Süleyman Hüseyn oğlu Rəhimov ədəbiyyatımızın inkişafında səmərəli xidmətlərinə görə özünəməxsus layiqli yer tutmuşdur. O, 22 mart 1900-cü ildə Qubadlı rayonunun Əyin kəndində yoxsul kəndli ailəsində doğulmuşdur. Əlifbanı kənd mollasından öyrənmiş, 1912-ci ildə yaşı keçdiyinə görə çox çətinliklə Qubadlı rus məktəbinə daxil olmuşdur. Ədəbiyyat və tarixə daha çox maraq göstərən Süleyman beş il ərzində başqa fənnlərlə yanaşı rus və dünya ədəbiyyatı nümunələri, Azərbaycan klassiklərinin, XX əsrin əvvəllərində fəaliyyət göstərən yazıçıların əsərləri ilə də yaxından tanış olmuşdur.
Fevral burjua inqilabından az sonra Qubadlı məktəbi bağlandığından Qori seminariyasında təhsil ala bilmədiyi üçün kəndə qayıdan gənc Süleyman, kasıb ailədən olduğu üçün heç yerdə iş tapa bilmir. 1917-1920-ci illərdə əvvəlcə öz kəndlərində sonra isə yaşadıqları başqa yerlərdə mal-qara otarmışdır.
Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra Süleymanın atası Hüseyn kişi oğlunu nahiyyə inqilab komitəsinə, köhnə tanışı Qara İsmayıloğlunun yanına gətirərək oğluna bir iş verməsini xahiş edir. Nahiyyə inqilab komitəsinə kargüzar qəbul olunan Süleyman Leninin əsərlərini ilk dəfə orada oxumuş, zəhmətkeşlərin qələbəsini möhkəmləndirmək naminə gərgin mübarizənin baş verdiyinə daha ayıq nəzər salaraq inanmışdır ki, hökuməti alqışlamaq azdır, onları həyata keçirənlərlə əl-ələ verib işləmək mübarizədən çəkinməmək gərəkdir.
1921-ci ilin mayında inqilab komitəsi tərəfindən Şuşaya altı aylıq pedaqoji kursa göndərilən gənc, kursu bitirəndən sonra bir neçə il Xanlıq, Qubadlı, Laçın rayonunun Hocaz kənd məktəblərində müəllim və müdir olmuş, fəal komsomolçulardan biri kimi etibar qazanmışdır.
1928-ci ildə Süleyman Rəhimov Bakı şəhərinə gəlib ali məktəbə daxil olmuş, 1932-ci ildə Pedaqoji İnstitutun tarix-ictimaiyyət fakültəsini bitirmişdir. Elə bu zamandan da ədəbi fəaliyyətə başlamışdır.
1938-ci ildən Bakıda yaşayan ədib Azərbaycan SSR Nazirlər Soveti Yanında İncəsənət İşləri İdarəsi Komitəsinin sədri və idarə rəisinin müavini, (1938-1939) Azərbaycan KP-nın Bakı Komitəsinin katibi, Azərbaycan KP MK-nın təbliğat-təşviqat şöbəsi müdirinin müavini, Marks-Engels-Lenin İnstitutunun Azərbaycan filialının direktoru, (1940-1944) Azərbaycan SSR Nazirlər Soveti Yanında Mədəni Maarif Komitəsinin sədri (1945-1953) olmuş dəfələrlə Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri seçilmişdir.(1939-1940), (1944-1945, 1954-1958)
1958-ci ildən bədii yaradıcılıqla məşğul olsa da partiyanın həyata keçirdiyi tədbirlərdə (xalq elçisi) məhşur yazıçı kimi yaxından iştirak edir.
Bu illər ərzində xüsusiilə səmərəli işləyən ədib bir sıra hekayə və oçerklərlə yanaşı, povestlər və romanlar da çap etdirmişdir. Bu baxımdan “Ana abidəsi”, “Qafqaz qartalı”, “ Uğundu ”, “ Qoşqar qızı ” povest və romanları ədəbiyyatımızı yeni mövzu və surətlərlə zənginləşdirmişdir.
Süleyman Rəhimovun demək olar ki, bütün əsərləri rus dilinə tərcümə olunaraq Sovet İttifaqının hər yerində geniş yayılmışdır. Yazıçının “Ata və oğul” povesti, “Su ərizəsi”, “Gəlin qayası”, “Oyun” və bir sıra başqa hekayələri ərəb, ingilis, alman, fransız, polyak dillərinə tərcümə edilmişdir.
1975-ci ildə Azərbaycan sovet ədəbiyyatının inkişafında böyük xidmətlərinə və səmərəli ictimai fəaliyyətinə görə “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüşdür.
“Şamo” nun birinci variantını və “Aynalı” povestini çap etdirməklə sənət aləminə qəti addımlar atan S.Rəhimov tez-tez ön və arxa cəbhədə çıxış etsə də yazı masasından ayırlmamışdır. O, “Şamo” və “Saçlı” romanları üzərində işi davam etdirməklə yanaşı eyni zamanda povest və hekayələr, məqalələr də yazmışdır. Ədibin “Torpağın səsi” (1941), “ Medalyon ” (1942), “ Qardaş qəbri ” (1945) kimi əsərlərində zəhmətkeş insanların vətənə məhəbbəti, mərdlik və qəhrəmanlıqları bədii vasitələrlə əks olunmuşdur. “Medalyon” əsərində yazıçı Valentina, Arkadi, Pəri nənə, Aleksey Vasilyeviç kimi müxtəliv şəraitdə böyümüş adamların surətini rəğbət hissi ilə yaratmış müəllif, inandırıcı surətdə göstərmişdir ki, Vətənin tarixində ciddi sınaq günlərində onların hamısını müqəddəs bir hiss, vətənpərvərlik hissi birləşdirir. S.Rəhimov özünəməxsus bir həssaslıqla Valentinanın bir ana və vətandaş kimi canlandırmağa;- Vətənə məhəbbətin hər şeydən üstün olduğunu qələmə aldığı “Medalyon” povestində daha qabarıq şəkildə əks etdirmişdir.
Azərbaycan ədəbiyyatının qiymətli ənənələrindən olan xalqlar dostluğu mövzusu yazıçının yaradıcılığında önəmli yer tutmuşdur. Azərbaycan xalqının qardaş Zaqafqaziya xalqları ilə əsrlərdən bəri davam edən iqtisadi mədəni əlaqələri XIX əsrin əvvələrindən başlayan qardaşlıq münasibətləri bədii ədəbiyyat üçün əhəmiyyətli olmuşdur.
Vətənin ağır günlərində qələbəyə vətəndaşların sonsuz inamını və dözümünü əbədiləşdirən əsərlər arasında “Medalyon” və “Qardaş qəbri” (1945) xüsusi əhəmiyyətə malikdir.
Məhz yazıçının bu dövrdə qələmə aldığı “Mehman” (1944) povesti Azərbaycan nəsrinin müvəffəqiyyəti oldu. Yazıçı bu əsərində də otuzuncu illərin əvvəllərində oxucuların əlindən düşməyən qiymətli bir sənət əsəri yarada bilmişdir.
Əsərdə müəllifin ən böyük nəaliyyəti qbaqcıl müasirlərimizin təmsilçisi olan Mehman surəti ilə əlaqədar idi. Gənc hüquqşünas özünün vətəndaşlıq borcunu yerinə yetirmək üçün çətinlikdən və fədakarlıqdan çəkinmir, mübarizəni özünün vətəndaşlıq və insanlıq borcu bilir. Mehman ona müraciətlə “Təmiz ol” :- deyən anasının və müəlliməsinin, nəhayət rayon partiya komitəsinin katibi Vahidovun sözlərini əsla yadından çıxarmır, həmişə təmizliyini, düzlüyünü qoruyur.
Sinfi düşmənlər povestdə prokurorluğun süpürgəçisi Qaloşlu adam vasitəsi ilə hərəkət edənlər, çox incə, ağlagəlməz bir vasitə ilə Mehmanın ailəsinə yol tapırlar. Mehmanın qaynanası, sabiq tacir arvadı Şəhla xanımın iti nəfsi qapıları gizlindən, taybatay onların üzünə açır. Qaloşlu adam böyük məharətlə rüşvət saatı gənc prokurorun arvadı Züleyxaya bağışlayır. Lakin Mehman tərəddüd etmədən düşmənin hiyləgərliklə hörülmüş torunu qopara bilir.
Mövzunun və problemin həyatiliyi, surətlərin hərəkətlərinin ictimai – psixoloji planda inandırıcılığı, dilinin sadəliyi və bədiiliyi ilə güclü olan “Mehman” ədibin parlaq istedadına olan ümidləri doğruldur. Mehman müəyyən dərəcədə birtərəfli bir surət kimi işlənmiş olsa da özünün barışmazlığı və prinsipallığı ilə rəğbət qazanır…
S.Rəhimov müharibədən sonrakı otuz ildə Azərbaycan xalqının azadlıq uğrunda mübərizə tarixinin səhifələrinə müraciət etmişdir. İstər uzaq tarixi keçmişdən, istərsə də müasir dövürdən yazanda hadisələri aydın müasirlik baxımından qiymətli sənət nümunələri yaratmışdır. Ədibin əsərlərini uzun ömürlü edən amillərdən biri də müasirlik olmuşdur.
S.Rəhimov XX əsrin əvvəllərində Azərbaycan kəndində genişlənən sinfi mübarizə hərəkatının (daşnaqların) fitnəkar siyasətinin şahidi olmuş, hakimiyyətə qarşı çıxanların qəddarlığını və rəzilliyini görmüşdür. Zəhmətkeşlərin xoşbəxtliyi yolunda mərd mübarizlərin, fədakar, ölümlə üzləşəndə də fikrindən dönməyən məslək qəhrəmanlarının şücaəti, mübarizə arzusuna qanad vermişdir. Kəndin, vətənimizin siması, adamların məişəti, dünya baxışı gözü qabağında dəyişmişdir. O, sadəcə müşahidəçi olmamış, yeniliklə köhnəliyin, tarixi mübarizənin fəal iştirakçısı kimi yaşamış fəaliyyət göstərmişdir. Müəllim və partiya işçisi, yazıçı və ictimai xadim, çox müxtəlif tellərlə xalq həyatına, zəhmətkeşlərin yeni cəmiyyət quruculuğunun fəal iştirakçılarından olmuşdur.
Respublikanın müxtəlif yerlərində qazanılan nəaliyyətləri görəndə, müxtəlif adamlarla görüşəndə yazıçı müşahidəsi ilə adamların şüurunda adət ənənələrində baş verən dəyişiklikləri hafizəsinə həkk edərək yaşatmış və bir sənətkar kimi gördüklərinin dərin mənasına vararaq axtarışlarını davam etdirmişdir.
Xalq yazıçısı S.Rəhimov nəsrin müxtəlif janırlarında sınanmış yazıçılardandır. Əsərləri Azərbaycan və rus ədəbi – bədii tənqidində povest, hekayyə, roman və oçerkləri yüksək qiymətləndirilmişdir. Ədəbi-ictimai fəaliyyətinin çoxcəhətliliyi ilə yanaşı ona böyük sənətkar şöhrətini qazandırmış və romançı kimi tanınmışdır. “Şamo” (1931-1974), və “Saçlı” (1940-1949) romanları Azərbaycan sovet ədəbiyyatının nəaliyyəti kimi qiymətləndirilmişdir. Xalqımızın bir əsrlik həyatının bədii səlnaməsi olan bu romanlarda inqilabi baxışlar inandırıcı və bədii əksini tapmışdır.
S.Rəhimovun ədəbi fəalliyyətinin tənqid və qələm dostları tərəfindən necə qiymətləndirildiyini göstərmək üçün mülahizələrdən bəzilərinə nəzər salmaq zəruridir.
“S.Vurğun Böyük Vətən Müharibəsi günlərində demişdir ki, S.Rəhimov romançıdır, böyük yazıçıdır, xalq yazıçısıdır”. (“Ədəbiyyat və incəsənət” 16iyul 1960-cı il.)
M.Arif : “S.Rəhimov nasirlərimiz içində böyük bir realist, dərin müşahidəçi, incə bir psixoloq olması son zamanlarda hər kəs tərəfindən təqdir edilməkdədir”. (M.Arif “seçilmiş əsərləri” birinci cild 1967 səh. 262)
S.Rəhimovun özünə məxsusluğunu aydın təsəvvür etmək üçün yadda saxlamaq vacibdir ki, o böyük realistdir. Lakin onun realizmi heç vaxt hadisələrin ardınca gedərək onları qeydə almaqla kifayətlənməmişdir. Romantika bu realizmin üzvi bir hissəsidir. Realizmlə romantikanın üzvi vəhdəti ömrü boyu ədibin yaradıcılıq axtarışlarını müşaiyyət edib, əsərlərinə dərinlik və yüksəklik gətirmişdir. “Şamo” üzərində işlədikcə özünün müsbət surətlərini, onların məhəbbət və fədakarlıqlarını romantikləşdirmək meyli get – gedə qüvvətlənmiş, Şamo, Qəmər, Maşallah, Alagöz, Kamran və Alo kimi surətlərin işlənməsində bu vasitədən geniş istifadə olunmuşdur. S.rəhimovun xalq yaradıcılığı ilə əlaqəsi mürəkkəb, daima davam edən bir proses olmuşdur. “Şamo” əsərində Şamo, Alo, Qəmər, Kamran kimi surətlərin təsvirində olduğu kimi, təbiətin canlandırılmasında, sərt – sıldırım dağların və qalaçaların təsvirində də biz xalq yaradıcılığı ilə yaxınlığı hiss edirik. Bu özünü mövzu və surətlər aləmi ilə yanaşı bədii təsvir vasitələrinin seçilməsində də göstərir. Xalq yaradıcılığı üslubu ilə sıx surətdə bağlı olan “Güzgü göl əfsanəsi” (1967), “Kəsilməyən kişnərti” (1969) ədibin yaradıcılığını yeni çalarlarla zənginləşdirmişdir. Beləliklə xalq yaradıcılığı ilə bağlılıq və dünya sənətinin realizm təcrübəsində ədibin sənətkarlıq xüsusiyyətlərini müəyyənləşdirən amillər sırasında xüsusi əhəmiyyətə malikdir.
S.Rəhimovun bədii axtarışlarında inqilabdan əvvəlki kənd mövzusu mühüm yer tutur. “ Şamo ”, “Qafqaz qartalı ” kimi iri həcmli romanlarında, “Ötən günlər dəftərindən” silsisləsinə daxil olan hekayələrində, “Pirqulunun kürkü” (1975) povestində Böyük Oktyabr sosialist inqilabından əvvəlki Azərbaycan kəndinin geniş lövhəsi yaradılmış, xalqın arzu və əməlləri adət – ənənələri geniş planda canlandırılmışdır. Uşaqlığı və gəncliyi kənddə keçmiş müəllif hakim ictimai münasibət və baxışların zəhmətkeşlərə nəsib etdiyi acınacaqlı həyatı, alçaldılan və təhqir edilən kasıbların qəzəbini şəxsən görmüş, bilavasitə yaşamışdır. Həyat materialına bələdlik böyük yazıçı istedadı ilə birləşərək əsərlərinə müvəffəqiyyət qazandırmışdır.
S.Rəhimovun yaradıcılığında inqilabdan əvvəlki həyata maraq adları yuxarda çəkilən əsərlərlə məhdudlaşmır. Müəllif “Ata və oğul” (1949) povestində, “Ağbulaq dağlarında” və “Ana abidəsi” romanlarında da yeri gəldikcə surətlərin vasitəsi ilə bu həyatın müəyyən epizodlarını canlandırmış, həmin mövzuya həsr olunmuş əsərlərini tamamlayıb genişləndirərək ümumi lövhəni yeni çalarlarla zənginləşdirmişdir.
Azərbaycan sovet romanı səviyyəsinə yüksəlmiş “Şamo” nun ilk variantı (1931) əlli ilə yaxın bir müddətdə müəyyən fəsillərlə olsa da axtarışlarını davam etdirən müəllif əsərin ayrı – ayrı cildlərinin bir neçə variantını işləmişdir. Zənginləşən həyat təcrübəsi, dünya görüşü, qələminin püxtələşməsi, çoxmillətli ədəbiyyatımızın nailiyyətlərindən qidalanaraq çox cildli bir əsərin yaranmasında mühüm əhəmiyyətə malik olmuşdur. Əsər otuzuncu illərdə mühüm ədəbi hadisə kimi qarşılanmış, Azərbaycan ədəbiyyatı S.Rəhimovun “Şamo” romanı ilə yeni bir müvəffəqiyyət qazanmışdır. “Şamo” nun bu variantı, əlbəttə, bədii dəyəri ilə yox, ilk dəfə nəsrin iri formalarında Azərbaycanda vətəndaş müharibəsi tarixinə müraciətlə cəbhədə qəhrəmanlıq göstərənlərin surətini yaratmaqla, müəllifin siyasi niyyətinin, ideya mövqeyinin aydınlığı ilə güclü olub diqqəti cəlb etmişdir. Bu həm də təəssüratı zəngin, görüb eşitdiklərini istismarçılar cəmiyyətində hökm sürən əlaqə və münasibətlərin eybəcərliyini bütün dəhşəti ilə göstərməyə çalışan, bunun əhəmiyyətini yaxşı dərk edən bir gəncin vətəndaş narahatlığının məhsulu idi.
Buna baxmayaraq, “Şamo” əsəri öz müəllifini istedadlı, həyata bələd, müşahidəçi-realist yazıçı kimi tanıtdı. S.Rəhimov öz qəhrəmanlarının ruhi çırpıntılarını, arzu və istəklərini real planda canlandırmağa nail olmuşdur.
1940-cı ildən sonra ədibin dönə – dönə üzərində işlədiyi “Şamo” istər qaldırılmış siyasi ictimai problemlərin əhəmiyyəti , istərsə də sənətkarlıq xüsusiyyətləri baxımından oxucunun rəğbətini qazanmış əsərlərdən biri kimi qiymətləndirilmişdir.
“Şamo” nu ümumittifaq , hətta dünya əhəmiyyətli roman sayan Y.Libedinski inqilabi mübarizə səngərlərində yeni keyfiyyət kəsb edib möhkəmlənən xalqlar dostluğunun məziyyətlərindən biri kimi qiymətləndirmişdir. (Azerbaydjanskaya sovetskaya literatura 1951)
1940-cı illərdən sonra S.Rəhimovun yaradıcılığı Azərbaycan ədəbi – bədii tənqidinin : Azərbaycan sovet ədəbiyyatşünaslığının diqqət mərkəzində duran əsas hədəflərdən biri olmuşdur. Onun ayrı – ayrı əsərləri çapdan çıxdıqca müntəzəm surətdə qiymətləndirilmiş, xüsusiilə romanın inkişafı problemləri ilə məşğul olan alimlər tərəfindən əsərləri təhlil olunmuşdur.
Ədib haqqında yazılanları nəzərdən keçirəndə aydın olur ki, yazıçı özünün yeni əsərlərini, xüsusiilə “Şamo” əsərini işləyəndə bu tənqidi fikirləri diqqətlə nəzərdən keçirmiş, müəyyən bir qismini (məsələn : – Bakı partiya təşkilatının kənddə inqilabi hərəkatın genişlənməsinə köməyini , baş qəhrəman kimi Şamonun xarakterini fəal mübarizədə açmağın zərurəti və s.) qəbul etmişdir.
Müasir rus ədəbi tənqidi də yazıçının yaradıcılığına müəyyən diqqət yetirmiş, xüsusən, son iyirmi beş ildə ədibin yaradıcılığını izləyən Z.S.Kedrina rus dilində çıxan “Şamo”, “Saçlı”, “Ağbulaq dağlarında” əsərləri haqqında müqəddimə ya da son söz yazmışdır.
“Şamo“ xalq həyatının, zəhmətkeşlərin arzu və əməllərinin geniş təsviri ilə gücldür. Bu nöqteyi nəzərdən S.Rəhimovun təcrübəsi Azərbaycan sovet tarixi romançılığının təcrübəsini zənginləşdirmişdir. İllər boyu xalq həyatının özündən keçib gələn və dərin bir çay kimi , üzərində yeni səmanı əks etdirən , həyat materialı ilə zəngin olan belə əsərləri oxuyanda istər – istəməz müəllifin iradəsini və fikirlərini canlandıran mənbə haqqında düşünməli olursan. Ədib inqilabdan əvvəlki həyatı işıqlandırmış, inqilab ərəfəsinə məxsus cəhətləri ilk plana çəkmişdir. Bu müəllifin mühüm ideya bədii nəaliyyətidir. “Şamo“ nun son variantında müəllif , əsrlərdən bəri qul vəziyyətində yaşayan yoxsul Azərbaycan kəndlilərinin psixologiyasında əmələ gələn dəyişikliyi, inqilabi fikrin tədriclə xalq kütlələrinin dərin qatlarına yayılmasını Bakı fəhlələrinin köməyi ilə xalq etirazının axırda sarsılmaz bir qüvvəyə çevrilməsini əks etdirməyə çalışmışdır. İllər ərzində yazıçının məlumat dairəsi genişlənib, ilkin müşahidələri zənginləşdikcə niyyəti də dəyişmişdir. Romanın mərkəzində bir neçə şəxsin taleyi deyil , azadlıq uğrunda mübarizəyə qalxmış xlqın tarixi müqəddəratı, xalq həyatının geniş təsviri durur. Birinci variantdan fərqli olaraq Şamo əsərin baş qəhrəmanı deyil, müəllifin sevimli surətlərindən biridir.
“Şamo“ da xalqın əzəməti və mənəvi gücü parlaq bədii boyalarla əks etdirilmişdir. S.Rəhimov azadlıq hərəkatının gedişində ruh yüksəkliyini, inamın sarsılmazlığını , müsbət qəhrəmanların vətənpərvərlik hisslərini və yüksək mənəvi keyfiyyətlərini ilk plana çəkdiyindən , xalq tarixin yaradıcısı, xoşbəxt gələcək uğrunda fəal qurucusudur.
“Şamo“ istər mövzusu, istərsə də bədii ifadə vasitələri baxımından son dərəcə zəngindir. Romanda – Gülsənəmin qaçırılması təxminən 1908 – 1909 illərə aiddir. Bu vaxtdan başlayaraq S.Rəhimov Azərbaycan kəndində baş verən sinfi toqquşmaları, müxtəlif sinif və təbəqələrə mənsub qüvvələrin həmin illərdə baş vermiş hadisələri təfsilatı ilə izləmiş, Azərbaycan kəndinin real mənzərəsini canlandırmışdır. Müəllif tez – tez əsas surətlərin tərcümeyi halına müraciət edib, xarakterlərin formalaşmasına, əvvəlki hadisələri canlandırmaqla məlumatı daha da genişləndirmişdir. Roman üzərində iş davam etdikcə S.Rəhimov mühüm ictimai – siyasi hadisələri təkcə tanınmış alimlərin tədqiqatlarından deyil , həm də arxiv sənədləri əsasında öyrənmişdir. O, tarixi fakt və sənədlərdən istifadə etsə də, surətlərin əksəriyyəti yazıçı xəyalının təxəyyülüdür. Bununla belə əsər üzərində iş davam etdikcə, tarixiliyi qüvvətləndirmək zərurəti duyan müəllif, M.Əzizbəyov, N.Nərimanov, M.S.Ordubadi , inqilabçı Ocaqqulu kimi real şəxslərin surətini yaratmış , tarixi faktlara daha tez – tez müraciət etmişdir.
Əsərdə Lenin mövzusu mühüm yer tutur . Müəllif Lenin ideyalarına, onun şəxsiyyətinə inamı müxtəlif vasitələrlə canlandırmışdır. Bu ad çəkiləndə insanların üzü gülür, elə hesab edirlər ki, onları Lenin gündəlik həyatlarındakı çətinlik və qayğılardan xilas edəcəkdir.
Heybət Dağbaşı yaralanmış Şamonun qanına boyanmış dəsmalı bayraq kimi yuxarı qaldırıb üz – üzə dayananları barışığa çağırır. Şamo və Alo da ən çətin vaxtlarda Lenini yada salır , əmin olurlar ki, mütləq Lenin onlara kömək edəcəkdir. S.Rəhimov qəhrəmanlarının fəaliyyətini bütün ölkədə genişlənən inqilabi hərəkatla əlaqələndirməyə nail olmuşdur. Bakı kommunasının müvəqqəti məğlubiyyətindən sonra Həştərxana işləməyə gedən N.Nərimanov Dağbaşı səngərindəki toqquşmadan xəbər tutur. Onun Dağbaşı səngərindəki çıxışı , qardaşlığa çağıran səsi bütün ölkədə müraciətə çevrilir , inqilabi yüksəlişlə əlaqələnir.
Yazıçı Azərbaycan kəndini geniş planda canlandırdığı kimi , kənd həyatını daha canlı və inandırıcı vermişdir. Əsərdə Bakı və Həşdərxan hadisələri daha geniş yer tutmuş və bir sıra yeni surətlərlə zənginləşmişdir. Ədib surətlərin xarakterini, ictimai – siyasi hadisələri , adət ənənələri izləyir və tədqiq edir. Dərinliyə varan müəllif eyni sinifə mənsub adamların müəyyən hadisələrə müxtəlif münasibətlərinin səbəbini araşdırır, inandırıcı əsaslandırır.
Romanda qüvvətli və ehtiraslı insanlar üz – üzə gəlir, ölüm – dirim mübarizəsinə girişirlər.
S.Rəhimovun inqilabdan əvvəlki kəndi təsvir edən əsərlərində hadisələr müxtəlif yerlərdə cərəyan etdiyi kimi , yoxsulların və varlıların, xaraktercə müxtəlif rəngarəng surətlərini yaratmışdır. Mahiyyət etibarı ilə eyni arzularla yaşayan xarakterlər bir – birinə bənzəmir və bir – birini təkrar etmirlər.
“Şamo“ və “Qafqaz qartalı“ nın mərkəzində dövrün ən böyük ictimai konflikti durur : azadlıq hərəkatı müxtəlif sinifləri təmsil edən canlı surətlər, iki böyük cəbhə üz- üzə dayanır. Bir tərəfdə çar məmurları və yerli hakimlər, Sultan , Gəray, Müqim , Ağaxan, Hətəmxan kimi varlılar və onların əlaltıları Yasavul Kərbalı , Balay , Ələmdar və başqaları , digər tərəfdə isə Nəbi və Həcər, Şamo, Alo, Safo, Gülsənəm, Qəmər, Fərzəli, Sibir Matvey, Mirzə Polad , kənkan Qeybalı bir sözlə , Azərbaycan, rus və gürcü xalqlarının ən yaxşı oğulları , azadlıq mübarizləri özlərinə məxsus xüsusiyyətləri ilə yadda qalırlar.
Əsər Şehli hadisələrinin təsviri ilə başlanır. Müəllif təbii yolla əhatə dairəsini genişləndirir , kiçik dağ kəndini gözəgörünməz bağlarla ölkə ilə əlaqələndirir. S.Rəhimov məharətlə Dəli dağ, Eloğlu, Cavanşir, Dağətəyi və Şuşanın bir – birinə bənzəməyən mənzərələrini canlandırır. O, bütün səyi ilə göstərir ki, zəhmətkeşlərin vəziyyəti hər yerdə ağırdır, onlar çıxış yolu axtarırlar. Cəmi otuz evdən ibarət olan Şehli kəndi bir – birini yaxından tanısa da, parçalanmış yaxın qohumluq, mehriban qonşuluq münasibətləri pozulmuşdur. Bir tərəfdə yoxsullar, digər tərəfdə varlılar arasında gizli və aşkar toqquşmalar illər boyu davam edir. Torpaq qazmalarda yaşayan ac – yalavac kasıb uşaqlarının əyinləri paltar, ayaqları başmaq görmür. Hampalar və ruhanilər əlbir olub camaatı talayır, gözümçıxıtıya salırlar. Varlıların və yoxsulların dolanışığını əks etdirən epizodlar romanda inandırıcı dəlillərlə verilmişdir. Cəmiyyətdə hakim qanunlar düzlüklə yaşamaq, insani ləyaqəti qorumaq çətindir. Xalqın ən yaxşı oğulları bu həqiqəti dərk edib mübarizəyə başlamışdılar. Köhnə kəndi yaxşı tanıyan ədib təfərrüatları yerində işlətməklə azadlıq mübarizlərinin qarşısına çıxan çətinlikləri hərtərəfli araşdırır. Əsərdə xüsusi mülkiyyətçilik vətəndaşlar arasında bərabərsizliyin doğurduğu ədalətsizlik bütün çılpaqlığı ilə göstərilmişdir. “Şamo“ da elə bir dövr əks olunmuşdur ki, sinfi şüuru oyanan zəhmətkeşlər birləşir, mübarizəyə qalxırdılar. Azadlıq hərəkatı öz iştirakçılarına mərdlik , fədakarlıq, dözüm dərsi verir. Bu həqiqət əsərdə özünü aydın göstərir. Yeni şərait mübarizlərini, Şamo, Heybət, Arşaq, Suren, Heydərəli, Seyfəli surətlərində yeni inqilabçı nəslinin yetişməsində kommunist ideyalarının təbliğatının rolunu göstərir. S.Rəhimov yoxsulların acınacaqlı vəziyyətlərinə göz yummur, bunu onların mübarizəyə qaldıran əsas amillərdən biri kimi mənalandırır. Əsərdə Zeynəb özü kimilərinin acınacaqlı taleyinə göylərin təyin etdiyi bir qismət kimi baxırsa da , oğlu Qeybəli mübarizənin ən qızğın yerində dayanır. Əəsrdə bir ailənin , bir dam altında yaşayan adamların dünyabaxışlarının müxtəlifliyində əks olunmuşdur. Belə ki, məruz qaldığı haqsızlıqların qabağında xəstə və qoca Safo xilası göylərdən gözləyir , lakin onun oğlu kommunist Şamo başa düşmüşdür ki, azadlığa çıxmaq üçün silahlanmaq , qurban vermək , fədakarlığa hazır olmaq lazımdır. Yazıçı əsərdə Şamonun inkişaf yolunu inandırıcı göstərə bilmişdir. Realist yazıçı gənclərin xarakterlərinin formalaşmasında XX əsrin ikinci onilliyində baş verən hadisələrin və düşdüyü yeni mühitin həlledici rolunu göstərməklə yanaşı, xalqın əsrlərdən bəri gözəl, əxlaqi – mənəvi keyfiyyətlərinin əhəmiyyətini də unutmamışdır. Bir vaxtlar özünü göstərən şəxsiyyət kimi tanınmasında sözü bütövlük , dostluqda sədaqət kimi sifətlər şüurlu bir inqilabçının dünya görüşündən daha artıq xalqın əsrlərdən bəri əxlaqi qənaətləri ilə bağlanır.
S.Rəhimovun xalqla bağlılığının mühüm xüsusiyyətlərindən biri uşaqlıqda eşitdiyi nağıl və əfsanələrin, dastan və rəvayətlərin onun yaddaşında tükənməz bir mənbə olmasıdır. Ədibin uşaq hafizəsinə həkk olunmuş ilk həqiqi qəhrəman Nəbi və Həcər olmuşdur. Bu təsadüfü olmayıb, yazıçının illər keçdikcə real qəhrəmanlar yadından çıxmamış, onların igidliyini dəyanətini, məhəbbət və sədaqətini yadda qalan bədii vasitələrlə əks etdirə bilmişdir. Demək olar ki, S.Rəhimovun iri həcmli romanlarında, povest və hekayələrində IX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan kəndlərində hökm sürən ictimai – iqtisadi münasibətlər geniş şəkildə canlandırılmışdır. Bu nöqteyi – nəzərdən tədqiqatçılar ədibi heç kəslə müqaisə etmirlər. Onun əsərlərində sadə zəhmətkeşlərin hüquqsuz və acınacaqlı vəziyyəti hərtərəfli təhlil olunmuş, əsərlərindən təfəkkürlərə keçərək canlı nitqə daxil olmuşdur. Bu, sənətkarın qüdrətini və xalqa bağlılığını parlaq surətdə göstərən dəlillərdən biridir. Kənddə sosializm quruculuğunun, onun tarixi nəaliyyətlərinin şahidi olan ədib , inqilabdan əvvəlki kəndə nəzər salmış, sinfi şüuru oyanan, insani həyat uğrunda mübarizəyə qoşulan qüvvələrini ilk plana çəkərək, xalqın azadlıq hərəkatına başçılıq etmiş mətin kommunistlərin surətlərini böyük məhəbbətlə yaratmışdır. Ədibin bu məsələ ilə əlaqədar mülahizələri xalq və cəmiyyətə münasibətini aydınlaşdırmaq nöqteyi – nəzərindən çox əhəmiyyətlidir. O, məqalə və çıxışlarında dəfələrlə göstərmişdir ki, sosializm realizmi yeknəsəqliyə deyil , sənəd rəngarəngliyinə , kəşviyyatçı , ixtiraçı olmağa səsləyir. ( “Yazıçı və həyat” səh. 356) Həyata bağlılıq əlaqəsini geniş mənada qəbul edən yazıçı əsərin cəmiyyətin zəruri tələblərindən doğmasını vacib saymışdır.
Azərbaycan sovet ədəbiyyatının inkişafı tarixində mövzu və bədii ifadə vasitələri baxımından öz yolu olan yazıçı uzun illər ərzində özünün mənalı sənət aləmini yarada bilmişdir. S.Rəhimovun əsərləri hərşeydən əvvəl həyat materialları və dəqiqliyi ilə diqqəti cəlb edir. O, deyir : – “ Mən əlimə qələm alıb yazmağa başladığım gündən bu qənatdə olmuşam ki, əsərin mövzusunu, materialları, səciyyə və surətləri də yazıçıya bitib tükənməyən həyat qaynaqları verir”. ( “Yazıçı və həyat“ səh. 404)
Beləliklə S.Rəhimov taleyi ilə bağlı düşüncələrindən çıxış edərək demişdir: – Müəllif əməyə münasibəti ilə əsər üzərində sona qədər inadla işləməli axtarışlar aparmalıdır. “Mən yaradıcı əməkdən qorxan ilhamın səmərə verəcəyinə zərrə də olsa inanmıram, yaradıcı zəhməti olmasaydı istedad sönərdi, zəhmət səmərə verməzdi”. S.Rəhimov ağır zəhmətdən sonra çap etdirdiyi əsərlərdən birdəfəlik əl çəkmir , imkan olanda onları yenidən işləyir, “Şamo“ və “Saçlı” kimi iri həcmli romanların ayrı – ayrı nəşrləri yazıçının öz əsərləri üzərində diqqət və səylə işlədiyini əyaniləşdirir. Onun fikrincə müasir Azərbaycan kəndindən yazan müəllif kəndin dünənini bilməsə, hzırda orada nə baş verdiyini ictimai mədəni dəyişikliklərinin əhəmiyyətini lazımı qədər qiymətləndirə bilməz.
Çoxmillətli Azərbaycan sovet ədəbiyyatı öz inkişafının ilk mərhələlərindən başlayaraq tarixi mövzuların işlənməsinə mühüm əhəmiyyət vermişdir. Trixi mövzular xalqın yadelli işğalçılara və istismarçılara qarşı mübarizəsinin parlaq səhifələrinin canlandırılması zəhmətkeşlərin vətənpərvərliyi mühüm əhəmiyyətə malik olmuşdur. Otuzuncu illərin əvvəllərindən başlayaraq, Azərbaycan yazıçıları azadlıq və xalq hərəkatının parlaq səhifələrinə müraciət etmişdilər. Tarixə bu gün də azalmayan dərin maraq Azərbaycan ədəbiyyatının xarakter xüsusiyyətlərindən biridir. Tarixi mövzuların meydana çıxması Azərbaycan romanının inkişafında mühüm əhəmiyyətə malikdir.
“S.Rəhimov böyük sənətkardır ” , – dedikdə , onu da nəzərə almaq lazımdır ki, ədibin əsərlərində xalqımızın inqilabdan əvvəlki həyatı kimi, onun sosializm cəmiyyəti quruculuğunda fəaliyyəti yeni dünya görüşünün formalaşması özünün bütün mürəkkəbliyi və əlvanlığı ilə əks olunmuşdur.
S.Rəhimov otuzuncu illərin əvvəllərində Azərbaycan kəndində gedən kəskin sinfi toqquşmanın real mənzərəsini “Saçlı “ romanında canlandırmış,
əsərdə tərəflərin mövqeyi, arxalandıqları tarixi həqiqətlər, zəhmətkeş insanların yeni qurluşun həyatiliyi və humanizminin nəticəsi, tarixi məğlubiyyətin labüdlüyü qarşısında acizliklərini etiraf etmək istəməyən istismarçı toqquşması ilə müəyyənləşmişdir. Yeni cəmiyyətin qabaqcıl qurucularının fəaliyyətini əks etdirən “Saçlı” Azərbaycan sovet nəsrinin inkişafı tarixində özünə məxsus yeri olan əsərlərdən biridir. Otuzuncu illərdə ədibin bir neçə il Azərbaycanın müxtəlif rayonlarında partiya işində çalışması, kollektivləşmə, kəndin yenidən qurulması uğurunda gedən mübarizədə bilavasitə fəal iştirakı , eyni vaxtda gördükləri və eşitdikləri roman üçün zəngin material vermişdir. Xalqın ən yaxşı oğulları, kommunistlər, fəhlə sinfinin kəndə göndərdiyi adamlar şəxsi mənfəət və rahatlıq bilmədən qələbəni möhkəmləndirmək yolunda səylərini əsirgəməmişdir. Hakimiyyətlərini, var – dövlətlərini itirmiş qolçomaqlar, kəşfiyyat orqanlarına satılmış xainlər yeni quruculuğa qarşı çıxaraq quruculuğu pozmağa, müvəqqəti çətinliklərdən kütlələrin avamlığından çirkin məqsədlərinə çatmaq üçün cəhd göstərirdilər.
“Saçlı“ otuzuncu illərin birinci yarısında Azərbaycan kəndinin həyatını real şəkildə əks etdirir. Müəllifin qələmə aldığı dövr səciyyəvi hadisələr : – kollektivləşmə , əsrlərdən bəri qanun şəkli almış adət ənənənin sarsılması mühüm ictimai – siyasi dəyişikliklərin adamların məişətində və psixologiyasında doğurduğu böyük inqilabi çevriliş sənətkara maraqlı material vermişdir. Mübarizədə sosializmin dostları ilə düşmənləri arasında mübarizə genişlənirdi. Yazıçı, kimlərin ardınca getmələrini tarixi həqiqətə müvafiq olaraq onların arzularının həqiqətə çevrilməsi kimi qələmə almışdır. “Saçlı“ sosializmin kənddə qələbəsini əks etdirən bir əsərdir. S.Rəhimov zəhmətkeşlərin əmək coşqunluğunu və sevinclərini xüsusi bir diqqətlə canlandırmağa müvəffəq olmuşdur. Əsərdə ədibin ən mühüm ədəbi nəaliyyəti müsbət qəhrəman surətlərinin canlılığı və inandırıcı göstərilməsi, daxili aləmlərinin psixoloji dəqiqliklə işıqlandırılmasıdır. Ona görə də oxucu qəhrəmanları alqışlamaqla yanaşı onları bir insan kimi də sevirdilər. Yazıçının qabaqcıl müasirlərimizin surətini yaratmaq nöqteyi – nəzərindən roman mühüm əhəmiyyətə malik əsərlərdən biridir.
S.Rəhimovun ayrı – ayrı vaxtlarda irəli sürdüyü mülahizələr göstərir ki, müsbət qəhrəman surəti bir sənətkar kimi ədibin düşüncələrini həmişə məşğul etmişdir. Amma o, həmişə özünün şəxsi təcrübəsinə əsaslanmışdır. Müsbət qəhrəman necə olmalıdır ? – sualı ətrafında mübahisələri rədd edərək deyirdi : – Gəlin zəmanəmizin müsbət adamının dolğun surətini verək ! Qoy bizim müsbət qəhrəmanlar sevinən , gülən , yeri gələndə öz əqidəsi uğrunda ölməyi bacaran , yoldaşının ölümünə ağlayan , sonra da onun hər qətrə qanına bir düşmən öldürən real insan olsun! “ ( “Yazıçı və həyat “ səh. 62)
Yazıçının etiraf etdiyi kimi rayonda partiya işində çalışması, kollektivləşmə uğrunda fəal mübarizənin iştirakçılarından biri olmağı “ Saçlı “ nın yazılmasına zəngin material vermişdir. S.Rəhimov etiraf etmişdir ki, əsər bütünlüklə mənim həyat müşahidələrimin əsasında yazılmışdır. (“Yazıçı və həyat” səh.155)
Yazıçı kollektivləşmə mövzusuna gec müraciət etmiş olsa da təkrara yol vermədən kəskin sinfi mübarizənin mahiyyətini açmağa müsbət qəhrəmanlarının əməllərini əbədiləşdirməyə nail olmuşdur. “Saçlı“ müəllifin yaradıcılıq nəaliyyətləri kimi qeyd edilmişdir. Əsərdə Dəmirov, Zamanov, Qocaoğlu, Mədət, Qiyasəddinov, Cəlilzadə eyni məsləkin insanları, daxili aləmləri ilə fərqlənən canlı insanlarıdır.
Əsərdə vəzifəsinə, partiyanın etimadının nəticəsi olaraq, xalqa daha səmərəli xidmət etməyə çalışan Tahirin arzuları daha canlı verilmişdir. “ O, arzu edərək deyirdi ki, – Bütün kənd evlərində neftsiz lampalar – elektirik lampaları yansın, radio səsləri eşidilsin. Qoy gündüz alın təri ilə işləyən zəhmətkeşlər rahat həyat sürsünlər. Hər bir kəndlinin evində suyu, kəndində həkim məntəqəsi olsun”. Tahir çətinliklərə, sinfi düşmənin fitnəkarlığı nəticəsində mürəkkəbləşən vəziyyətə baxmadan inam və həvəslə işləyir, günün vəzifələrini unutmur, hər şeydən əvvəl onları həyata keçirməyə çalışır, eyni zamanda da işıqlı sabah haqqında düşünür. O, cəmiyyətə arxalanan bir müsbət qəhrəman kimi partiya təşkilatının irəli sürdüyü planların əhəmiyyətini başa düşərək daha da əzmlə çalışır. Tahir cəmiyyətin sağlam qüvvələrini öz ətrafına toplayır. İşlədiyi bu ucqar rayonun gözəlliyini nəzərində canlandırdıqca, ancaq müşahidəçi mövqeyi tutmayaraq, rayonu daha da abadlaşdırmaq arzusu ilə yaşayır. Eyni zamanda onu da başa düşür ki, sinfi düşmənə qarşı ayıq və amansız olmaq lazımdır.
Süleyman Rəhimov romanın mövzusu baxımından dövrün böyük ictimai – siyasi həqiqətləri, kənddə sosializmin qələbəsini yığcam və tarixi faktlarla verməyə nail olmuşdur.
Böyük Vətən Müharibəsi ərəfəsində başlanmış, tarixi qələbədən bir neçə il sonra tamamlanmış “Saçlı“ mükəmməl bir əsər kimi tədqiqatçılar tərəfindən qəbul edilmiş, ədibin əməyi yüksək qiymətləndirilmişdir.
S.Rəhimovun əməyi partiya və hökümət tərəfindən qiymətləndirilmiş, müxtəlif illərdə orden və medallarla təltif edilmişdir.

  1. 1942-ci il 6 fevral – “Şərəf nişanı ordeni”
  2. 1959-cu il 9 iyun – “Əmək bayrağı ordeni”
  3. 1960-cı il – “Azərbaycan SSR Xalq Yazıçısı fəxri adı”
  4. 1970-ci il 20 mart – “Lenin ordeni”
  5. 1972-ci il – “Qızıl qələm mükafatı”
  6. 1975-ci il 4 dekabr – “Sosialist Əməyi Qəhrəmanı”
  7. 1980-ci il 5 mart – “Xalqlar dostluğu ordeni” və s.

Xalq yazıçısı Süleyman Rəhimov 1983-cü il oktyabrın 11-də Bakı şəhərində vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

Rəsulova Ədalət. AMEA Nizami Gəncəvi adına Ədəbiyyyat İnstitutunun əməkdaşı.

Süleyman Rəhimov
Xülasə

Məqalə görkəmli Azərbaycan yazıçısı Süleyman Rəhimovun həyatı yaradıcılığı, keçdiyi həyat yolu, “Şamo” və “Saçlı” romnları əsasında hazırlanmışdır.
Açar sözlər: Süleyman Rəhimov , “Şamo”, “Saçlı” obrazlar, konflikt.

Сулейман Рагимов
Резюме
Статья основана на жизни и творчестве выдающегося азербайджанского писателя Сулеймана Рагимова, его жизни, романах «Шамо» и «Сачли».
Ключевые слова: Сулейман Рагимов, «Шамо», «Волосатые» образы, конфликт.

Suleyman Rahimov
Summary
The article is based on the life and work of prominent Azerbaijani writer Suleyman Rahimov, his life, the novels “Shamo” and “Sachli”.
Keywords: Suleyman Rahimov, “Shamo”, “Sachli” images, conflict.