qonşulardan pul götürmürəm… Razı halda gülümsədi.
Perronda:
- Vəziyyət necədi? soruşdum.
- Dünənəcən yaxşıydı, dedi, bu gün işim yenə sarvat oldu.
- Niyə?..
- Özümə bir köməkçi tapmışdım. İki nəfər daha çox adama xidmət edirdik. Bu gün köməkçim işə çıxmayıb.
- Bəlkə xəstələnib?
- Yox, oğlu icazə vermir.
- Nəyə görə? Fikirləşmədən soruşdum.
- Bizi başa düşmür. Hamı kimi… Mağmın mağmın üzümə baxıb dayandı.
Hə, aydındı. Elə bil birdən ayıldım.
- Bəs niyə dayandın? Evə getmirsən?
- Yox hələ.
- Gecdi axı. Bir azdan hava qaralacaq.
- Neyniyim, məcburam, çiyinlərini qısdı, planı doldura bilməmişəm.
- Nə plan? Plan nədi, ay Əli? güldüm.
- Bu gün müştərilərim az olub. Otuz doqquz nəfərə yer vermişəm, cibindən çıxartdığı ka¬ğızı açıb göstərdi. Səliqə ilə xətlənmiş, başdan il, ay, günlər yazılmışdı.
Xətlərin arası ağzıaşağı üstəgəllə (+) doluydu. Axırıncı günün altında otuz doqquz üstəgəl (+) işarəsi saydım. Ondan qa¬baqkı günlərdə əlli, bəzən daha artıq üstəgəl vardı.
Demə, Əli arabir iki daşın arasında cibindən çıxardaraq gizlicə qaraladığı kağız bu imiş. Gərək əlliyə çatdıram…
- Sabah olmaz?.. Onu fikrindən daşındırmağa cəhd etdim.
- Yox, deyib əks tərəfdə dayanmış qatara tərəf boylandı.
Qatarın tərpənməsinə lap az qalırdı. Əli mənə görə narahatdı. Canını məndən tez qurtarmaq istəyirdi. Bu zaman qatara minik üçün axırıncı xəbərdarlıq eşidildi.
- Məni bağışla, qonşu, getməliyəm, Əli birdən çönüb qatara tərəf götürüldü.
- İşin avand olsun, qardaş, deyib arxasınca baxdım ki, görüm çatacaqmı.
Sərnişinlərdən biri son anda ayağını bağlanmaqda olan qapının arasına qoymasaydı, yəqin ki, minə bilməyəcəkdi…