Yenə gəlmişəm, əzizim. Elə həmin yerdəyəm. Xatırlayıram. O günü, baxışını, əllərimi necə möhkəm tutduğun anları, anamın səssiz fəryadını, babamın ilk dəfə diz çökdüyünü… 

 Unuda bilmirəm. İllər keçsə belə. Əvvəllər yoxluğunu bu qədər hiss etmirdim. Amma indi hər addımımda kaş ki, sən olsaydın deyirəm. 

 Unuda bilmirəm. Səninlə bağlı xatırladığım çox şey var. Ən çox isə o gün… O gün zehnimdən heç silinmir.
 Evimizin önündə ağ tut ağacı vardı. Hər zaman olduğu kimi ona doğru uzanırdıq. Əllərimiz yetişmirdi. Axı hələ çox balacaydıq. Nə yaşımız vardı ki, bizim?
 Üç yaşın vardı həə?! Əllərin, baxışların, üzün zehnimdə bulanıqdır artıq. Əlimdə tutub doyunca simanı əzbər edəcək bir şəklin belə yoxdur. Ən acısı bu ola bilər. Uzanmaq istədin, ayaqlarını qaldırmaq istədin. Hardan bilərdin ki, tanrı səni ən uca qatına qaldıracaq?
 Yanımdaydın. Ağ tut dənələrini əlinə alanda üzündə güllər açırdı. Sonra zehnimdə bir bulanıqlıq canlanır. Sonra azca belə olsa xatırlayıram əllərimi tutmuşdun. Səslər, təşvişlər gəlir gözümün önünə. Ürəyimin döyüntüsünü hələ də hiss edirəm. Qəribədir, düzdür. Amma unuda bilmirəm. O acı elə dərindi ki, mən hələ də inana bilmirəm. Ümid edirdim ki, sən dönəcəksən. Sonra yenidən tut ağacının altına gəldim. Anamı gördüm. Qucağında sən vardın. O an sevindim, yoxsa üzüldüm, xatırlamıram. Yaxınlaşdım sənə doğru. İnsanlar toplanmışdı. Onların arasından babamı gördüm. Mənim uşaqlığımın ən əvəzsiz, ən sevgi dolu parçası, mənim vüqarlı dağım, dizləri üstə çökmüşdü. İnana bilmirdim. Hansı ədalətə sığmışdı sənin gedişin? İllərlə buna cavab axtardım. Kimsə cavabını verməmişdi. Zehnimdə illərlə dolaşan o səhnəni unuda bilmirəm. Sonra bir gün dözə bilmədim. Dayımla söhbət etmək istədim. “Danışanda o sənin qardaşındı” dedi. Suda boğuldu. Nə əcəb sənə bunu danışmayıb evdəkilər, deyə sual verdi. Cavabsızdım. Ən acısı elə adını da o gün öyrəndim. Düşünə bilirsən, nələr yaşadım? Adın, üzün, gözlərin unudulmuşdu. Amma əllərimi necə tutduğun, səni necə itirdiyim unudulmamışdı.
 Sonradan nənəm bacımla qardaşıma  səni nəql etdi. Sən demə, su arxının yanına gəlmisən. Su motorunu rəngli görüb meyl salmısan. Sonra da necəsə suya yıxılmısan. Dilimə almaq, yazmaq belə ürəyimi bıçaqla kəsir sanki.
 Bir neçə il öncə anam əlində bir süfrə gətirdi.Çox uzun müddət bağlı qaldığı üçün toz basmışdı üstünü. Anidən onu qaldıranda şəkillərin səpələndi. Bir də papağın düşdü yerə. Üzünə belə baxa bilmədim. Anam tez toplayıb otaqdan çıxdı. Kaş ki, üzünə bir dəfə baxa bilsəydim, deyirəm. Kaş ki, anam səndən mənə uzun-uzun danışsaydı, deyirəm. Əvvəl onu qınayırdım. Amma indi qınaya bilmirəm. Onun qəlbində nə qədər xatirə gizlidir, kim bilir?
 Ən son babamı itirəndə məzarlığa getmişdim mən. Onun da yoxluğunu qəbul edə bilmirdim. Amma bu il gəldim məzarın üstünə. Toxundum torpağına. Solmuş gülləri yenilədim. Getmək istəmirdim yanından. Çünki illər sonra ilk dəfə cəsarət edib yanına gəlmişdim.
 İllər keçsə belə, hələ də qəbul edə bilmirəm. Sən mənim təkcə dörd yaşımın acı xatirəsi olmadın. Bütün uğurlarımı, əldə etdiyim hər şeyi sənin adına qazandım. Cismin yoxdur. Amma ruhun, adın, xatirələrin mənimlədir. Biz bir gün mütləq qovuşacağıq.
Qızların ilk sevgisi atası olur deyirlər. Mənim ilk sevgim sən oldun! Səni sevirəm, mənim balaca mələyim!

Mənbə: https://edebiyyat.az/