TƏRCÜMEYİ-HAL

Babayev Elvin Mirkəlam oğlu 1990-cu il sentyabr ayının 11-də Cəlilabad rayonunun Mikayıllı kəndində anadan olub.Bakı şəhərində Kimya-Biologiya təmayüllü internat tipli liseyə qəbul olub.2008-ci ildə həmin liseyi bitirib.2008-2012-ci iləldə Sumqayıt Dövlət Universitetinin Kimya və Biologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2012-2013-cü illərdə ordu sıralarında hərbi xidmətdə olub.
Ədəbiyyata, poeziyaya maraq göstərir.İlk şeirini 2002-ci ildə qələmə alıb.”Məhəbbət” adlanan həmin şeir bir bənddən ibarət olub.Tələbəlik illərində həm şeirləri, həm də məqaləsi Sumqayıt şəhərində “Sumqayıt Universiteti”,“Sözün sehri” qəzetlərində, müxtəlif Mədəniyyət və Ədəbiyyat portalında dərc olunub. Xalq şeiri üslubunda, həm də klassik üslubda ədəbi-bədii nümunələr ərsəyə gətirir.
Gənc ədib Elvin Babayev ədəbi-bədii yaradıcılığında daha çox qəzəl janrında yazılan şeirlərə üstünlük verir.Digər gənc yazarlar kimi, Elvin Babayevin də yaradıcılığında həm ictimai-siyasi, həm əxlaqi-fəlsəfi şeirlər, həm də məhəbbətin tərənnümünə həsr olunmuş şeirləri var.

YENƏ

Yenə məhəbbətim qaldı havada,
Gözlədim, gözlədim yerə düşmədi.
Axı mən yerdəyəm göylə davada,
Bəlkə yerlə göy heç görüşmədi?!

Bunun da qəlbinin qapısı bağlı,
Kim görüb çilingər qismində məni?!
Uzaqdan sevilmək deyil maraqlı,
İstərdim cismində yaşatsın məni.

Mən həsrət ilə boğulmaqdayam,
Kaş o gözlərinə bir də baxaydım.
Ölürəm, yenidən doğulmaqdayam,
Qan doğulub ürəyindən axaydım.

YALNIZLIQ

Zamanın oduna mən də yanmışam,
Eşq alovunda alovlanmışam.
Çoxdandı getmisən indi qanmışam,
Yalnızlıq nə yaman çətinmiş məgər?!

Gedirəm yollarım ucsuz-bucaqsız,
Sevgi niyə gəlir sorğu-soraqsız?!
İnsan da yanarmış odsuz-ocaqsız,
Yalnızlıq nə yaman çətinmiş məgər?!

Kaş gözəlim indi qarşıma çıxsan,
Mən də karıxsan, sən də karıxsan.
Anlaya bilərsən bəlkə darıxsan,
Yalnızlıq nə yaman çətinmiş məgər?!

Kaş bu yol bitəydi, gözəlim, səndə,
Səninçün ağardı saçımda dən də.
Necə xoşbəxt idik deyib-güləndə,
Yalnızlıq nə yaman çətinmiş məgər?!

Döndərməz qayalar, sildırım məni,
Elə bil vurubdur ildırım məni.
Yıxılsam, dostlarım, qaldırın məni,
Yalnızlıq nə yaman çətinmiş məgər?!

Mən aya baxıram ruhum yüksəlir,
Ay da mənə baxır yazığı gəlir.
Sadəcə sevərək ayrılan bilir,
Yalnızlıq nə yaman çətinmiş məgər?!

Getsən də, gözəlim, çox uzaqlara,
Demədim, eşq hara, bu ELVİN hara?!
Dözdüm, düşünsəm də mən qara-qara,
Aşiqlər nə qədər mətinmiş məgər,
Yalnızlıq nə yaman çətinmiş məgər?!

DƏYMƏZ

Fələk istədiyin eyləyib edər,
Qadası, özünü yormağa dəyməz.
Onsuz da yumrudu fırlanıb gedər,
Dünya arxasında durmağa dəyməz.

Həyatda mən də çox risqə girmişəm,
Birini yazanda, birin silmişəm.
Vaxtımı itirib bir şey bilmişəm,
Yalançı xəyallar qurmağa dəyməz.

Allaha söz demək qula yaraşmaz,
Yoxsa ki, o qəlbin vurmağa dəyməz.
Sevənləri hissləri sözə sığışmaz,
Sevgini sevəndən sormağa dəyməz.

HƏSRƏT

Yandırdı nə yaman həsrətin məni,
Çəkdiyim bu hisslər eşqdir, ya nədir?!
Mən niyə demədim bircə kəlməni,
Bəlkə dalaşmağa bir bəhanədir?!

İnsanlar dalaşıb ayrı qalanda,
Həsrətdən sevgini duya bilərmiş.
Qəlbində əbədi ilk eşq olanda,
Başqasın göz yaşın yuya bilərmiş.

Həyatım dəyişdi bir an içində,
Ayrılıq ruhumu alırmış demək.
Təkdisə, bölünməz, ayrılmaz bildim,
Qəlb özündən ayrı qalırmış demək.