1414719_590102104384351_1613491124_n

Əliyev Ruslan 1993-cü ildə Bərdə rayonunun Xanərəb kəndində doğulmuşdur.Orta məktəbi ele həmən kənddə 2010-cu ildə bitirmişdir.Uşaq vaxtlarından poeziyaya marağı olsa da, sərbəst yazmağa on səkkiz yaşından başlamışdır. Dəfələrlə müxtəlif qəzetlərdə, saytlarda şeirləri dərc olunmuşdur.2011-ci ildə Heydər Əliyev adına Zirvədən-Zirvəyə ŞÖHRƏT diplomu ilə təltif olunmuşdur.2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü, “Gənc Ədiblər Məktəbi”nin üzvüdür.

GÖZÜMƏ

Yola tikmirəm gözümü,
Yol özün tikir gözümə.
Kimi görmək istəmirəm,
Gözlərin dikir gözümə…

Bu ağrıdan ayır məni,
Ki, yola salmayır məni.
İlan da çalmayır məni,
Zəhərin tökür gözümə…

Çiynim ağır yük götürüb,
Kömək də yox, tək götürüb.
Bəxtim ağ lələk götürüb,
Qarasın çəkir gözümə…

Gecə şam da yanır gedir,
Ölürsə, qazanır, gedir.
Işıqlar uzanır, gedir,
Qaranlıq çökür gözümə…

YER ÜZÜNDƏN

Bir dəli şeytan deyir,
Çıx get bu yer üzündən.
Ölüb getməyə nə var,
Sağ get bu yer üzündən…

Hərə bir yönə üzür
Bu gün toy, sabah hüzür.
Üzü ağ gəldin, üzü
Ağ get bu yer üzündən…

Dalda qalmasın gözün,
Hər şeyi gördün özün…
Yola səpdiyin gözü
Yığ get bu yer üzündən….

SOL QOLUM NƏ VAXTI SÖZÜMƏ BAXMIR…

Bəxtin ağ atında gəzə bilmədim,
Qara bəxt gəzdirdim ağ qolum üstə.
Dağların qolları saxlamır məni,
Bəs necə dayanıb dağ qolum üstə…

O bağlı gözləri tükdənmi qorxur?
Yoxuşdanmı qaçır, dikdənmi qorxur?
Dünya bir çiyinlik yükdənmi qorxur?
Dünyanın yükünü yığ qolum üstə!

Zülmətin əllərin çıraqdan salın,
Bu dəfə yolunu uzaqdan salın.
Yorğunam, yerimi torpaqdan salın,
Məni yatizdırın sağ qolum üstə…

Kisələ

Ağzı bulaşıq adamın
Ağzın aç,dilin kisələ.
Ayaqqabısız ayağın,
Əlcəksiz əlin kisələ.

Bu adama yatmaz əlin,
Baxma gözün,tutmaz əlin.
İçəriyə çatmaz əlin,
Kisələ, çölün kisələ.

Çəkin yüngül, yükün ağır,
Əlin qabar, çiynin yağır.
Haçan gördün yağış yağır
Dünyanın belin kisələ…