AİLƏDƏ  GƏRƏK  DİQQƏT  VƏ  QAYĞI  QARŞILIQLI  OLSUN.

Bir dəfə Polad adlı 50-55 yaşlarında bir kişi həyat yoldaşı Gülyaz  xanımı mənim yanıma müayinə və müalicə üçün gətirmişdi. Mən  Gülyaz xanımdan necə xəstələndiyini, xəstəliyə nə səbəb olduğunu  soruşduqda o belə dedi: mən bilən, xəstələnməyimə səbəb ağır ev  işləri, xəstəliyimin ağırlaşmasına səbəb isə ərimin mənə qarşı biganəliyi  və onun mənim xəstə olmağıma inanmamağı olub. Mən Pedaqoji  Universiteti qiyabi bitirdikdən sonra ərə getmişəm. Biz ailə quranda  mənim 25, ərimin 35 yaşı var idi. Biz kənddə yaşayırdıq. Mən ev işləri  ilə məşğul olurdum, ərim də maşınları təmir edən usta kimi işləyirdi. Əvvəllər, mən evi yığıb-yığışdırır, xörək bişirir, paltar yuyur, toyuq-cücə  və mal-qaraya baxırdım, sonra bunlara uşaqlara qulluq da əlavə  olundu. Toyumuzdan sonrakı 1-2 il ərzində ərim mənə qarşı çox  diqqətli və qayğıkeş idi. O, mənə Gülyaz yox, Gülüm deyirdi. Bazarlığı  özü edir, ev işlərində də kömək edirdi. Sonra onun qayğısı tükəndi. O, hər işi mənim öhdəmə buraxdı, özü də səhər getdi, axşam gəldi.                                                                        Günlərin bir günü hiss etdim ki, ürəyim göynəyir, o gah vurur, gah  dayanır. Ərimə dedim, deyəsən xəstələnmişəm, məni həkimə apar, ya  da onu evə çağır. Polad dedi, heç nə olmaz, keçər-gedər, arvadların  canı bərk olur. Mən dinmədim. Evdə olan valerian tabletkasını qəbul  etdim, 30 damcı korvalol içdim, bir az sakitləşdim. Sonra bir neçə dəfə  bu hal təkrar olundu. Səbrim tükəndi, mən Polada dedim: sən mənim  xəstəliyimə laqeyd yanaşırsan, bunun axırı pis ola bilər. Xəstəlik özünə  yer eləsə, xroniki hal alsa mən ömür boyu müalicə almalı olacağam.  Sənin bir yerin ağrıyanda mən əlimdən gələni edirəm ki, sənə heç nə  olmasın. Polad dedi: eləməlisən, çünki mən sənin çörək ağacınam. Birdə  ki, mən səni almışam mənə baxmağa. Sən mənə bax, sonra vaxtın  qalanda özün-özünə də bax. Poladın bu sözləri məni hövsələdən çıxardı  və mən ona dedim, əgər istəyirsənsə mən yataq xəstəsi olmayım, sən  də mənə adam kimi bax. Ailədə bir-birinə qarşı diqqət və qayğı qarşılıqlı  olmalıdır. Ürəyim sıradan çıxsa onu dəyişmək mümkün olmayacaq.  Maşın hissəsi deyil ki, alıb yerinə təzəsini qoyasan. Allah xəstəlik də  yaradıb, həkim də. İnsan xəstələnəndə ona ancaq Allah və həkim  kömək edə bilər. Mən özbaşına dərman içməklə sağalmayacağam. Polad dedi, ay qız, həkimə getmək pulsuz deyil, Allah bilir məndən neçə  manat pul istəyəcəklər. Həkimə ver, analizlərə ver, kardioqrammaya  ver, dərmana ver, sonra da iynə vuran tibb bacısına ver. Mənim o  qədər pulum yoxdur. Mən dedim, indiki zamanda hər bir  xidmət  pulludur, saç düzəltmək də, evi və maşını təmir elətdirmək də. Bir  müğənni toyda yarım saat oxumaq üçün 4 min manat, bir məmur  nəyəsə icazə vermək üçün qol çəkməyə 10 min manat alır. Sənin  yadındamı, qaraj tikmək üçün icazə almağa nə qədər pul vermisən.  Həkimə dövlət ayda 130 manat maaş verir, 2 ildə bir dəfə də onun  maaşını 10 % artırır. O, pulsuz  xidmət  göstərsə ailəsini necə saxlaya  bilər. Kim həkimə pulsuz xidmət göstərir?. Həkim insanın ürəyini,  beynini, ciyərini və başqa vacib üzvləri təmir eləyir, onların əmək  qabiliyyətini bərpa edib işinə qaytarır. Həkimlər olmasa əhalinin  müəyyən hissəsi ya ölər, ya da əlil olar. Əlillərin artması da dövlətə  artıq yük olar. Ona görə, həkimə edilən hörmət halaldır. Hər bir şəxs  aldığı məvacibdən özünün müalicəsi üçün pul ayırmalıdır. Sən özün  siqaretə, arağa, maşın hissələri almağa pul tapırsan, məni müalicə  etdirməyə yox. Mən öləndən sonra təzə arvad almağa pul tapacaqsanmı? Polad dedi: sən xəstə-zad deyilsən. Özün də diplomat  kimi danışırsan. Otur evdə, bozbaşını bişir. Mən az qala dəli oldum və  Polada dedim: arifə söz deyəndə o bir kəlmədən qanır, anlamaza yüz  söz de, birini də anlamır. Bizim şairlərimiz aşağıdakı təmsilləri elə sənin  kimilər üçün yazıblar.

Ayı deyir, mən qanmazam, düzdür, bunu danmıram, amma nədir  qanmazlığım, bax mən bunu qanmıram.

Eşşək deyir, deyirlər ki, mən qanmazam, mən buna inanmıram, belə  sözləri heç vecimə almıram.

Meymun deyir, mən meymunam, mənə də   meymun deyirlər, adam var ki, adam deyil, ona niyə insan deyirlər.

Mən bilmirəm, sən yuxarıdakılardan hansısan. Ancaq onu bilirəm ki, sən  Polad yox, palıd kötüyüsən, sənə söz batmır. Ay kötük, başa düş, mən  yataq xəstəsi olsam sənin günün nə olacaq. Tək mən yox, sən də əzab  çəkəcəksən. Elə bunları demişdim, birdən hiss etdim sinəmin arxasında ürəyim çapalayır.Əlimi döşümün üstünə qoyub qışqırdım, Polad, öldüm. Sonra gözlərim dumanlandı və mən huşumu itirib döşəmənin üstünə  sərildim.Gözlərimi açanda gördüm ki, xəstəxanadayam. Polad yanımda  stulda oturub. O, bir əli ilə başımı sığallayır, o biri əlində tutduğu cib  yaylığı ilə yaşarmış gözlərini silir. Mən dedim, qorxma, Polad, mən  yaxşıyam. Sən indi inandınmı, mən xəstə idim. Mən ölsəydim, yəqin  deyəcəkdin, çox gec tapdım Gülümü, vaxtsız saldım itirdim. Şükür olsun  Allaha, sağ olsun həkimlər, mən ölmədim, yoxsa mənim soyuqqanlı  ərim və istiqanlı uşaqlarım yetim qalardılar. Gülyaz xanım danışarkən  Polad heç dinmədi, onun heç bir sözünə etiraz eləmədi. Mən düşündüm, hər kim nöqsanını başa düşürsə, onda bir az kamillik var.

Mən sonra Gülyaz xanımı yoxladım, müalicə təyin etdim və məsləhətlər  verdim. Onlar mənim yanımdan gedəndə mən Polada dedim, sənə də məsləhətim var.

İtirmə,itirmə,can sirdaşını,

İtirsən tapmazsan sən bir də onu.

Sonrakı peşmançılıq fayda verməz,

Günah hissi səni heç vaxt tərk etməz.

Kimsəsiz qalarsan, bədbəxt olarsan,

Ürəyin qəm yeyər, tez qocalarsan.

Polad  mənə  cavab  verdi: düz  deyirsən.