Bir gün bir ümid verdin mənə,
Bir sınıq qəlbin sevinci oldun.
Hər gün yollarına dikilən,
Bir cüt gözlərin sevinci oldun.
Sevincdən bax! doldu gözlərim,
Qəhər boğdu sınmış könlümü.
Hədər getməyibmiş illərim,
Məhəbbətə verdim könlümü.
Dilə gəldi xəyallarım da,
Çıraqlar yandı yollarımda.
Ayrılıq, həsrət sona yetdi,
Məhəbbət qalib gəldi sonda.
Arzular çatdı zirvəyə,
Dönüb bir dəli küləyə,
Qalxaraq sonsuz göylərə,
Sel kimi doldu ürəyə.
* * *
Arzular qəlbimdə bir cığır açmış,
Bu cığır sevgi, insanlıq yoludur.
Kimlər ki məhəbbətdən uzaq qaçmış,
Həyatı hədər günlərlə doludur.
Məhəbbət dediyim bənzər dəryaya,
Təkcə yarı sevmək məhəbbət deyil.
Allaha, yurda, ataya, anaya,
Qəlbən bağlılıq bəs məhəbbət deyil?!
Qonaqdır bu həyatda hər bir insan,
Düşün axirəti, əsl dünyanı.
O böyük Allah,o uca Yaradan,
İnsanlıq üçün yaratdı insanı.