Rafiq Oday foto

Müsahibimiz haqqında bilgilər

Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktorudur.”Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat Xidmətinin Rəhbəridir.”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatıdır.”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək” layihələrini mətbu orqanının səhifələrində həyata keçirən ilk AZƏRBAYCANLI ŞAİRDİR.

1. Rafiq müəllim, ədəbi-bədii yaradıcılığa neçənci ildə hansı yazı ilə başlamısınız?
Ədəbi-bədii yaradıcılığa 1972-ci ildə “İşıqlı yol” qəzetində dərc olunan məqalə ilə başlamışam.
2. Dövri mətbuat səhifələrində dərc olunan ilk mətbu əsəriniz hansıdır?
Dövri mətbuat səhifələrində dərc olunan ilk şeirim “Vətən gəz” adlanır və 1983-cü ildə “Şərq qapısı” qəzetində dərc olunub.
3. İlk kitabınız neçənci ildə harada dərc olunub və necə adlanır?
İlk kitabım 1989-cu ildə “Yazıçı” nəşriyyatı tərəfindən dərc olunan “Bir yol başlamışam” adlanır.O zamanlar “Yazıçı” nəşriyyatında baş redaktor Xalq şairi Sabir Rüstəmxanlı idi.Kitabım müzakirəyə verildikdən sonar dövlət hesabına dərc olundu.Kitabın redaktoru İslam Türkaydır.
4.Rəhbərlik etdiyiniz Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının yaranıb fəaliyyət göstərməsində əsas məqsəd və qarşıda duran vəzifələr nədən ibarətdir?
On ildir ki, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədriyəm.Altmışdan yuxarı üzvümüz var.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının üzvləri ilə işimizi qururuq.Məqsəd Jurnalistikanın inkişafına dəstək olmaq, qələmin müqəddəsliyini qorumaqdır.
5.“Möhtəşəm Azərbaycani” qəzeti haqqında oxucularımıza məlumat verə
bilərsinizmi?
“Möhtəşəm Azərbaycan” qəzeti 2005-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.”Möhtəşəm Azərbaycan” qəzeti ayda bir dəfə 16 səhifə olmaqla 1000 tirajla dərc olunur. Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.Yazılardakı cavabdehlik müəllifin üzərindədir.”Möhtəşəm Azərbaycan” qəzetinin səhifələrində dərc olunan yazılar yalnız Azərbaycanda dərc olunub ictimaiyyətin nəzərinə çatdırılmaqla kifayətlənmir.Eyni zamanda mətbu orqanın səhifələrində dərc olunan yazılar mətbu orqanın elektron orqanına da əlavə olunur.Azərbaycan Respublikasından başqa, Türkiyə Cümhuriyyətinə-Türkiyə Yazarlar Birliğine, İLESAM,Tokat Şairler ve Yazarlar Derneğine, Yıldırım Beyazid Universitetinə, Ankara şəhərində fəaliyyət göstərən Selcuq Universitetinə göndərilir.Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunan şeirlər, məqalələr və s. nümunələr də dərc olunur.
6.Çağdaş Azərbaycan ədəbiyyatında gənc yazar kimi ilk dəfə olaraq sizin şeirlər kitabınız dövlət hesabına dərc olundu.Şeirlər kitabınız dərc olunan zaman hansı hissləri keçirdiniz?
İlk şeirlər kitabım dərc olunan zaman sevinc, qürur hissləri keçirdim.
7.Çağdaş Azərbaycan ədəbi mühitində ilk dəfə olaraq “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək” layihələrini mətbu orqanınızın səhifələrində həyata keçirisiniz.Layihələri həyata keçirməkdə əsas məqsədiniz?
Azərbaycan Respublikası və Türkiyə Respublikası-iki qardaş Respublikan istər dil, istər mədəniyyət, istərsə də mənəvi dəyərlər baxımından bir-birinə yaxındır.“Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək” layihələrini həyata keçirməkdə əsas məqsədim Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin arasında mövcud olan münasibətləri möhkəmləndirmək, həm qardaş Türkiyədə yaşayıb ədəbi-bədii yaradıclıqla məşğul olan Türkiyəli yazarların ədəbi-bədii nümunələrinin Azərbaycanlı oxuculara çatdırmaq, həm də Azərbaycanlı yazarların ədəbi-bədii nümunələrinin Türkiyəli oxuculara çatdırmaqdır.
8.Bu günə qədər yüzlərlə kitabı toplayıb, tərtib edib, nəşrə hazırlayıb, redaktorluq etdiniz.Çağdaş Azərbaycan ədəbi mühitində yeni layihələr həyata keçirdiniz Həmin layihələr və kitablar haqqında əziz oxucularımızı bilgiləndirə bilərsinizmi?
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatı yaranandan bu günə qədər bir çox layihələr həyata keçirdi.Həmin layihələrdən biri “Bölgələrdə yaşayan qələm sahiblərinə dəstək” adlanır.Həmin layihələr çərçivəsində 15 almanax toplanıb, tərtib edilib, nəşr olunub.Həmin layihələr və kitablar bunlardı:

1)“Bölgələrdə yaşayan qələm sahiblərinə dəstək”;
2)“Durna teli” layihəsi;
3)“Məmməd Araza həsr olunmuş şeirlərin toplanıb nəşr olunması”;
4)“Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”;
5)“Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”;
6)“Azərbaycanlı və Türkiyəli xanım yazarlara dəstək”;
7)“İstedadlı gənc yazarlara dəstək”;
8)“Azərbaycanlı-Türkiyəli yazarların ictimaiyyətə çatdırılması”;
9)“Bölgə yazarlarının ictimaiyyətə çatdırılması və s.

“Bölgələrdə yaşayan qələm sahiblərinə dəstək” layihəsi çərçivəsində aşağıdakı kitablar nəşr olunub ictimaiyyətin nəzərinə çatdırıldı:

1.”Bu yurdun aşılmaz dağları qala”.Bakı, “Yurd” nəşriyyatı,2001.184 səhifə;
2.”Sevgi məktubları”.Bakı, “Nurlan” nəşriyyatı, 2002, 262 səhifə;
3.”Hər bulaqdan bir damla”.Bakı, “Nurlan” nəşriyyatı, 2003, 208 səhifə;
4.”Qeybdən gələn səslər”.Bakı, “Nurlan” nəşriyyatı, 2004, 256 səhifə;
5.”İlahi eşqin pərvənaləri”.Bakı, “Nurlan” nəşriyyatı, 2004, 280 səhifə;
6.”Təzadlar”.Bakı, “Nurlan” nəşriyyatı, 2005, 336 səhifə;
7.”Sevdalı könüllər”.Bakı, “Nurlan” nəşriyyatı, 2005, 240 səhifə.

“Durna teli” layihəsi çərçivəsində aşağdakı kitablar nəşr olunub ictimaiyyətin nəzərinə çatdırıldı:

1.”Durna teli-1”.Bakı, “Nurlan” nəşriyyatı, 2005, 256 səhifə;
2.”Durna teli-2”.Bakı, “Nurlan” nəşriyyatı, 2006, 256 səhifə
3.”Durna teli-3”.Bakı, “Nurlan” nəşriyyatı, 2006, 256 səhifə
4.”Durna teli-4”.Bakı, “Nurlan” nəşriyyatı, 2007, 224 səhifə
5.”Durna teli-5”.Bakı, “Nurlan” nəşriyyatı, 2007, 360 səhifə
6.”Durna teli-6”.Bakı, “Nurlan” nəşriyyatı, 2008, 368 səhifə
7.”Durna teli-7”.Bakı, “Nurlan” nəşriyyatı, 2009, 208 səhifə

9.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının üzvü olmaq üçün sizə müraciət edənlər varmı?
-Əlbəttə var!
10. Ədəbi-bədii yaradıcılıqla məşğul olan gənc yazarlara məsləhətiniz nə olacaq?
Ümumiyyətlə, ədəbi-bədii yaradıcılıqla məşğul olan gənc yazarlara tövsiyəm odur ki, qəlblərinin səsinə qulaq asıb yazsınlar.
11. Mətbu orqanınızın səhifələrində ədəbi-bədii nümunələri, poeziya örnəklərini dərc etməmişdən öncə hansı məqamlara daha çox diqqət yetirirsiniz?
Birinci odur ki, mövzu nöqteyi nəzərindən məhdudiyyət yoxdur.Sadəcə olaraq əsas meyar göndərilən ədəbi-bədii nümunələrin gözəl olmasıdır
12.Bu günə qədər dərc olunan kitablarınız haqqında əziz oxucularımızı bilgiləndirə bilərsinizmi?
Bu günə qədər dərc olunan kitablarım haqqında əziz oxucularımızı bilbigləndirə bilərəm.Ədəbi-bədii yaradıcılığa başladığım gündən bu günə qədər mütəllif nəşriyyatlarda kitablarım dərc olundu.Həmin kitablar bunlardı:

1.”Bir yol başlamışam”.Bakı,”Yazıçı” nəşriyyatı, 1989, 64 səhifə;
2.”Gecələr içimə göy üzü yağar”.Bakı, “Yurd” nəşriyyatı, 1999, 172 səhifə;
3.”Ömür gedir öz köçündə”.Bakı, “Yurd” nəşriyyatı, 2000, 154 səhifə;
4.”Xatirələr işığında”.Bakı, “Nurlan” nəşriyyatl, 2004, 256 səhifə;
5.”Qarabağ şikəstəsi”.Bakı, “Nurlan” nəşriyyatı, 2006, 72 səhifə;
6.”Şərur folkloru” ( Birinci nəşr).Bakı, “Nurlan” nəşriyyatı, 2006, 172 səhifə;
7.”Ədəbi-Tənqidi Məqalələr”.Bakı, “Elm və təhsil” nəşriyyatı, 2010, 360 səhifə;
8.”Əlli min də qayğısı var əllimin”.Bakı, “Elm və təhsil” nəşriyyatı, 2010, 328 səhifə;
9.”Şərur folkloru” ( Yenidən və təkrar işlənmiş nəşr).Bakı, “Elm və təhsil” nəşriyyatı, 2012, 152 səhifə.

13.İnşallah qarşıdakı günlərdə mətbu orqanınızın səhifələrində hansı layihələri həyata keçirməyi planlaşdırırsıınız?
İnşallah qarşıdakı günlərdə “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək” layihələrini yenidən həyata keçirmək istəyirəm.Bu dəfə mətbu orqanın səhifələrində ədəbi-bədii nümunələri, poeziya örnəkləri dərc olunmayan Türkiyəli yazarların-Remzi Zenginin, Sabiha Serinin özkeçmişi, ədəbi-bədii nümunələri, poeziya örnəkləri dərc olunacaq.
14. Ədəbi-bədii yaradıcılığınızda son zamanlar hansı yeniliklər olub?
Ədəbi-bədii yaradıcılığımda son zamanlar bir sıra yeniliklər olub.Şeirlərim Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Dərc olunmaq üçün qardaş Türkiyənin Tokat şəhərində fəaliyyət göstərən Tokat Şairler ve Yazarlar Derneğinin mətbu orqanı “Kümbet” dərgisinə, “Ziyalı Ocağı” İctimai Birliyinin mətbu orqanı “Ziyalı Ocağı” jurnalına, Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı “Ədəbiyyat qəzeti”nə, ədəbi orqanları “Azərbaycan”, “Ulduz” jurnallarına göndərilib.
Sentyabr ayı üçün bir şeir kitabım nəşrə hazırlanır.
15. Gənc yazarlara dəstək olmaqda hansı hissləri keçirirsiniz?
İlk şeirlər kitabım dərc olunan zaman hansı hissləri keçirdimsə, indi həmin hissləri keçirib Azərbaycanın müxtəlif bölgələrində yaşayıb ədəbi-bədii yaradıcılıqla məşğul olan gənc yazarları ictimaiyyətə çatdırmaqda məmnunluq hissi keçirirəm.
16.Ədəbi-bədii yaradıcılığınızda yer alan ədəbi-bədii nümunələrinizin, poeziya örnəkəlrinizin əsas qayəsini nə təşkil edir?
Ədəbi-bədii yaradıcılığımda yer alan ədəbi-bədii nümunələrimin, poeziya örnəkləriminin əsas qayəsini Vətən sevgisi, Vətən qayəsi təşkil edir.
17. Ulu Tanrıdan Azərbaycan xalqına arzunuz nə olacaq?
Mən həmişə MÖHTƏŞƏM AZƏRBAYCANdan söhbət düşəndə deyirəm ki, bu Qarabağ problemi aradan qalxsa, dünyada AZƏRBAYCAN qədər yaşamalı, yazıb-yaratmalı ölkə yoxdur.
18. Sonda hansı şeirlərinizi əziz oxucularımıza ərmağan etmək istərdiniz?
Sonda əziz oxucularımıza söyləyəcəyim şeirlərimi ərməğan etmək istəyirəm:

DÜNYANIN DƏRDINI DAŞIDIN…

Xeyirxah insan, təmannasız cərrah, M.Arazın və
bütövlükdə Azərbaycan poeziyasının yaxın dostu Hacı Cəfər həkimə

Bircə yol şöhrətə, şana uymadın,
Bir bölük dərd yatır sinənin üstə.
Dünya bax beləcə namərd dünyadı,
Çəkir qılıncını enənin üstə.

Çoxuna bu dünya sirli, müəmma,
Çoxuna yüyənsiz, yəhərsiz oldu.
Dünyanın dərdini daşıdın, amma,
Dünya dərdlərindən xəbərsiz oldu.

Mizan-tərəzisən əyriyə, düzə,
Hərə bir gözündə ələnib gedir.
Haçandı qarışıb gecən-gündüzə,
Hər anın min dərdə bələnib gedir.

Adın milyonların ümid nöqtəsi,
Ünvanın çoxuna qibləgah oldu.
Atadan, anadan, qardaşdan öncə,
Çoxunun dərdindən sən agah oldun.

Güvəndin həmişə öz adına sən,
Seçmədin uzağı yaxınlarından.
Son anda yetişdin imdadına sən,
Sənə xoflu-xoflu baxanların da.

Xəbis tab gətirməz bu böyüklüyə,
Içini, çölünü didər kin, ağlar.
Səninsə sübhədək yuxularında,
Milyon qaçqın ağlar, didərgin ağlar.

Bir qismi cənabdı, bir qismi paşa,
Bir qismi ivançı bu məmləkətin.
Yaşaya bilirsən oğlu ol, yaşa,
Oğrusu divançı bu məmləkətin.

Yaşaya bilirsən, di, buyur yaşa,
Bu qədər ah, nalə, fəğan içində.
Neçə nakam ömür vurulur başa,
Hər gün göz yaşları və qan içində.

Çoxunun kürsüsü ah-nalə üstə,
Çoxunun taxt-tacı qan üstündədi.
Üz tutub tanrıdan bir nicat istə,
Istə ki, məmləkət can üstündədi.

Nadana əyilən qəddin yox sənin,
Dosta baş verməyə hazır görmüşəm.
Qəlbin geniş olub, gözün tox sənin,
Səni öz nəfsinə nazir görmüşəm.

Sarsılma, ruhunu sarmasın kədər,
Qoluna, dizinə köməklərik biz.
Haqq üçün dünyanın sonuna qədər,
Düşüb dizin-dizin iməklərik biz.

Min karvan yolu var qaşının üstə,
Səni tanıyanlar bundan halıdı.
Bütün dostlarının başınan üstə,
Haqqın, ədalətin simvolu kimi
Sənin şəkillərin asılmalıdı.

1992-1993

HAVADAN AYRILIQ QOXUSU GƏLİR

Əbəsmiş dayanmaq bu yağış altda,
Qismətim yenə də qəhər olacaq.
Göyün ulduzları yır-yığış altda,
Yəqin ki, bir azdan səhər olacaq.
Gecədi, birtəhər sovuşub gedir,
Qarşıdan səhərin qorxusu gəlir.
Özümü öyrədim ayrılıqlara,
Havadan ayrılıq qoxusu gəlir.

Dan yeri ayrılıq doğdu bu səhər,
Bu sərsəm doğuşdan, qəfil doğuşdan
İçimə ayrılıq toxumu düşdü,
Bilmədim azımı, çoxumu düşdü.
Gözümdən süzülən göz yaşıdımı,
Yoxsa ki, bir əlçim yuxumu düşdü.
Bəlkə ona görə səkilərin də,
Otun da, daşın da, kol-kosların da.
Gecəni yatmayan bu «dostlar»ın da
Qapanır gözləri, yuxusu gəlir.
Özümü öyrədim ayrılıqlara,
Havadan ayrılıq qoxusu gəlir.

Ağlaya bilmirəm ağac gözüylə,
Çiçək gülüşüylə gülə bilmirəm.
Nə məndən bir yolluq sağ qalan olmaz,
Nədəki, bir yolluq ölə bilmirəm.
Göz yaşım gözümdə donub haçandı,
Çətini hər şeyin sonunacandı.
Ölməyin, qalmağın sonu bəllisə,
Hər şeyin cilidi, donu bəllisə,
Bəs niyə hayana əl ətıramsa,
Əlimə hicranın yaxasa gəlir?
Özümü öyrədim ayrılıqlara,
Havadan ayrılıq qoxusu gəlir.

TƏCNIS

Sinəmi bir atəş yandırıb yaxır,
Haçandı bir nazlı gözəldən düşüb.
O gündən günlərim saçım rəngində,
O gündən saçıma gözəl dən düşüb.

Vəsf etdim hüsnünü gəlincə, gülüm,
Gəz sinəm üstündə gəl, incə, gülüm.
Dönüb bu yerlərə gəlincə, gülüm,
Baxıb görərəm ki, göz əldən düşüb.

Vurula bildinsə dərdindən belə,
Xoş olar soysalar dərimdən belə.
Oday, bar-bəhrini dər indən belə,
Sevgi bağçasına gözəl dən düşüb.