And

“Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirmişəm”.

İlham Əliyev

Kaş sənə bənzəyəydi oğullar da hər zaman,

ürəklər bir-birinə belə məhrəm olaydı.

Nigaran getməyəydi, atalar da dünyadan,

kaş nə belə ayrılıq, nə belə qəm olaydı.

Dəyişəydi yer üstə əsrimizin havası,

insan bağ becərəydi, meyli gülə düşəydi.

Bir Tanrı duasıdır, hər ananın laylası,

o da kaş bu könüldən, o könülə düşəydi.

Yüz il ömür sürüblər, səs çıxmayıb tək əldən,

təsadüf, ya bəlkə də xəlvəti bir qəsd olub.

İlahi bir sirrimiş, deyirlər, bu, əzəldən, –

oğul xoşbəxt olanda, ata da xoşbəxt olub.

“44 Gün”ə yazıldı “Dəmir yumruq” dastanı,

milyonların andı var, onun hər varağında.

Yox, Nuhun tufanı yox, qalxdı xalqın tufanı;

Azərbaycan deyilən Qarabağ torpağında.

Dedin ki, – Gözəl Şuşa! Sən azadsan! – bu səsi,

bu eşqi ürəyimdə mən də təkrar elədim.

Şuşa,

İlham,

Ərdoğan,

“Şuşa müqaviləsi!”,

“Bir millət, iki dövlət”, – deyənə rəhmət, – dedim.

Onda “44 gün”ə

hələ qalırdı

“…işə bax: İrəvanda mənə erməni millətçilər hücum çəkirdi – Nəriman Nərimanovu təqdir etdiyim üçün, Bakıda isə böyük şair Nəriman Həsənzadə haqqında məqalə yazdığımdan belə

heyvərələrdən qorxmalı idim… Əzizim Nərmiman müəllim… Sara xanımla, Nazimlə, Xatirəylə İrəvana gəldiniz, tamaşaya baxdınız, şəhərin qədim Azərbaycan abidələri önündə dayandınız, Sizi Göyçə gölünəcən yola saldım, çox söhbətlər etdik, hər şey dalğın, lakin səmimi idi, yadınızdamı? Heyif, itirdik, Nəriman müəllim, çox şey itirdik, ən böyük müsibət torpaqlarımızın hələ ki düşmən tapdağında qalmasıdır. İtirdiklərimizi qaytarmaq arzusuyla”.

Hidayət

“Prometey” jurnalı

1993

Məni İrəvana dəvət elədin,

“Nəriman” pyesim oynanılırdı.

Sən orda elə bir qeyrət elədin,

onlar,

səndən qorxub, səni danırdı.

Erməni səhnəsi, doktor Nəriman,

salonda əl gedir, demə tufandı!

– Bu torpaq bizimdi, – deyir qəhrəman, –

İrəvan –

özü də Azərbaycandı!

“Hidayət, teatrın Baş direktoru,

gərək götürülsün vəzifəsindən…”.

MK katibinin buydu qərarı,

sən yenə susmurdun,

dilində Vətən!

Onda, İrəvanda bir cəbhədəydik,

qoya bilərdimmi mən səni gözdən?

Onda – sözümüzü biz orda dedik,

sən o teatrdan,

mən o səhnədən!

Səni qorxuzmadı o kin, o hədə,

nə qalxan tozanaq, nə əsən külək.

“Qardaş” Respublika,

təkləyəndə də,

inamın buydu ki, o gün gələcək.

Təqiblər, təzyiqlər nəsibin oldu,

şerinə, sözünə irad tutdular.

Hidayət,

qoy deyim onlar kim oldu? –

Vətən torpağını minalayanlar!

Kimsə qızışmışdı sənə qəsd üçün,

nə desən olardı, başqaydı zaman.

Bəlkə sən aldığın hər nəfəs üçün,

onda namaz üstə

dururmuş, Anan?!

Rusa, Avropaya arxalanırdı,

onda erməninin niyyəti nəydi?!

Onda, “44 Gün”ə hələ qalırdı,

“Dəmir yumruq”a da

Vaxt hamiləydi.

Yaşa, Mir Sədi ağa

Nərminə xanıma

Elə həvəslə gülür,

elə uğunub gedir,

elə bil dünyasını

dünyada qoyub gedir.

Gülə-gülə danışır,

açıb-tökür nəyi var.

Deyirsən, Allah, Allah,

nə gözəl ürəyi var.

Necə pakdı,

bu insan,

heç çıxarmı yadımdan?

Seyid Mir Sədi Ağa,

istəkli babasıydı,

Həyatı –

namaz üstə,

Tanrıya duasıydı.

Bir mahalın içində,

bir dinin dühasıydı.

Atası Mir Məhəmməd,

dilində haqq-ədalət,

haqq yolunda getdilər,

oddan-oda getdilər.

Nə vaxt –

ağlada bildi,

nə zəmanə, nə bir kəs.

Gözlərindən oxunur, –

gülər, amma o dönməz.

O gülüşlər – fikirdi,

sözdü, ya münasibət.

Deyir istədiyini,

təbiətdə – təbiət.

Başı üstə yaradan,

dizinin üstə “Quran”.

Təbəssümü – üzündə,

gülüşü dodağında.

Mir Sədi əyilmədi,

güclərin qabağında.

Aləm qalxdı ayağa,

o dəmdə bir sinədə.

Babası Mir Sədinin,

atası – Məhəmmədin,

güldü əvəzinə də!

Yaşa, Mir Sədi Ağa,

haqqın var, yaşamağa.

Vətən

Akademik Nizami Cəfərovun

“Azərbaycan tarixşünaslığında antiazərbaycançılıq” məqaləsini oxuyarkən

Arazın o Tayı, bu Tayı Vətən!

Nə qədər insafsız, nə qədər həris, –

beş addım, on addım

bir məsafədən,

mənim tariximi danır şərəfsiz.

Atropat – qəhrəman bir oğul oldu,

o sevdi, döyüşkən oğullarını.

Bariaks –

əyildi, ona qul oldu,

İskəndər sərt verdi son qərarını.

Onda da düşmənlər atdı oxunu,

onda da bizimki dəydi hədəfə.

İskəndər –

neftin də nə olduğunu,

Xəzər sahilində gördü ilk dəfə.

Tarixim oyaqdı, torpağım oyaq,

əlbəyaxa olduq, xeyir-şər ilə.

İgid Amazonka qızları o vaxt,

burda görüşdülər,

İskəndər ilə.

Nəfəsi istidir ana torpağın,

zaman yorğunudur tanış yolların.

O Tayda Şəhriyar,

bu Tayda Vurğun,

yeni tarixidir qədim diyarın.

Açın, varaqlayın mənim sinəmi,

orda nəfəsi var Kürün, Arazın.

Mənim tariximi yazan qələmin,

şair, mürəkkəbi heç qurumasın.

Məğlubedilməz

Daranın sonuncu hərbi yürüşü!

Bir az əsəbiydi hakimi-mütləq.

Deyir: gözləyirdim mən bu döyüşü,

mütləq,

İskəndərin sonudu, mütləq.

Yalanlar, böhtanlar, gizli şayiələr,

hər könül mülkünü yıxmaq istəyir.

Ağır xəstələnir yolda İskəndər,

tələsik,

sağalıb qalxmaq istəyir.

Həkim! – tələb edir yorğun baxışlar,

Həkim! – tələb edir İskəndər özü.

Yanır od ürəklər, düşünən başlar, –

gözlərdən oxunur,

ölüm qorxusu.

Bu dəm məktub gəlir Parmeniondan[1],

bir sükut çökmüşdü araya artıq.

“Deyin, ehtiyatlı olsun çar ondan,

həkim satılıbdı

Daraya, artıq!”.

Həkimin heç şeydən yoxdu xəbəri,

həkim – bir nizəyə, bir oxa bənddi.

Hələ yoxlayırdı o, İskəndəri,

taleyi – bir sözə:

“Hə!”, “Yox!”a bənddi.

Məktub İskəndərin bir əlindədir,

birində – həkimin verdiyi dərman.

İskəndər –

məktubu həkimə verir,

dərmanı – qaldırıb içir, bu zaman.

Bir səs haray çəkib içmə, – deyirdi,

içindən gəlirdi o İlahi səs.

İçdi – İskəndəri məğlub elədi,

gördülər –

İskəndər məğlubedilməz!

“Yer fırlanır”

Riyaziyyatçı alim Əli Yaqubova

Bir haqq sözün üstə getdi dahilər,

dediyini, bir də dedi dahilər.

Kilsələrin qəzəbinə gəldilər,

tonqallara odlu sinə gərdilər.

Qədim İtaliyada tarixi bir şəxs, –

Cordano Bruno bir də yetişməz!

– Yer Günəşin ətrafına fırlanır –

dedilər ki, həqiqəti o danır.

Dön! – dedilər,

o dönmədi geriyə.

Zaman, düzü qurban verdi əyriyə.

Məzarına gül qoyurlar təzə-tər,

“Yer fırlanır!” – deyə-deyə, nəsillər.

Bir səs dəvət edir

Pedaqoji institutu bitirib Gəncədən Bakıya gəlmişdim. Nigar xanımgilə getdim. Gəncədən tanıyırdım.

Yeni yazdığım “Biz bir ildə doğulduq” adlı poemamı oxudum. Rəsul müəllim stolun üstədəki qələmi götürüb, əsərin üz vərəqinə belə yazdı: “”Ədəbiyyat qəzeti”nin Baş redaktoruna – çapını

təkidlə xahiş edirəm. Rəsul Rza”. Və iri bir qol çəkdi. 1953-cü il idi.

Müəllif

Poema yazmışdım, ilk şah əsərim,

ürəyim – qapalı söz dünyasıydı.

Mənim – şairliyə ilk zəmanətim, –

sözümü,

söz sayan,

söz dühasıydı.

Elə dolmuşdum ki, dinmək istədim,

hörmət-izzət gördüm orda, haqq üçün.

Gəncədən gəlmişdim,

dönmək istədim,

gedib ürəyimi boşaltmaq üçün.

Gəncə filialı… orda böyüdük,

pakıydıq,

nə qədər ürəyiaçıq!

Bakıda şeirimiz çıxanda tək-tük,

ya ayda-ildə bir, ya da yarımçıq.

İmzamız gedərdi, o da birtəhər,

altdan verərdilər, ya şeirin üstən.

(Onda,

53-də hardaydın, Azər[2],

sənə göndərəydik, şeiri Gəncədən!).

İndi nələr deyir, o günlər, aylar?

Bir səs dəvət edir məni o evə.

İlk addım atmağa risk elədiyim,

o Ana eşq olsun,

o “təsadüfə!”.

Bir səs dəvət edir məni o evə.

Pandemiya

İnsandan-insanlıq istəyirdilər,

maskalı insanı pisləyirdilər.

Bizdən cəmiyyətin tələbi nəydi?

Çox şey deyirdilər,

hələ bu, nəydi?

Dünyada dəhşətli bir gün olubdu,

hər həs öz evinə sürgün olubdu.

Hədəf olduğunu unutma, yan keç!

Asqırma,

öskürmə,

əl tutma, yan keç!

Övladın yanında, övladdan kənar!

Yoxsa virus tutar, virus aparar.

Çaşıb həkimlərin fikri, zəkası,

bizi hədələyir ölüm havası.

Şayiələr aldadır bəşəriyyəti,

deyirlər, uzundu hələ müddəti.

Bir də inanan var, inanmayan var,

ölən var,

qorxan var,

lağa qoyan var.

İnsan! Bəzəyirdi o yer üzünü,

özündən qoruyur indi özünü.

Bizi sən yaratdın, sən tanı, Tanrım!

İnsana tapşırma insanı, Tanrım!

Gizli imtahan

Allahım!

Əqrəblər

nə yaman gedir,

gözüm baxa-baxa,

bir zaman gedir.

Bizi görüşdürür,

bizi ayırır,

dünyada,

gizli bir

imtahan gedir.

Cənublu dostum

Arif Mehmandusta

Burda bir anan var, orda bir anan,

sənə rəhm eləyib səni Yaradan.

Sən qoyub onları çıxma aradan,

xoşbəxt doğulubsan, ayıq ol, Arif.

Kaş mən də bircə yol ana deyəydim,

sirrimi, dərdimi ona deyəydim.

Göllər sonasına sona deyəydim,

sən o sonalara layiq ol, Arif.

Demə, Bakı burda, Tehran uzaqdı,

orda, Tehrandakı anan uzaqdı.

Kim deyir ki, canıyanan uzaqdı?

Analar sağ olsun, sən sağ ol, Arif.

Səfirin taleyi

Tehranda, çarın səfiri,

şairi, mütəfəkkiri,

sayılıb-seçilən insan,

Paskeviçə yaxın olan,

Saraydan arxayın olan,

erməninin arxasıydı,

sözünün də ağasıydı.

Köçürəndə bu hayları,

qətiydi onun qərarı:

Rusiyaya yox, Qafqaza! –

iki kəlmə: aydın, qısa.

Zehni itiydi səfirin,

eşitmiş olardı yəqin:

haraya ki, gedib çıxır,

ermənilər sahib çıxır.

Yüz il yaşayanı danır,

dünyada-dünyanı danır.

Bütöv sözü, mərd adəti,

ya bir kişi xasiyyəti

görmədik ki, biz dil tapaq, 

təndirinə kündə yapaq.

Deyirlər ki, şair sonra,

bir məktub göndərir çara.

Erməninin xasiyyəti,

nədir,

yazır o xəlvəti.

Millət kimi nəçidilər?

Şahdılar, pinəçidilər?

Söküləni tikəndilər?

Tikiləni sökəndilər?

Etibar etmək olarmı?

Heç o dildə, o söz varmı?..

Verir bu cür qiymətini.

O məktubun surətini,

kaş bizə də göndərəydi,

biləydik, dərdimiz nəydi?!

Biz də bunca sıxılmazdıq,

“Kirvə!” deyib yığılmazdıq,

süfrəmizin qırağına,

heç çıxmazdıq qabağına!

Demokratik Respublikam!

Yüz il keçir…

mən borcluyam,

şəhid gedən oğullara,

qan çiləndi o yollara.

Gələnlər arxalıydılar,

səndən, məndən halıydılar.

Qarışqa sürüsüydülər,

üz görmədik, üzdüydülər.

Axırda bu ermənilər,

səfiri bada verdilər.

Qaraguruh qisas aldı,

gedən-getdi, qalan-qaldı.

Yenə həmən “Ayır-buyur!”

nə acdı,

nə gözü doyur.

“Lambada”

O da bir xarici rəqs nəğməsiydi,

dindimi, düşürdü sümüyümüzə.

Eşqin, məhəbbətin bir töhfəsiydi,

işıq paylayırdı,

hər gülən üzrə.

Cavanlar meydanda qanadlanırdı,

– Əbədi bir sevda əyyamı gəlsin!

– Qəm varmı dünyada?

Gənclər danırdı,

“Lambada” qoymurdu, o qəmi gəlsin.

Səs-səsə arxaydı, oyun-oyuna,

yer göyə yayırdı od nəfəsini.

Əl-ələ, qol-qola, boyun-boyuna,

gənclər,

oyadırdı Yer kürəsini.

Yerdə müharibə təhlükəsiydi,

nüvə silahıydı yenə hallanan.

“Lambada” gənclərin üsyan səsiydi,

o səs “Yox!” deyirdi,

nə ölüm, nə qan!

Mərkəzi qəzetlər çox lağa qoydu,

susdu Moskvada o vaxtkı gənclər.

Onda,

“Lambada”ya qadağa qoydu,

dünyanı nüvəylə hədələyənlər.

İmkan nə qədər ki, hələ sizindi,

əsən küləklərə qoşulun, əsin.

Oxuyun, oynayın, gülün, siz indi,

dünya –

gülüşünü qoy itirməsin.

Ürəkdən-ürəyə yol

Qənirə xanıma hörmət, ehtiram!

Onundu şairin xeyir-duası.

O qızı Tovuzdan mən tanıyıram,

Ələsgər kişinin,

deputat qızı!

Səni sevindirdi

ilk Ulu Öndər,

yandı, alovlandı bir qəlbin odu.

Durur, ilk aldığı müsahibələr,

verdiyi hər sual,

bir pillə oldu.

Deputat həmkarı Nizami deyir, –

tanıyır, sevirlər onu səsindən.

Dünyaya təzədən baxmaq istəyir,

deputat gözünün

pəncərəsindən.

Bəzən sərt göründü, bəzən mülayim,

özü – aydınımdı,

sözü – çəkilim.

Onu, İstanbulda görəndə, bildim

türkün arxasıdı,

“Sayın vəkilim!”

Yolu – Balkanlardan, Anadoluya,

ordan, türk dünyası…

yollar, o yollar!

Mənim doğulduğum Vağzal Poyluya,

bir gün yolu düşsə, toy-bayram olar.

Millət elçisidi – sevir, sevilir,

o bir “Can” deyirsə, cana-can keçir.

Kürsüdən-kürsüyə qalxanda, bilir, –

ürəkdən-ürəyə,

yol ordan keçir.

O, görüşə nə gecikdi, nə susdu,

dilində hər sözün duzu, ləngəri.

Şerimizə-sözümüzə, nüfuzdu, –

şerinin, sözünün

sinədəftəri.

Toqquşan şimşəklər – Tovuzda bir vaxt,

gözünün ağında, qarasındaydı.

Əsgər paltarını geydi deputat, –

şəhid gedənlərin,

sırasındaydı.

Vətən havasıdır, onun nəfəsi,

bu da haqqın ona bir töhfəsidi.

Şəhid anaları – anaəvəzi,

qazilər –

qardaşı, ya əmisidi.

Əkbər Qoşalıdan[3] xahiş, iltimas, –

sözüm, istəyirəm qalmasın, deyim.

məni deputatın qəbuluna yaz.

o qıza

qoy mən də Uğur diləyim.

Şairlə görüş

“Puşkin Qafqaza məxsusdur”.

Potto

“Basılmaz ordudu”, “kəskin bir silah”, –

“sünnü”lər,

“şiyə”lər güclü bir ovsun.

Elə eləyin ki, bu gün, ya sabah,

İstanbul – türkün yox, qoy bizim olsun.

Çarın nəsillərə vəsiyyətiydi,

çarın vəsiyyəti, hökmü qətiydi.

Onu çaşdırırdı İslam hümməti,

tilsimi güclüydü açdığı falın.

Nəydi, o bilirdi –

son aqibəti,

açarı əllərdə itən qıfılın.

Vəsiyyət – insani bir keyfiyyətdi,

həyata çağırır bəzən bir nəfəs.

Əslində,

sonuncu bir ünsiyyətdi,

sonuncu bir nida, sonuncu bir səs!

Elə ki, bir insan bədniyyət olur,

elə ki, xeyir yox, daim şər deyir.

Onun da qazancı bir lənət olur,

bunu mən demirəm,

deyənlər deyir.

Ruslar şimşək kimi yerdə çaxdılar,

ələndi göylərin odu, közü də.

Bir gün İstanbula gəlib çatdılar,

Paskeviç,

Beybulat,

Puşkin özü də.

Qorudu qəlbində Allah eşqini,

ilahi səsiydi o, səngərdə də.

Tanıdı səngərdə bir türk, Puşkini,

qılınc bağışladı,

bir sərkərdə də.

O dedi: dünyanın nədir bu sirri,

özü şahid olsun gərək bu yerlər.

Biz – rütbə əsiri,

biz – çin əsiri,

Allah elçisidi, yalnız şairlər.

Şirvan atlıları rus cəbhəsində,

Puşkin istəyirdi bir nəğmə yazsın.

Cənab Paskeviç də öz növbəsində,

deyirdi:

bu görüş sonraya qalsın!

Görüşə bilmədi şair o zaman,

hərlədi yollarda bir əl, Puşkini.

Bakıda görüşdük, yüz il sonradan,

zaman alqışladı

heykəl Puşkini.

Babam Şeyx!

Balam Şeyx!

Balaca Həmzə Nigari! –

şeyximiz gəldi dünyaya.

O səs-ünlü köçdü-getdi,

bu səssiz gəldi dünyaya.

O Şeyxin tacı-türbəsi,

Amasya torpağındadı.

Bu şeyxin ipək beşiyi,

Xəzərin qırağındadı.

O Şeyxin haq kəlamını,

deyib, Haqqı səsləyirlər.

Bu şeyxin də üz-gözündən,

öpə-öpə bəsləyirlər.

O Şeyxim bir abidədir,

öz müdəqqəs ocağında.

Bu şeyxim gül dəstəsidi,

bir ananın qucağında.

O Şeyxin bir dünəni var, –

bizim İslam tariximiz.

Bu şeyxin də sabahı var, –

ümid, inam tariximiz.

Salam, Şeyx!

Babam Şeyx!

balam şeyx!

Gənclik nəğməsi

Sən mənim Tanrı payımsan,

yaxşılar, pislər içində.

Seçilir bir gülər üzün,

yüz gülər üzlər içindən.

Sən təksən, xəbərin varmı?

Yerdə sənin yerin varmı?

Sinəmdə axtar, olarmı,

izini izlər içindən.

Seç, desələr mənə hərdən,

gözüyumlu seçərəm mən, –

gözünü gözlər içindən,

özünü qızlar içindən.

Yol gözləyən vaxtıdı

Yaş artdıqca, dünya mənə döz deyir,

sazın-sözün kökdən düşən vaxtıdı.

Bəlkə dünya nə deyirsə, düz deyir,

doğmaların özgələşən vaxtıdı.

Hanı mənə “Can şairim!” deyən səs?

Yerin-göyün nəfəsiydi o nəfəs.

Dağı qalxma, yamaclarda dolan, gəz,

dağların da, duman, ya çən vaxtıdı.

Deyin, töksün ətəyindən daşını,

Nərimanın tökməsin göz yaşını.

Qoy şairə – çox görməsin yaşını,

hələ onun yol gözləyən vaxtıdı.


[1] Parmenion – İskəndərin sevimli sərkərdələrindən biri.

[2] Azər Turan – “Ədəbiyyat qəzeti”nin Baş redaktoru

[3] Əkbər Qoşalı – Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti

Mənbə: https://edebiyyatqazeti.az/