SEVGİLİM OL!

İnsan ömrü gəldi-gedərdi,
Sən gəl, amma getmə ömrümdən.
Bilmirəm ömrüm nə qədərdi,
Ölüncən sevərəm ürəkdən.

Yaş axıb yanağımda durdu,
Bu axan yaşları silən yox.
Kədər içimdə yuva qurdu,
Nələr çəkdiyimi bilən yox.

Gəl, hər aınımızda bir olaq,
Yaşadığım ömrüm, günüm ol!
Gəl sevginin hər döngəsində olaq,
Tək sevdiyim, tək sevgilim ol!

YENƏ DƏ SƏN

Qələm ancaq səndən yazmaq istəyir,
Haqqında yazmağa qadirəmmi mən?!
Bütün səhvlərimi pozmaq istəyir,
Heç bağışlanmağa layiqəmmi mən?!

Cəsarətim çatmır çıxam qarşına,
Görəsən ki, necə peşman olmuşam.
Ürəyim dözməz kinli baxışına,
Öz xoşbəxtliyimə düşmən olmuşam.

İlahi, nə olar qaytar zamanı,
Etdiyim səhvləri silim yenidən.
Özün sağalt bu sağalmaz yaranı,
Bir yalvarmaq gəlir mənim əlimdən.