YAZ GƏLİB
Yurduma yaz gəlib, gülür təbiət,
Təzə nəfəs gəlib, təzə can gəlib.
Çəkilib çöllərdən soyuq qar, duman,
Gəzməli, görməli bir dövran gəlib.
Çıxıbdı çəmənə nazlı gözəllər,
Qonub dil, dodağa şirin qəzəllər,
Bəzənib dağ-dərə, sevinir ellər,
Dağların qoynuna tar, kaman gəlib.
Dönübdü cənnətə yaylaqlar indi,
Çöllər könül açır, hava sərindi.
Sellər-sular yuyur bərəni, bəndi,
Əlində çomağı Xan Çoban gəlib
Bir yanda əbəlik, bir yanda yarpız,
Gəlibdi bulağa neçə gəlin, qız,
Göndüz günəş gülür, gecə ay, ulduz,
Həyat gözəlləşib, xoş zaman gəlib.
Bülbül nəğmə qoşur çiçəyə, gülə,
Suların bəstəsi düşübdü dilə.
Açılıb bənövşə, nazlanır lalə,
Yaz gəlib, hər dərdə min dərman gəlib.
Nəğmələr bürüyüb bağçanı, bağı,
Şiçəklər bəzəyib dərəni-dağı.
Sizinlə görüşə bu bahar çağı,
Əziz Musa adlı bir ozan gəlib.
YAZ GECƏSİ
Ruhumu oxşayır həzin duyğular,
Vurullam dünyanın yaraşığına.
Gecələr həmdəmim ulduzlar olar,
Gündüzlər çıxaram gün işığına.
Sübh tezdən oyanar güllər, çiçəklər,
Yığaram gözümə naxışı, rəngi.
Baxaram dağlara könlüm çiçəklər,
Dönər tamaşaya hər gül çələngi.
Arzular, istəklər sığışmaz yerə,
Xəyallar dolaşar yeddinci qatı.
Açar göy qurşağı təzə pəncərə,
Bir meh də dəyişər neçə ovqatı.
Üfiqlər bənzəyər şəfəq ləkinə,
Ürəyim köklənər yaz havasıyla.
Pisliklər çəkilər yerin təkinə,
Arılar oyanar naz havasıyla.
Dünya gözəlləşər ilıq nəfəslə,
Bu sevgi torpağa, daşa da çatar.
Bülbül nalə çəkər yanıqla səslə,
Bu yaz gecəsində aşiqmi yatar?