GÜL BAĞINDA
Təbiət ruhuma sığal çəkəndən,
Yaman vurulmuşam bu yaşıl bağa.
Ürəyim darıxır gül-çiçək üçün,
Əlvida demişəm mən tənhalığa.
Güllər unutdurub dərdi-sərimi,
Gözəldi yurdumun təmiz havası.
Saf sular duruldur fikirlərimi,
Çəkilir qəlbimin ağrı, acısı.
Mən burda tapmışam rahatlığımı,
Şirin layla çalır əsən meh, külək.
Gəzib dolnıram bağça, bağımı,
Sevinclə döyünür sinəmdə ürək.
Hər bulaq bir təzə nəğmə oxuyur,
Ayağım altında xalıdı çəmən.
Sübh şehi güllərin üzünü yuyur,
Bənövşə nazlanır, gülür yasəmən.
Gözəllik uyuyur Vətən bağında,
Qəlbimdən, könlümdən həsrət çəkilir.
Bu güllü-çiçəkli bahar çağında,
Ürəyim gül açır, sözlərim gülür.
BƏNÖVŞƏ
Səni gördüm Vətən düşdü yadıma,
Göz açmısan ilk baharda, bənövşə.
Qəriblik də bir zülümdü adama,
Mənəm qalan intizarda, bənövşə.
Ayrılığın üzü buzdan betərdi,
Utancaqlar kol dibində bitəndi.
Çəkmək olmur bu həsrəti, bu dərdi,
Sən hardasan, cör mən harda, bənövşə.
Gün vurduqca zirvə qarı xallanır,
Bulaqların təmiz suyu ballanır,
Lalələrin al yanağı allanır,
Çəkiləcək qalan qar da, bənövşə.
Həsrətindən oda yanıb çox aşiq,
Çöl-çəmənə sən olmusan yaraşıq.
Ikimiz də boynu bükük qalmışıq,
Mən qürbətdə, sən də orda, bənövşə.
Əziz Musa qurban olsun boyuna,
Düşmən salıb bizi qanlı oyuna.
Necə gəlim harayına, hayına,
Mən düşmüşəm sənsiz oda, bənövşə.