Şəfəq NASİR.””MOLLA NƏSRƏDDİN”İN İLK SAYININ DƏRC OLUNMASINDAN 20 İL ÖTÜR…”


ƏDİB HAQQINDA XATİRƏLƏRİM
1912-ci ilin payız fəsli idi. Havalar soyumuşdu. Atam bağımızdan biçib gətirdiyi axırıncı otu bir tərəfə töküb yuyunmaq üçün hazırlaşırdı ki, darvazamız döyüldü. Cəld qaçıb qapını açdım. Qapını döyən qoca bir kişi idi. O, atamı soruşdu. Atamın evdə olduğunu deyən kimi icazə istəmədən içəri girdi. Atam qonağı mehribanlıqla qarşıladı, otağa apardı. O, aşağıdakı sözlərlə atama müraciət etdi:
– Hacı, bir neçə ildir ki, Tiflisdə “Molla Nəsrəddin” adında məcmuə çıxmağa başlamışdır. Ancaq oxucusu azdır. Bu, məcmuənin bağlanmasına səbəb ola bilər. Biz ona hər cəhətdən kömək göstərməliyik. Gəlişimdən məqsədim sizi həmin məcmuəyə müştəri yazmaqdır.
– Xan, bilirsiniz ki, sizə nə qədər hörmətim var. Yolunuzda pul nədir ki, canımı belə əsirgəmərəm. Ancaq xahiş edirəm, məni o dinsiz məcmuəyə müştəri yazmayasan, – deyib cibindən bir qızıl onluq çıxartdı və qonağın qabağına qoydu. Qonaq bir söz demədən dəftərinə nə isə qeyd edərək gülə-gülə, atamla xudahafizləşib getdi.


Xan bizim evdən gedəndən bir həftə sonra poçta gəlib məktub və qəzetləri alanda mənə şəkilli bir jurnal da verdilər. Mən sevinə-sevinə jurnalı götürdüm. Nəzəri cəlb etməmək üçün alt cibimdə gizlətdim. Bilirdim ki, atam jurnalı görsə hirslənib məni döyəcək və onu cıracaqdır. O gündən sonra həmişə jurnalı poçtdan alıb evə gətirəndə gizli-gizli oxuyar, sonra evin xəlvət yerində gizlədərdim. Bir gün atam əhvalatdan xəbər tutdu və məni bərk danladı. Tapşırdı ki, bir də “şəkilli qəzeti” evə gətirməyim. Amma yenə jurnalı poçdan alıb gizlincə oxuyar, sonra evin güman gəlməyən yerində gizlədərdim.
Jurnalda Yerevandan dərc edilən yazılara xüsusi diqqət yetirib onları yazanları tanımaq istərdim. Yerevandan yazılmış məktubların altında imza yerində “Yetim cücə”, “Məhkəmə pişiyi” və s. sözlərini oxuyardım. Sonradan bu gizlin imzaların yeznəm Əli Məhzuna və onun yaxın dostu Cabbar Əsgərzadəyə məxsus olduğunu öyrəndim. Hətta özüm də jurnala məqalə yazmaq fikrinə düşdüm.
Bir gün atamdan eşitdim ki, qonşuluqda Mirqafar ağa deyilən bir nəfərin evində “Əlhəm qiraətxanası” açılmışdır. Bu qiraətxanaya dindar adamlar toplaşıb, namaz vaxtı işlənən “vələzzalin” kəlməsinin düzgün tələffüs olunmasını öyrənirdilər. Çünki axund buyurmuşdu ki, hansı Allah bəndəsi “vələzzalin” kəlməsini düzgün deyə bilməsə onun namazı Allah tərəfindən qəbul olunmayacaq. Atam da buraya gedərdi. Qiraətxana ilə mən də maraqlandım. Onu çox görmək istəyirdim. Bir gün anam atamı çağırmaq üçün məni həmin qiraətxanaya göndərdi. Bu təsadüfə çox sevindim. Atamın dalınca oraya getdim. Qiraətxana böyük bir otaqda yerləşirdi. Samovarın yanında qoca bir kişi oturub, stəkanlara çy süzürdü. Cavan bir oğlan da onları aprıb adamların qabağına qoyurdu. Hamı “vələzzalin”i öyrədən mollanın yolunu gözləyirdi. Bu mənzərə mənə çox qəribə gəldi. Özümə söz verdim ki, bu barədə “Molla Nəsrəddin” jurnalına bir məqalə yazım. Onu yazdım. Jurnala birinci dəfə yazdığıma görə səhv olmasından ehtiyat edib onu yeznəm Əli Məhzuna göstərdim. O dedi ki, sabah Tiflisə gedirəm, istəyirsən gəl səni də aparım. Çox sevindim. Tiflisə getmək üçün anamın vasitəsilə atamdan icazə aldım.
Ertəsi gün Tiflisdə olduq. Yeznəm birbaş məni “Molla Nəsrəddin” jurnalının əməkdaşlarından olan Əliqulu Nəcəfovun (Qəmküsarın) evinə apardı. Ertəsi gün “Molla Nərəddin” idarəsinə getdik. Yeznəm məni Mirzə Cəlilə təqdim edərkən, “bu da bala mollanəsrəddinçidir” – dedi. Mən fürsətdən istifadə edib qiraətxana barədə yazdığımı oradaca Mirzə Cəlil Məmmədquluzadəyə təqdim etdim. O, gülə-gülə məktubu alıb stolun üstünə qoydu.
Bir neçə gün Tiflisdə qalandan sonra Yerevana qayıtdıq. Yazımın çıxmasını səbirsizliklə gözləyirdim. Nəhayət, bir gün poçta gedib, “Molla Nəsrəddin” jurnalının növbəti nömrəsini aldım. Yazım çap edilmişdi. Bu, 1913-cü ilin axırları idi.
Yazım “Molla Nərəddin” jurnalında çıxan kimi qiraətxananın oxucuları bir yerə toplaşıb bunun dinə sataşmaqdan başqa bir şey olmadığını söyləmiş və müəllifin öldürülməsi barədə qərar çıxarmışdılar. Bu iş də həmin evin sahibi 18-20 yaşlı oğlana tapşırılmışdı.
Bir gün evdən çıxıb şəhərə gələndə cavan bir oğlan yolda hücum edib məni xəncərlə ağır surətdə yaraladı. Həkimlərin köməyi ilə ölümdən xilas edildim.
Bu hadisədən bir qədər keçəndən sonra Yerevanda həftədə bir dəfə çıxan “Leylək” adlı məzhəkə jurnalında aşağıdakı rübai yazılmışdı:
Nəsihət
Özünü topla, a leylək, yerində rahat otur,
Olmasın çox da işin seyid ilən, həm bəy ilən.
Görmüyürsən, a quzum, Nasiri xəncərlədilər,
Mərvdə Yusifi öldürmədi bir çəkməsilən?!
Bundan əlavə, Bakıda çıxan “İqbal” qəzeti də 1914-cü il 22 may tarixli 659-cu nömrəsində mənim “Molla Nəsrəddin” jurnalında çap etdirdiyim bir yazı üstə Yerevanda xəncərlə yaralandığımı yazmışdı. Moskvada çıxan “El” adlı tatar qəzeti də həmin xəbəri “İqbal”dan köçürüb, 1914-cü il 29-cu nömrəsində çap etmişdi.
İkinci dəfə hörmətli ədibimizlə görüşümüz 1925-ci ildə Borjomda oldu. O, stansiyada dayanıb gəlib-gedən