ZÖVLƏ BAYATILARINDAN
Zövlənin şahı mənəm,
Şöhrəti,şanı mənəm.
Qürbətdə qərib-qərib
Əriyən şamı mənəm.
Zəmanə məni
Yordu zəmanə məni.
Can evimdə kimsə yox,
Salsın səhmanə məni.
Gül,gülün ətri gəlir,
Gül güldən ötrü gülür.
Zövlədə gül əkmişəm,
Ufaya ətri gəlir…
KƏBİN -KƏNDİRİMİZ GÖYDƏ KƏSİLDİ
Dünya eşqimizə qadağa qoydu,
Toyumuz yerdə yox, göydə çalındı.
Həzin «Vağzalı»nın qanadı altda,
Bizim ürəyimiz göydə calandı.
Kəbin-kəndirimiz göydə kəsildi,
Nurani Ay baba ulu şahidi.
Bakirə eşqimiz mələk qanadı,
Təzə libasımız buluddan idi.
Halay bulağında ulduz yağışı,
Yağdı başımıza, yağdı o gecə.
Mənim ürəyimdə səssiz-səmirsiz,
Sən adda bir ulduz doğdu o gecə.
Dumana bürünüb Əsli və Kərəm,
Fərhadla yanaşı Şirin də gəldi.
Məcnun Leylasının tutub əlindən,
Məclisin ən şirin yerində gəldi.
«Yallı»ya qoşuldu göyün üzündə,
Şabaş yağışına dönən ahımız.
O vaxtdan hər gecə mələklər kimi,
Qol-boyun uçurlar göydə ruhumuz.
Bizim kəbinimiz göydə kəsildi,
Elə toyumuz da göydə çalındı.