378318_508394119221817_1971439614_n

Tural Adışirin 1990-cı il fevral ayının 26-da Şəki şəhərində anadan olub.1996-2007-ci illərdə Şəki şəhər 9 saylı orta məktəbdə təhsil alıb.2007-2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Elmi və bədii yaradıcılıqla məşğuldu. Dövri mətbuatda publisistik yazılarıyla müntəzəm çıxış edir. Şeirləri “Region Şəki”, “Şəki təhsili”, “Oğuz yurdu”, “Ədalət”, “Söz odası” mətbuat orqanlarında müntəzəm çap edilir.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı. Həmçinin şeirləri Türkiyədə çap olunmuş “Türk dünyası şairləri antologiyası”na da salınmışdır. “20-21-ci əsr Şəki ədəbi-mədəni mühiti”(Səbuhi ədəbi məclisi) elmi işi üzərində tədqiqat aparır.2013-cü ildə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü seçilmişdir.Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.

Sən kimsən?

Sən kimsən?-bu sual yerinə düşdü,
Özünü ələ al tələsmə bir an.
Bu sənin özünlə qəfil görüşdü,
Sən kimsən? Özünlə üz-üzə dayan.

Gör, kimin eşqiylə döyünür ürək,
Gör, kimin odunda bu qəlb isinər”
Sən öz kimliyini biləsən qərək,
Kimsə kimliyini soruşa bilər.

Ovçumda çığırlar ömür yolusa,
Əllərim bilir ki,sabah mən kiməm.
Əgər sonralardan xəbərim olsa,
Mən öz kimliyimə bilki hakiməm.

Sən kimsən?-bu fikrin tərkinə mindim,
Sən kimsən?-bu fikiri çəkdim ortaya.
Torpaqdan boyumca dərinə endim,
Baxdım uzaqlara,baxdım sonraya.

Mən elə Fərhadam-qayalar yaran,
Ya da,haqq yolunda güllə hədəfi,
Mən öz kimliyimi unudammaram,
Mən elə hər yerdə düzün tərəfi.

Sən ana südündən halallıq istə,
Özünə məhrəm bil,mənim ərkimi.
Heykəl oğullar var bu torpaq üstə,
“Kimsən” sualına bir cavab kimi.

Sevinc, kədər…

Tale dənizində qaldırıb yelkən,
Ömür uzaqlara üzüb gedəndir.
Dünya başdan-başa bir nəğmə ikən,
Bu kədər hardandır, bu qəm nədəndir?

Yəqin xoşbəxtliyin yolu daş-kəsək,
Yəqin bədbəxtliyin yolu düz-hamar.
Əgər qarış-qarış dünyanı gəzsək,
Görərik sevincdən artıq kədər var.

Qara saçlara da vaxtsız salar dən,
Sevinc bir üzlüdü, kədər min yönlü.
Qəm elə hissdir ki, özün bilmədən,
Ağlada-ağlada ovudar könlü.

Sevinc qəm içində kiçik bir ada,
Kədər təlatümlü,dalğalı ümman.
Bir cür sevinsə də hər kəs dünyada,
Başqa cür qəmlənir, qəmlənən zaman.

Sevinclər hardasa uyuyar, yatar,
Hiss edər nə vaxtsa qəmi qovacaq.
Günəş də belədir, axşamlar batar,
Bilər ki, səhərlər bir də doğacaq.