Bu ömür sevincdən süzülən kədər…
(Rüstəm Behrudinin şeirləri əsasında)
Milyon ildir torpaq göyə boylanır
çiçəklər günəşə.
Milyon ildir pərvanələr oda yanır
aşiqlər atəşə
Mən ayrılıqlara yandım.
Ayrılıq fani adlandırdığımız dünyanın, əslində isə fani olan cəmiyyətin xarakteristikasıdır. Nədə ayrılıq yoxdur ki… Yer Göydən aralı, Ay Günəşdən ayrı, İnsanlar sərhədlərlə ayrı… Müxtəlif ölçüdə, müxtəlif formada çərçivələri qoymuşuq onsuz da çərçivəli həyatımıza. Din, dil, torpaq, millət arılığı özlüyündə qoyduğumuz, qanun kimi qəbul elədiyimiz çərçivə deyilmi?!
Ayrılıqda bir tənhalıq… Tənhalıqda bir sükut… Sükutda bir səs…
Böyük şəhər… Kiçik bir ev…
Pəncərəndə yalnızlıq ək.
Çiçəyini oxşamağa
Göydən mələklər gələcək.
Yüz illərdir, mələklərin çiynində səadət enir Yer kürəsinə. Az qala inanmışıq bu nağıla. İnsan göydən aralı, mələk insandan aralı, tanrı mələkdən aralı…
Könül daha özünə var,
Hara dönsən ayrılıq var.
Yıxdı məni ayrılıqlar
Gülüm, xoş gəldin, xoş gəldin.
Könlüm qapanır özünə. Varır, vardıqca axtardığını, ayrılar içərisində aradığını tapır:
Soruşma kiməm, nəyəm?
Ağıllı divanəyəm.
Tanrının elçisiyəm.
Sözlərimdə səsim var.
Bu səs hardan gəldi belə?! Bu nə səsdir, söz yaratdı. Söz yarandı, cümlə – cahan tabe oldu hökmünə.
Söz Tanrının mərhəməti,
Ahı daşı dəlibdisə.
Gərək yenəm, mən qul olam
Sözə göydən gəlibdisə.
Min illərdir, söz məskəni göylər insanların dua yeri, ümid, pənah yeridir. Min illərdir göylər ucalıq, paklıq, xoşbəxtlik yeridir.
Göy üzü çadırım, günəş bayrağım…
Yolunda dev duran bir yolçuyam mən.
Qoymurlar özüm tək görünüm, Allah!
Hara çıxım gedim bu yer üzündən?!
Yer üzü qovğalar, dava yeridir. İnsanların pis xisləti onu çirkaba bulayıb. Yer adamı oldun, demək günahlara batdın artıq. Yer adamı oldunsa, demək enmisən ucalığından…
Müqəddəs ruhdusa əvvəl də, son da,
Ey Tanrım, qəribə işindən əl çək.
İztirab yeridir bu Yer kürəsi;
Əzabi təzədən doğulub ölmək.
Bezdim yer üzündə… O göylər niyə
Eşitmir? Sökülüb üstümə axır?
Yüz ildi, min ildi üzüm göylərə…
Göy üzü bir dəfə üzümə baxmır.
Göy üzü – sakitlik, dinclik məskəni… Göy üzü safdır, təmizdir. Göydən uca nə var ki, Mənsə… mənsə, hər addım başında çətinliklə rastlaşan, hər addım başı əzablara qatlaşan sadə bir bəndəyəm, “əzab çəkməyə doğulan adam”am.
Mən kiməm? Cəzamdı bəndə doğulmaq,
Min illik ocağın qovurduğu kül…
Sən kimsən? Nə vaxtsa yad baxışlarla
Əyilib titrəyən, çırpınan könül.
Tanrım mənə bəndəliyi bəxş etdi. Sadə bir bəndəlik – səhv etmək, səhv edə–edə öyrənməkdir. Amma günahkar bir bəndənin günahsız ruhu olarmış. “Ruhum mənim”
Qorxuram ruhuma qoşulum gedim,
Gedim göy üzündə təmizlənim mən.
Niyə buraxmırsan, günahkar canım,
De niyə qorxursan təmizliyindən?
Can bu dünyanın sakini, cisim qorxu əsiri. Ruhumuzla yaşaya bilmək… – Səadət olar ki… Ruha hakimiyyət gərək deyil. O sərbəstdir, azaddır, məkana, zamana sığmazdır…
Ey ruhum, ayağa dur,
Düşdüyün tilsimi qır!
Zaman məndə çırpınır
Mən bir sözün içində.
Yenə söz… Yenə sözmü saldı sehrinə maddi dünyanı?! Söz – hakim, söz – hökm! Söz – məna! Söz – yaradan, söz – yaranan!!!
Günah içindəyəm, ruhum didərgin.
Günahın son ucu həmişə tövbə.
Sözümdən boylanan bu tənhalığım
Ruhumun önündə sonuncu tövbə.
Tövbə deyirəm günahlarıma – bir savab üçün. Tənhalıq içində yumaq istəyirəm günahlarımı didərgin ruhum önündə – Sözümlə!
Duanda tövbə var,
dilində nə də andın
Yüz andımdan keçmişəm
mən divanə, mən arsız
Mən yazdığım, pozduğum
gözəl sözə inandım.
Doğru söz gözəl olmur,
Gözəl söz etibarsız.
Gözəl olmaz doğru söz… Bir doğruluqda bir acılıq yaşayar. Oğul gərək bu acını yeyə bilsin, oğul gərək həqiqəti görə bilsin. Axı,
Yalana sığınıb düz
Yalan düzün içində
Bu düzlər içində yalan, yalana sığınan düz… Acısından dadmaq olmur, şirinindən keçmək çətin
Sənə gələn yolun adı
Sözüm ustə od qaladı
Bu nə cür eşq sevdadı
Dərd qayıdır, dərman olur
Yalandı ya, düzdü sevgi? Haqdı ya, nahaqdı sevgi? Amma… bir şey var ki, daim, yaradır, yaşadır sevgi…
Eşq nəymiş? İlahi, açılmaz bu sirr
Yer deyir, göy deyir, deyir, haqq deyir
Dilini bildiyim ot, yarpaq deyir:
Nə sən mənimkisən, nə mən səninki.
Nə sən mənimkisən, nə mən səninki, Amma…
Payızda
Göz yaşlarım üzümü
Yağışlar pəncərəmi yudu.
Payızda çılpaq yarpaqlar torpağın ruhudu,
Sapsarı yarpaqlar ağacların…
Sapsarı yarpaqlar
Ağacların ruhudu –
Sən mənim!..
Ruhum oldun, içimdə çırpınan canım oldun. Hüzuruna gəlmişəm. Ya çək məni öz yanına xilas elə əzablardan, ya da… Yox…
Günahlı, günahsız bu dünya, aləm
Qiyamət gününü gözləyən bu haqq…
Yer göyə qovuşar qiyamət günü
Mən sənə qovuşa bilmərəm ancaq…