* * *

Bir işıq yanır
Uzaqdan görünən pəncərədə
Bir ümid közərir
Hələ sabaha inam var…
Səssiz şəhər
Gecə keçir
Qanadında min bir xəyal
Gözlərində suallar…
Hara gedirəm mən ?…
Fikirlərim qarışıbdır Istəyimə
Yol yoldaşım – tənhalığım…
Bir işıq yanır uzaqdan görünən pəncərədə
Bilmək olmaz kim isinir oduna
Həsrət tökür, hicran yağır bəlkə də
O pəncərə işığında
Bəlkə də fərəh ağlayır…
Bilmək olmaz kim sevinir, kim üzülür
Kim yas tutur
Kim toy edir…
Pəncərədən süzülən
bir işığın altında
Bəlkə də kimsə bədbəxt olur
Bəlkə də kimlərinsə taleyinə
Müjdə gəlir…
Indi yolda azmış kimiyəm
Bir işığa gümanım var
Qaranlığı yox eləyən…
Kim bilir ki..bəlkə
Zülmətimi yaran işıq
kədərimə yol açacaq
Bir işıq közərir uzaqdakı pəncərədə
Necə bilim o otaqda div yatmayıb?!
Hər işığın şöləsinə ümid tutub
Necə gedim
Axı bir caniyə
cəzanı verəndə də
işıqların yandıraraq qol çəkirlər…
pəncərədən gələn işıq
bir yolum var…
sənə baxıram
sənə doğru gəlirəm…
fərmanımı sən verəcəksən
ya atıb oda məhv edəcək
ya sevincimə yol verəssən…

* * *

Başlayır
Bitir…
Damlalar da, sözlər də…
ən pisi
hisslər də…
sözün bitdiyi yerdə duyğular oyansaydı,
danışsa idi
bəlkə də hər şey başqa cür olardı…

amma yaz ömrü, payız ömrü var imiş çox şeyin…
“hər şeyin” deməkdən qorxdum…

Dolu kimi yağır
Bəzən həsrət…bəzən vüsal…
Bəzən təəssüf…
Geriyə yol qalmayıb…gedən yay geri qayıtmır..
Yenisi gərək…
Yenisi daha gözəl ola bilər,
Bəlkə də…
Bəlkəyə ümid gərək…
Sabah yenə günəş doğacaq…