Vaqif Səmədoğlu: “…təki bu üşütmə canımdan çıxsın”
Onunla söhbət etmək, pıçıltılı səsi ilə ağır-ağır danışmağına qulaq asmaq şeir dinləmək kimi gəlib mənə həmişə. Bu nurani insanın təmkini, jestləri, hərəkətləri, ətrafı seyr eləməsi, yeriyərkən addımlarını saxlayıb qarşıdakı ağaca, qədim bir tikiliyə diqqət kəsilməsi də bir poeziya nümunəsidir haradasa.
Şeirləri müasirlərinin və sələflərinin şeirlərindən tam fərqlidir. Amma o da düzdür ki, özündən sonra gələn ədəbi nəslin nümayəndələrindən ona bənzəmək, onun açdığı ədəbi cığırlarla hərəkət etmək istəyənlər də az olmadı. Haqqında bəhs etdiyim, şeirləri ilə çoxsaylı oxucuların şairinə çevrilən Vaqif Səmədoğlunun bir zamanlar açdığı o cığırlar artıq böyük, geniş bir yola çevrilib. Onun öz yolu, öz üslubu var, təkcə şeirdə və dram əsərlərində yox, elə ömrünün arxada qoyduğu illərinin başqalarından fərqlənməsi ilə… Bunu onun yaradıcılığına və həyat tərzinə bələd olanlarla söhbətində də hiss edirsən.
Vaqif Səmədoğlu həmişə maraqlı, öyrənilməsi daha çox istənilən yaradıcı bir şəxsiyyət olub. O, şeirlərinin, imzasının arxasında heç vaxt gizlənməyib. O, həmişə şeirlərinin “içində” olub, şeirləridəki oxucunun – xalqın dilində danışıb. Buna görə də həqiqətən XALQ ŞAİRİdir…
Vaqif müəllimlə görüşüb virtualaz.org üçün müsahibə almaq istəyimi razılıqla cavablandırsa da bunun gerçəkləşməsi bir qədər yubandı, çox yox ha, eləcə bir qədər. Şairin səhhəti əl vermirmiş demə. Soyuqlamışdı bir az, indi Allaha şükür, hər şey qaydasındadır.
Vaqif Səmədoğlunun uzun-uzadı suallarımıza cavabları çox qısa oldu, sanki o, bu sualları qabaqcadan bilirmiş kimi özünəməxsus şəkildə qısa, amma tutumlu cümlələrlə cavablandırdı.
– Vaqif bəy, xoş gördük. Necəsiniz? Siz həm ədəbi yaşınıza, həm də görünüşünüzə görə mənim babam yaşdasınız. Sizə “baba” desəm, yerinə düşərmi? Siz ədəbi aləmin babası olmaq istərdinizmi?
– Hə, Tural bala, baba da deyə bilərsən. İstəyirsən mənə lap “Ded Moroz” da de, təki bu üşütmə canımdan əl çəksin (gülür). Ədəbi aləmin babası olmasam da gənclər, gənc yazarlar mənə baba deyir.
– Sizcə, bu gün ədəbiyyatımızın halı necədir, dünya ədəbiyyatı ilə ayaqlaşa bilirmi?
– Sən əminsən ki, mənim dünya ədəbiyyatından tam xəbərim var? Bizimki də varlıq deyil ki, birmənalı qiymət verəsən. Odur ki, məni bu sayaq suallarla ritorik cavablar verməyə çəkmə, balam.
– Bəzən yaşlı nəslin nümayəndələri gənc yazarlara münasibət bildirəndə onların “ipə-sapa” yatmamasından bəhs edirlər. Necə düşünürsünüz, bu gənclər və qocalar savaşının ədəbiyyata xeyri dəyirmi?
– Nəsillər qarşıdurması bu gün başlamayıb. Hər dövrdə olub və olacaq…
– Aydındır ki, bütün dövrlərdə bu belə olub, əvvəlcə bütləri qırmağa səy göstəriblər, yaşa dolduqca isə həmin bütlərə sitayiş olunub. Sizin ədəbi taleyinizdə necə olub? Özünüzdən qabaqda gedən ağsaqqaları ədəbi müstəvidə özünüzdən arxada görmüsünüzmü?
– Mən də insanam, mən də bəzən öz uğursuzluğumda başqasını günahkar saymışam.
– 60-cılar ədəbi nəsli əslində dövrünün yeni fikirliliyi ilə tanındı və sevildi. Bu gün tarix təkrar olunurmu, yoxsa ədəbi əxlaq deyilən bir deyimə sizin gənclik illərinizdəki kimi riayət olunmur?
– Tural bala, hər dövrün ədəbi nəsli yenilik gətirir. Ədəbiyyat yenilikdən ibarətdir. Ədəbiyyat çərçivələrə sığmır.
– Vaqif bəy, siz həm də musiqi təhsili almısınız, pianoçusunuz. Şeirlərinizdə ilk baxışdan görünməyən, duyulmayan ritm, melodiya var. Təsadüfi deyil ki, sözlərinizə yazılan bütün mahnılar bu gün də diridir, unudulmur, ifa olunur, sevilir. Musiqiyə bağlılığınızın şeirlərinizin yazılmasında hər hansı bir təsiri olubmu?
– Mənim balam, hər sözün öz musiqisi var, amma təəsüf ki, hamısı qulaq oxşamır…
– Böyük Səməd Vurğunun oğlusunuz. Yeniyetməlik dövrünüzdə dahi bir şəxsiyyətin oğlu olmağınız sizi tay-tuşlarınızdan nə ilə fərqləndirirdi?
– Mən Səməd Vurğunun oğlu olaraq yox,öz taleyimi yaşamışam, əzizim…
– Adama elə gəlir ki, sizin dostlarınız yalnız tanınmış adamların övladları olub. Səməd Vurğunun, Sabit Rəhmanın, Rəsul Rzanın oğlanları, indiki deyimlə desək, “Sonanın uşaqlarına” niyə qoşulmurdu?
– Mənim dostlarım sırf ədəbiyyatçılar deyil. Düzdür, ədəbi mühitdə yaxın dostlarım çoxdur. Dostlarımı tanınmışlara görə seçmirəm.
– Mərhum qardaşınız Yusif Səmədoğlu sevilən xalq yazıçısı idi. Atanızın “Komsomol” poemasına çox gözəl bir ssenari yazmışdı. ”Yeddi oğul istərəm” filimində siz özünüzü hansı komsomolun yerində hiss edərdiniz?
– Mən o poemanın bəzi qəhrəmanlarına əmi demişəm. Dünyadan peşman gedənlər də oldu, mübarizələrinin hədər olduğunu sananlar da.
– Yusif Səmədoğlu ilə qardaşlıqdan o yana gedə bilmişdinizmi? Yəni siz onunla dost ola bildinizmi? Qardaşınızın yaşca böyük olması sizinlə onun arasında qan qohumluğundan başqa bir yaxınlığa şərait yaradırdımı?
– Yusiflə dost, sirdaş da olmuşuq hər zaman.
– Vaqif müəllim, sizin rəhmətlik bacınız Aybəniz xanım atanızın ev-muzeyinin direktoru idi və doğulub böyüdüyü evdə tez-tez olurdu. Bəs siz necə, o evə tez-tezmi baş çəkirsiniz?
– Ev-muzeydə oluram. Amma biz yalnız o evdə böyüməmişik, bizim başqa mənzillərimiz də olub.
– Səməd Vurğun sağlığında əfsanələşmişdi. Haqqında çoxlu söhbətlər var və sözsüz ki, bu da xalq sevgisindən irəli gəlirdi. Bütün dövrlərdə də bu olacaq. Sizdən bir söz soruşmaq istəyirəm, atanızın sizdən, qardaşınızdan, bacınızdan incik olduğu zamanlar olubmu?
– Aramızda ciddi inciklik olmayıb. Ata-bala münasibətləri olub.
– Vaqif baba, vaxtınızı aldım. Sonda “Bir axşam taksidən payıza düşən şair” bu söhbətimizdə ovqatında bahar axşamının havasını hiss edə bildimi?
– Fələk, qurban olduğum, bizi neçin ayırdı?!
Oxuma o nəğməni, mənim havam ayrıdı…
Tural, mənim havam həmişə ayrı olub…
***
Belə, havası ayrı olan Vaqif baba ilə söhbətimiz fələyə müraciətlə də bitir. Sən demə, başqa yazarlardan fərqləndirdiyim, özüm üçün seçib ayrdığm şairin havası da ayrı imiş. Bu hava hansısa musiqinin dili ilə dinləyiciyə çatdırılan hava deyildi, bu hava nə hava idisə, ömrünün ixtiyar vaxtlarında, baba çağlarında bir şairin ürəyinin həzinliyini, kövrəkliyini sezdirən, seçdirən, sevdirən hava idi. Mən o havanın qərib bir hava olduğunu sezmişdim, şairimizi fərqli şair olduğuna görə sevmişdim də. Bəlkə də verdiyim suallara beləcə qəmgin, yorğun səslə qısaca cavab verməsi də şairin havasının həmişə ayrı hava olmasından irəli gəlirdi…
Şair Vaqif Səmədoğlu ilə baba-nəvə söhbətini Tural Balabəyli elədi