HARDASAN DÜNYANIN HALAL ADAMI
Hardasan dünyanın halal Adamı,
Hardasan, varmısan?–Səsimə səs ver.
Məndən o tərəfə sən tükənirsən,
Səndən bu tərəfə mənə nəfəs ver.
Məndən o tərəfə, səndən bu yana,
Nə kökdədi dünya, xəbərin varmı?
Tapşırıb yellərə, büküb al-qana,
Bir ürək yollasam sənə çatarmı?
Bilərmisən hankı məmləkətdənəm,
Hansı millətdənəm bilərmisən sən?
Bu aciz halıma ucalığından,
Baxıb acı-acı gülərmisən sən?
Vurnuxub qalmışam dünya içində,
Mənə bir yol salğa özünə doğru.
Qurtulum bəşərin adiliyindən,
Sürünüm mübarək izinə doğru.
Hardasan dünyanın halal Adamı?–
Sən haqsan, sən varsan!–Səsimə səs ver.
Qapında ən sadiq nökərin ollam,
Mənə bu Şahlığı, nolar, tələs ver.
DƏVƏSI ÖLMÜŞ ƏRƏBIN DƏRDI
Qalx, ərəb, qalx yeriyək
Külək qalxacaq, külək.
Səhra qum çadrasını
Başımıza örtəcək.
Nəriman Həsənzadə
Nə ərəb tərpənir, nə külək kəsir,
Sovurur səhranı belədən-belə.
“Yenə bir həsirdi – bir məmmədnəsir””“,
Bir də gözlərindən sellənən sudu –
Yoğurur səhranı belədən-belə.
Yerdən od püskürür, göydən qan yağır,
Təbrizli, Bakılı “”ərəb”“in üstə.
Min ildi yağanlar buracan yağır,
Yağır Ərdəbilə, yağır Dərbəndə.
Müsəlman gavurdan nicat gözləyir,
Döşənib ağrıyan tərəfi üstə.
Gah yadı qənimdi, gah da qardaşı,
“”Ərəb“ ağlamasın – “ərəb”“ neyləsin?
Şuşa qalasından, Qoşqar dağından
Muğan düzlərinə atılıb daşı,
Qara günə qalıb Qarabağları,
Qara bağlamasın “ərəb”“ neyləsin?!
Gah Moskovdan gəlir, gah Nyu-Yorkdan,
“Qaxılıb yerində otur!“ – fərmanı.
Bu millət görür də, bilmək istəmir:
Onu yurd-yuvaya qaytaran deyil,
Urusun “ Qırmızı papaq“ nağılı,
İngilisin “Ötür-ötür“ fərmanı.
Nazbalınc qoyulub başının altda,
Layla çalanların çoxalıb sayı.
“Qrant“ əmizdirib bihuşdarıynan,
Sırımaq istəyir Azərbaycana,
Avropa yeni bir “Gülüstan”“ payı.
Səksən bayrağı var səkkiz milyonun,
Qalıb umuduna səksən namərdin.
Təkcə dəvə dərdi olsa nə vardı,
Səkkiz milyon ruhu xəstə dərdidi,
Mən dəvəsi ölmüş ərəbin dərdi,
Sən dəvəsi ölmüş ərəbin dərdi!